Cümə axşamı , Aprel 18 2024
Ana səhifə / Cəmiyyət / Sabiq bələdiyyə sədrinin oğlu doğma uşağının anasını təhdid edir, böhtan atır

Sabiq bələdiyyə sədrinin oğlu doğma uşağının anasını təhdid edir, böhtan atır

Hüquq müdafiəçiləri təzyiqə məruz qalan ailəni sonacan müdafiə edəcəklərini bildirirlər

“Həyat yoldaşım ikinci övladımız şikəst doğulandan sonra meşşan həyat tərzi yaşamağa başladı. Tez-tez məni döyürdü, təhqir edirdi, az qalırdı qeyri-rəsmi münasibətdə olduğu əxlaqsız qadınları evimizə gətirsin”.
Modern.az saytının məlumatına görə, bunu Dilarə Əliyeva adına Qadın Hüquqlarını Müdafiə Cəmiyyətinin ofisində keçirilən mətbuat konfransında Sevda Seyfullayeva bildirib. Onun sözlərinə görə, 25 avqust 2009-cu il təvəllüdlü qızı Aysu anadangəlmə şikəstdir: o nə danışır, nə yeriyə bilir, nə görür, nə də eşidir. Həyat yoldaşı Faiq Seyfullayev isə bunun günahını nədənsə anada axtarmaq qərarına gəlib və qadına əziyyət verməyə başlayıb. S.Seyfullayeva başına gələn müsibətlərdən qurtulmaq üçün iki il əvvəl Hüquq Müdafiə Təşkilatları Monitorinq Qrupuna müraciət edib.

7 hüquq müdafiəçisinin – Novella Cəfəroğlu, Səidə Qocamanlı, Səadət Bənəniyarlı, Zəlihə Tahirova, Çingiz Qənizadə, Əliməmməd Nuriyev və Eldar Zeynalov – iştirak etdiyi mətbuat konfransında məsələni daha geniş şəkildə diqqətə çatdıran Monitorinq Qrupunun üzvü Novella Cəfəroğlu bildirib ki, S.Seyfullayeva onlara müraciət etdikdən sonra qrupun üzvləri onun problemilə yaxından tanış olaraq, qadına hüquqi yardım ediblər. Məlum olub ki, xəstə övladına baxmaqdan imtina edən və belə uşaq dünyaya gətirdiyi üçün S.Seyfullayevanı boşamaq qərarına gələn F.Seyfullayev birgə nikah zamanı əldə edilmiş Bakı şəhəri Yasamal rayonu Şəfayət Mehdiyev küçəsi 142 ünvanındakı qeyri-yaşayış sahəsini guya qızının müalicəsi adı ilə sataraq pulu mənimsəyib: “Ev əslində baha satılıb, amma sənədlərdə 100 min manat göstərilib. Ev satıldıqdan bir ay sonra F.Seyfullayev boşanmaq üçün məhkəməyə müraciət edib.  Boşanma zamanı məhkəmə hər uşağa görə 100 manat aliment kəsib. F.Seyfullayev keçmiş xanımını və övladlarını  Bakı şəhəri Yasamal rayonu Zərdabi prospekti ev 86, mənzil 83 ünvanındakı evdən çıxarmağa və yenidən evlənməyə qərar verib. Hazırda o, evlənib”.

Bundan sonra prosesin davamını özü danışan mətbuat konfransının iştirakçısı S.Seyfullayeva bildirib ki, belə olduqda keçmiş həyat yoldaşına qarşı birgə nikah dövründə əldə edilmiş əmlakın bölünməsi və cehiz əşyalarının qaytarılması iddiası ilə məhkəməyə müraciət edib.

