Ana səhifə / Cəmiyyət / “Sabir Rüstəmxanlıdan əsirlərə işgəncə barədə belə fikirlər gözləməzdim…”

“Sabir Rüstəmxanlıdan əsirlərə işgəncə barədə belə fikirlər gözləməzdim…”

“Biz diqqətimizi əlimizdə olan 5-6 erməni əsirinə işgəncə verilməsinə deyil, işğalçıları üzbəüz döyüş meydanında məğlub edərək torpaqlarımızdan qovub çıxarmağa yönəltməliyik…”

“Əsirlərə işgəncə – Allahın sonuncu Kitabı Qurani-Kərimdə də, eləcə də qədim Türk törəsində də, müasir Türk ordusunda da qınanılan, yol verilməyən bir əməldir…”

Bu günlərdə Moderator.az-a açıqlamasında  Azərbaycan və Ermənistan tərəflərinin götürdükləri əsirlərə münasibətini müqayisə edən xalq şairi, deputat Sabir Rüstəmxanlı ermənilərin nə müharibə, nə də beynəlxalq qanunlara məhəl qoymasını vurğulayaraq bizim də düşmənlərimiz kimi əsirlərlə qeyri-insani davranmağımızı təklif edib.

Əyanilik üçün Xalq şairinin həmin açıqlamasını nəzərinizə çatdırırıq:

 “Əslində müharibənin qayda-qanunları var və beynəlxalq təşkilatlar erməni tərəfdən əsir alınmasını gözləmədən də təsir göstərə bilərdi və Dilqəmlə Şahbazı girovluqdan azad edə bilərdilər. Təəssüf ki, erməni tərəfi nə müharibə, nə də beynəlxalq qanunlara məhəl qoyur. Ona görə də onlar əsirlərə qarşı hansı vəhşilikləri, qanunsuzluqları edirlərsə, biz də onların yoluyla getməliyik. Hansı ki, düşmənin ordumuz tərəfindən əsir götürülənləri hərbi mütəxəssislərdir və onlardan daha ciddi şəkildə istifadə etmək olar”.  

Sabir Rüstəmxanlının sözügedən açıqlamasına münasibət bildirən Daxili İşlər Nazirliyinin Şəxsi Heyətlə İş İdarəsinin rəisi, istefada olan polis polkovniki Mehman Mehmanov Moderator.az əməkdaşı ilə söhbətində bunları söyləyib:

“Doğrusu, hələ sovet dövründən əsərlərinə, qələminə, vətənpərvərliyinə, azadlıq, istiqlal, türkçülük təbliğatına görə böyük hörmət bəslədiyim Sabir Rüstəmxanlıdan  bu həssas məsələyə belə münasibət gözləməzdim… 

Müharibə və ya döyüş zamanı əsir götürülmüş  şəxslərə əziyyət, işgəncə verilməsi tarixən, bineyi-qədimdən bəşəriyyət tərəfindən lənətlənən, çağdaş dünyamızda da  beynəlxalq qanun və konvessiyalarla qadağan olunan və ən başlıcası, Allahın sonuncu Kitabı Qurani-Kərimdə də, eləcə də qədim Türk törəsində də, müasir Türk ordusunda da qınanılan, yol verilməyən bir əməldir. Bu, qətiyyən türk, müsəlman xarakterinə uyğun olmayan, yalnız qatı millətçi, neofaşist ermənilər kimi toplumlara xas bir davranışdır.  Peyğəmbərimiz Məhəmməd əleyhissəlam da, ondan sonra gələn 4 müsəlman xəlifəsi də apardıqları  döyüşlər zamanı ələ keçirilən münafiq, yəhudi və xristian, hətta tam allahsız, bütpərəst, kafir əsirlərə də işgəncə verilməsini qadağan ediblər. Türk xalqlarının, o cümlədən Azərbaycanın tarixini izləsək, savaşlarda tutulan əsirlərə qarşı daim insani rəftar olunub. Hətta Teymurləng belə, əsirlərə işgəncə verməyib… 

Yəni ermənilər əgər bizim əsirlərə tarixən – XX əsrin əvvəllərindən bəri, o cümlədən 1988-1994-cü illərdəki döyüş əməliyyatları zamanı, eləcə də atəşkəs dövründə olmazın zülm, işgəncə ediblərsə, onları lənətləməli və həmin faktları bütün dünya ictimaiyyətinə çatdırmağa çalışmalıyıq.  Ən əsası,  biz diqqətimizi bir xalq, dövlət olaraq əlimizdə olan 5-6 erməni əsirinə işgəncə verilməsinə deyil, var gücümüzü toplayıb səfərbər olaraq işğalçı erməni hərbi birləşmələrini üzbəüz döyüş meydanında məğlub edərək tezliklə torpaqlarımızdan qovub çıxarmağa yönəltməliyik. Və əksinə, düşmənin əsirləri ilə həm müsəlmanlıq, türklük, insanlıq nöqteyi-nəzərindən, həm də beynəlxalq konvensiyalar, müharibə qanunlarına uyğun olaraq insani rəftar etməliyik ki, bütün dünya bizim qaniçən ermənilərdən fərqləndiyimizi görsün… 

Son onilliklərdə Azərbaycanda saxlanılmış erməni əsirlərin, demək olar ki, hamısı saxlanıldıqları şəraitdən, onlarla rəftardan razılıq ediblər və beynəlxalq təşkilatlar, aparıcı dövlətlər  də bunu yaxşı bilir. Düzdür, erməni əsirlər buraya kef görməyə gəlməyiblər, onlar əsirdirlər və çoxları, təbii ki, Azərbaycana qarşı düşmənçilik, təcavüzkarlıq ideologiyasıyla zəhərlənib və ordumuza, dinc vətəndaşlarımıza qarşı döyüşlərdə də iştirak ediblər. Odur ki, onlara  həddindən artıq qayğı göstərmək də doğru deyil… Amma ümumilikdə biz öz insanlıq, müsəlmanlıq, türklük simamızı itirməməli və düşmənlərimizə  igidliyimiz, cəsurluğumuz, döyüşkənliyimizlə yanaşı, həm də insanlığımız, nəcibliyimiz, mərdliyimizlə qalib gəlməliyik…”.

Həmçinin oxuyun

Vüsalə Mənsimova Mübariz və Mais Mənsimovları məhkəməyə verdi

Məşhur azərbaycanlı iş adamı, “Palmali” şirkətlər qrupunun sahibi Mübariz Mənsimov və qardaşı Mais Mənsimov barəsində …