Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Cəmiyyət / Sabiq deputatla jurnalist arasındakı dava Ali Məhkəməyə çatdı

Sabiq deputatla jurnalist arasındakı dava Ali Məhkəməyə çatdı

Vəkil: “Nazim Bəydəmirlidən təzminat tələb olunacaq”
Sabiq deputat Nazim Bəydəmirlinin  tanınmış jurnalist Taleh Şahsuvarlıya qarşı qaldırdığı iddia ərizəsi ilə bağlı məsələyə Ali Məhkəmənin Mülki Kollegiyasında baxılacaq.
Bu barədə BakiPost.az-a qələm sahibinin vəkili Zaman Səmədov məlumat verib. 
Zaman Səmədov bildirib ki, Nazim Bəydəmirli Taleh Şahsuvarlı haqqında Səbail rayon Məhkəməsinə təqdim etdiyi iddia ərizəsini vətəndaşlıq vəziyyəti olmadan və şəxsiyyət vəsiqəsi qüvvədən düşmüş halda imzalayıb və bununla Mülki Prosessual Məcəllənin tələblərini pozub: “O, 14 may 2016-cı ildə 4 saylı ASAN Xidmət vasitəsi ilə soyadını rəsmən dəyişib. Soyadının dəyişməsi haqqında ona rəsmi şəkildə şəhadətnamə verilib. Lakin bundan iki ay sonra o, özünü “Məmmədov Nazim Hüseyn oğlu” kimi təqdim edərək məhkəmədə iddia qaldırıb. “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Qanununun IV maddəsinə görə, soyadını dəyişmiş vətəndaş bir ay müddətində öz şəxsiyyət vəsiqəsini dəyişdirməlidir. Əks halda, eyni qanunun VII maddəsinə görə, sahibinin soyadı dəyişmiş şəxsiyyət vəsiqəsi qüvvədən düşmüş hesab edilir. Bundan savayı, Azərbaycan Prezidentinin 23 oktyabr 2013-cü il tarixli fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Əsasnamənin 2.22-ci bəndində nəzərdə tutulur ki, soyad dəyişdikdə vətəndaş şəxsiyyət vəsiqəsinin dəyişdirilməsi üçün bir ay müddətində vəsiqə verən orqana müraciət etməlidir. Əsasnamənin 5.2-ci bəndində isə çox aydın şəkildə göstərilir ki, 2.22-ci bənd üzrə nəzərdə tutulmuş hallarda və müddətdə vətəndaş şəxsiyyət vəsiqəsini dəyişmədikdə, şəxsiyyət vəsiqəsi qüvvədən düşmüş hesab edilir və qüvvədən düşmüş şəxsiyyət vəsiqəsi istifadədən çıxarılmalıdır”. 
Vəkil xatırladıb ki, iddia ərizəsi icraata götürülərkən məhkəməyə məlum olmayan bu faktı Taleh Şahsuvarlı yazılı vəsatət təqdim edərək Səbail rayon Məhkəməsinin hakimi Anar Tanrıverdiyevin diqqətinə çatdırıb. Lakin hakim “Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi Qaydaları”nın təsdiq edilməsi barədə Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 79 saylı qərarının 20-23-cü maddələrinə niyəsə yanlış şəkildə istinad, həmin bəndlərin tələblərini isə səhv təfsir edib: “Bu maddələrin səhv təfsir edilməsini anlamaq üçün ümumiyyətlə hüquqşünas olmağa ehtiyac yoxdur. Təqvimdən başı çıxan, elementar toplama-çıxma əməliyyatlarını bilən şəxslər də asanlıqla müəyyən edə bilər ki,  “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Qanun və həmin qanunun tətbiqi barədə Əsasnamə ilə Nazirlər Kabinetinin 79 saylı qərarı ilə təsdiq edilmiş qaydalar haqqında heç bir ziddiyyət yoxdur. Belə ki, “Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi Qaydaları”na görə, vətəndaşın soyadını dəyişmiş orqan 3 iş günü ərzində bu barədə Vətəndaşlıq Vəziyyəti Aktlarının Reyestri Xidmətinə məlumat verir. Həmin orqan isə bu bildirişi aldıqdan 15 gün müddətində soyadını dəyişmiş şəxs barədə məlumatları yeniləyir. Hər kəsə yaxşı məlumdur ki, hal-hazırda  bu cür bildirişlər elektron qaydada göndərilir. Hətta əvvəlki zamanlarda olduğu kimi poçtla göndərilsəydi belə, bu, yalnız üç-dörd gün əlavə vaxt aparacaqdı. Deməli, may ayının 14-də soyadını dəyişmiş şəxsin əvvəlki soyadı ilə vətəndaşlıq vəziyyəti aktı iyun ayının ilk həftəsindən sonra Reyestri Xidmətində ola bilməzdi”.
Vəkil əlavə edib ki, iddiaçı öz şəxsiyyət vəsiqəsini vaxtında dəyişməyib: “Nazirlər Kabinetinin təsdiq etdiyi qaydalara görə, soyadı dəyişmiş orqan bu barədə vətəndaşa şəhadətnamə verdikdən sonra 7 gün ərzində Daxili İşlər Nazirliyinə müvafiq bildiriş verir. 15 gün müddətində isə həmin bildiriş əsasında nazirlik tərəfindən bazadakı məlumatlar dəyişdirilir və bu əlaqədar qurum vətəndaşa yeni şəxsiyyət vəsiqəsi verməyə tam hazır olur. Odur ki, Nazim Bəydəmirlinin yeni şəxsiyyət vəsiqəsi almaq üçün vaxtında müraciət etməməsinin heç bir hüquqi əsası olmayıb, yoxdur. Onun soyadını rəsmən dəyişdikdən hətta 3 ay sonra isə şəxsiyyət vəsiqəsini dəyişmək müraciət etməməsi ilə bağlı əlimizdə Daxili İşlər Nazirliyindən alınmış rəsmi sənəd var”.
O qeyd edib ki, Taleh Şahsuvarlının vəsatəti ilə bağlı Bakı Apellyasiya Məhkəməsinə verilmiş şikayətin təmin olunmaması etirazın məzmunu, yəni yuxarıda sadalanan məsələlərlə yox, Səbail rayon Məhkəməsi hakiminin tətbiq etdiyi prosedurla bağlı olub: “Ancaq biz hesab edirik ki, şikayətin Apellyasiya instansiyasında bu şəkildə təmin olunmaması da Mülki Prosessual Məcəlləyə ziddir. Odur ki, kassasiya şikayəti yazdıq və Ali Məhkəməyə müraciət etdik. Çünki Nazim Bəydəmirli prosedur tələbləri bariz şəkildə pozaraq məhkəməyə müraciət edib. Bu iddia ərizəsi anonimdir, saxtadır. Məhkəmə belə bir müraciətə baxa bilməz. Vəsatətin təmin olunmaması məhkəmənin sonrakı gedişinə, hərəkətlərinə, nəticələrə birbaşa təsir göstərir, bütün prosesi absurdlaşdırır. Odur ki, Apellyasiya instansiyası işin hallarını, vəsatətin məzmununu mütləq araşdırmalı idi. Əgər araşdırsa, işin geri qaytarılması haqqında qərar qəbul etmək üçün çox sayda hüquqi əsas olduğu üzə çıxacaqdı. İndi bütün məcəlləni izah etməyin məqamı deyil. Sadəcə onu yada salım ki, Mülki Prosessual Məcəllənin 2.2-ci bəndində deyilir: “Mülki məhkəmə icraatı qanunçuluğun və ictimai qaydanın bərqərar edilməsinə, vətəndaşların qanunlara dönmədən hörmət ruhunda tərbiyə edilməsinə rəvac verir”. Vaxtında şəxsiyyət vəsiqəsini dəyişməyən, bununla inzibati xəta törədən və artıq ona aid olmayan bir soyadla məhkəməyə müraciət edən bir şəxsin iddia ərizəsinə baxmağa davam etmək həm qanunlara, həm də qanunların fəlsəfəsinə ziddir”.  
 