Birinci dəfə 29.12.2012-ci ildə Yasamal rayon Məhkəməsində S.Seyfullayevanın cehizlərinin qaytarılmasına, Yasamal rayonu, Ş.Mehdiyev 142 ünvanındakı qeyri-yaşayış sahəsinin satışından əldə edilmiş 100 min manatın 50 min manatının alınaraq qadına verilməsinə, eyni zamanda S.Seyfullayevanın Yasamal rayonu Zərdabi prospekti 86 ünvanındakı 83 saylı mənzilin ½ hissəsinə pay hüququnun tanınmasına qərar verilib: “Onu da qeyd edim ki, mənzil birgə nikah dövründə “Lotos” MTK-dan alınsa da, F.Seyfullayev şəxsi əlaqələri hesabına guya həmin mənzilin rəsmi nikahımızdan (22.04.2005-ci il) 26 gün əvvəl alındığı haqda MTK-dan arayış alıb. Arayışda evin 22 min 800 dollara alındığı əksini tapıb”.

Maraqlıdır ki, məhkəmə “Lotos” MTK-dan F.Seyfullayevin evin dəyərinin hansı tarixdə ödənmiş olması ilə bağlı maliyyə sənədləri tələb etsə də, MTK sənədləri təqdim etməyib və guya arxivi su basdığı üçün sənədlərin məhv olduğunu bildirib: “Keçmiş həyat yoldaşım “Lotos” MTK-nın saxta arayışı ilə evi nikahımızdan 26 gün əvvəl aldığını bildirsə də, evin təmirinə birgə yaşayışımız dövründə 100 min manat xərcləndiyini deyib. Bununla da o, mənim AR Ailə Məcəlləsinin 35-ci maddəsinə (Ər-arvadın hər birinin əmlakının onların birgə mülkiyyəti sayılması) əsasən hüququmun tanınmasına kömək etmiş oldu”.

Qeyd edilən maddədə göstərilir ki, nikahda olduqları dövrdə ər-arvadın ümumi əmlakı, yaxud da ər-arvadın hansınınsa əməyi hesabına ər-arvadın hər birinin əmlakının dəyərini xeyli artıran vəsaitin qoyulması (əsaslı təmir, yenidən quraşdırma, avadanlığı dəyişdirmə və s.) müəyyən edilsə, həmin əmlak birgə mülkiyyət sayıla bilər: “İkinci dəfə 20 noyabr 2014-cü ildə Yasamal rayon Məhkəməsi tərəfindən həmin maddəni rəhbər tutaraq çıxarılan qətnamədə (hakim F.Babayev) keçmiş həyat yoldaşım Faiq Seyfullayevin iddiaları rədd edilib, həmin mənzilin bizim birgə mülkiyyətimiz hesab edilməsi, iki övladımla evin ½ hissəsinə mülkiyyət hüququm tanınıb.

Məhkəmə araşdırması zamanı keçirilmiş ekspertizanın 29.09.2014-cü il tarixli rəyi ilə ümumi sahəsi 116 kvadratmetr olan mübahisəli sahəyə çəkilən təmir xərci 34 min 348 manat olub. “Lotos” MTK-dan verilən arayışa əsasən, 22 min 800 dollara alınmış həmin 3 otaqlı təmirsiz mənzilin təmirinə sonradan 34 346 manat xərclənib. Bu vəsait birgə nikah dövründə qoyulub. Bundan başqa, iş materiallarından da görünür ki, “MBA” LTD şirkətinin vermiş olduğu MB 07/674 saylı 12.05.2014-cü il tarixli arayışda həmin mənzilin hazırkı qiyməti 155-165 min manat məbləğində müəyyən edilib.

Sözügedən qətnamədən razı qalmayan qarşı tərəf-F.Seyfullayev xanımına və onun hüquqlarını müdafiə edən şəxslərə hədə-qorxu gəlir, hüquq müdafiəçilərinə müxtəlif yollarla təzyiqlər etməyə çalışır. O, hətta işə baxan hakimlərə belə qeyri-qanuni yollarla təzyiq etməkdən çəkinmir. S.Seyfullayevanın sözlərinə görə, keçmiş həyat yoldaşı tez-tez evə gələrək onları təhdid edir: “Məhkəməni uduzacağı təqdirdə evi yandıracağı, bizi öldürəcəyi ilə hədələyir. Son günlər isə o, Ali Məhkəməyə tapşırıldığını, qərarın nə bahasına olur-olsun dəyişdiriləcəyini deyir. Onun maddi imkanları həddən artıq genişdir, bir neçə yerdə mağazası, evi, maşınları var”.

Qeyd edək ki, məhkəmədən əvvəl İnsan Hüquqları Məsələləri üzrə Birgə İşçi Qrupuna daxil olan bir qrup hüquq müdafəçisinin – Novella Cəfəroğlu, Səadət Bənəniyarlı, Səidə Qocamanlı, Sahib Məmmədov, Eldar Zeynalov, Əliməmməd Nuriyev, Zəlihə Tahirova, Arzu Abdullayeva və Mirvari Qəhrəmanlı – Məhkəmə Hüquq Şurasının sədri Fikrət Məmmədova və Bakı Apelyasiya Məhkəməsinin sədri İman Nağıyevə ünvanladığı müraciətdə də o da qeyd edilir ki, Ailə Məcəlləsinin 35-ci maddəsinin tətbiqi ilə bağlı artıq Azərbaycan məhkəmə praktikasında presedent hüququ mövcuddur və buna əsaslanaraq prosesdə S.Seyfullayevanın hüquqlarının təmin olunması istiqamətində qərarın çıxarılması mümkündür. Bakı Apelyasiya Məhkəməsində belə bir presedentin mövcudluğunu və qanunu rəhbər tutaraq S.Seyfullayevanın haqlı tərəf olduğu nəzərə alınaraq onun xeyrinə qərar çıxarılıb. Hazırda iş Ali Məhkəmədədir. S.Seyfullayeva bu günə qədər işə baxan hakimlərin ədalətli mövqeyinə görə onlara dərin minnətdarlığını da bildirib.

Faiq Seyfullayev Apellyasiya Məhkəməsini uduzduqdan sonra Yasamal Rayon Məhkəməsinin rəhbərliyindən, bu günə qədər işə baxan bütün hakimlərdən, o cümlədən Sevda Seyfullayevaya köməklik göstərən hüquq müdafiəçilərindən müxtəlif instansiyalara böhtan xarakterli şikayətlər ünvanlayır.

Qeyd edək ki, F.Seyfullayevin atası sabiq bələdiyyə sədridir. O, əvvəllər məhkum olunub. Gəlinini, gəlininin qardaşı arvadını dəfələrlə oğlu və həyat yoldaşı ilə birgə fiziki təzyiqə məruz qoyub. Bütün bunları mətbuat konfransında nəql edən S.Seyfullayeva onu da bildirib ki, öhdəsində xəstə uşaq olmasaydı bu qədər təhqirlərə və əziyyətlərə məruz qalaraq mücadilə etməzdi: “Amma Aysu kor, kar, lal və yeriyə bilməyən uşaqdır, onunla heç kimin evinə sığına bilmərəm. Başqa yerdə də qalmağa imkanım yoxdur. Əlacsızlıqdan onlarla çəkişmələrdəyəm”.

Sonda hüquq müdafiəçiləri bildiriblər ki, Faiq Seyfullayev bu cür çirkin, böhtan xarakterli əməllərini davam etdirsə, onlar Baş Prokurorluğa rəsmi müraciət edəcəklər. Onlar həmçinin qeyd etdilər ki, bu köməksiz ailəyə hüquqlarının təmin olunması üçün sona qədər hüquqi yardım göstərəcəklər.

Həmçinin oxuyun

Çovdarovların “Vosmoy bazarı”na dair iddiası təmin olunmadı

Ali Məhkəmədə ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) sabiq generalı Akif Çovdarovun cinayət işi üzrə …

Bir cavab yazın