“Bəs, kassasiya şikayətinə Ali Məhkəmənin Mülki Kollegiyasında nə zaman baxılacaq” sualına isə vəkil belə cavab verib: “Mülki Prosessual Məcəllədə nəzərdə tutulan qaydada şikayət Bakı Apellyasiya Məhkəməsindən Ali Məhkəməyə göndəriləcək və ora daxil olduqdan sonra iki ay müddətində baxılacaq. Hazırda Nazim Bəydəmirliyə qarşı iddia ərizəsi hazırlayırıq. Ali Məhkəməyə göndərdiyimiz şikayətə necə baxılmasından asılı olmayaraq, Taleh Şahsuvarlıya qarşı kobud təhqirlərə yol verdiyi, peşə borcunu yüksək səviyyədə yerinə yetirən, ölkənin ən yaxşı siyasi analitiklərindən olan bir jurnalisti qeyri-etik ifadələrlə şantaj etdiyi üçün ondan təzminat tələb edəcəyik. Hüquqlarını müdafiə etdiyim şəxs tərəfindən həmin vəsaitin tam yarısı ölkədə və xaricdə təhsil alan və maddi dəstəyə ehtiyacı olan tələbələrə, bir qismi vətəndaşların hüquqi müdafiəsi üçün qeyri-hökumət təşkilatlarına bağışlanacaq. Qalan qismi isə Azərbaycanda vergidən yayınma halları ilə bağlı jurnalist araşdırmalarının maliyyələşməsinə sərf ediləcək”. 
Xatırladaq ki, ötən ilin yayında Taleh Şahsuvarlınının Baş redaktor olduğu Tezis.az saytında Nazim Bəydəmirlinin “Azadlıq” radiosunun sabiq aparıcısı Xədicə İsmayılla birgə yeni siyasi təşkilat yarada biləcəyi ehtimallarını özündə əks etdirən məqalə yayınlanmışdı. Həmin məqalədə Xədicə İsmayılın Cəmil Həsənlinin sədri olduğu Milli Şuraya və Əli Kərimlinin rəhbərlik etdiyi AXCP-yə alternativ kimi yeni siyasi hərəkat yaratmaq ideyasından danışılırdı. Nazim Bəydəmirli bu məqaləni əsas götürərək “Şərəfin, ləyaqətin və işgüzar nüfuzun müdafiəsi, mənəvi zərərin ödənməsi” tələbi ilə Səbail Rayon Məhkəməsinə müraciət edib.

Həmçinin oxuyun

Bakı meriyasında müşavirə keçirilib, bu şəxsə şiddətli töhmət verilib

Bakı Şəhər İcra Hakimiyyətində martın 26-da Binəqədi rayonunda qadının liftin qapıları arasında qalaraq ölməsi faktı …

Bir cavab yazın