Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Cəmiyyət / Saakyan qondarma “DQR”i tanıtmaq üçün İŞİD məsələsindən yararlanmaq istəyir

Saakyan qondarma “DQR”i tanıtmaq üçün İŞİD məsələsindən yararlanmaq istəyir

Arzu Nağıyev: “Dünya birliyi ərazi bütövlüyümüzü tanıdığı üçün Rusiyanın Saakyanın cəfəng bəyanatına ciddi yanaşması inandırıcı deyil”

“Bako Saakyanın özü terrorist kimi məhkəməyə cəlb olunmalı halda, belə çıxışları ilə Rusiyaya loyallıq göstərməyə çalışır”
Dağlıq Qarabağ separatçılarının başçısı Bako Saakyan Rusiyaya Suriyanı Qarabağdan bombalamağı təklif edib. Bu barədə Saakyan Moskvada keçirdiyi mətbuat konfransında bildirib. Separatçıların başçısı Xankəndi aeroportunun Rusiya hərbi-kosmik qüvvələrinin Suriyada terrorçuluğa qarşı əməliyyatında istifadə edilə biləcəyini qeyd edib:
“Qarabağ beynəlxalq terrorizmlə mübarizədə iştirak etməyə hazırdır”.

Bako Saakyan “Xankəndi aeroportu istismara verildikdən sonra Dağlıq Qarabağ Rusiya ilə bu infrastrukturdan istifadə barədə əməkdaşlığı müzakirə etməyə hazırdır”, – deyə o qeyd edib. Separatçıların lideri bildirib ki, aeroport yüksək texnologiyalı aviasiyanın sorğularının təmin olunması üçün lazım olan müasir texnika ilə təchiz ediləcək. Separatçıların lideri həmçinin yalançı və qeyri-səmimi insan təsiri formalaşdırıb. Bir müddət əvvəl o, Rusiya Federasiyasının 1-ci dərəcəli “Böyük Pyotr” ordeni ilə təltif olunduğunu qeyd etsə də, bu orden Rusiya dövlətinin rəsmi təltiflərinin sırasında yoxdur. 1-ci dərəcəli “Böyük Pyotr” adlı ordeni 2008-ci ildə qanunsuz olaraq dövlət təltiflərinin bənzəri olan orden və medallar hazırladığına görə ləğv olunmuş ictimai təşkilat – Təhlükəsizlik, Müdafiə və Hüquq-Mühafizə Akademiyası təsis edib. B.Saakyan rəsmi saytında özünü bu akademiyanın həqiqi üzvü kimi təqdim edir. Azərbaycan Respublikasının işğal olunmuş ərazilərində yaradılmış qondarma rejimin başçısı kimi özünü təqdim edən Bako Saakyan adlı şəxsin belə sərsəm bəyanatları həm də əslində Ermənistan prezidenti Serj Sarkisyana qarşı atılmış addımdır. Çünki Sarkisyan hakimiyyəti rus qoşunlarının Qarabağ ərazisində yerləşməsinin əleyhinədir. Buna səbəb isə, erməni mətbuatının yazdığına görə, Qarabağa girəcək rus qoşununun torpaqları Azərbaycana verəcəyi barədə iddialardır.
Təpədən dırnağa kimi terrorist olan Saakyanın terrorla mübarizəyə yardın göstərmək istəməsi doğrudan da gülünc görünür və çox güman ki, onda psixoloji problemlərin baş qaldırmasına bir işarədir.
Təhlükəsizlik məsələləri üzrə ekspert Arzu Nağıyev də açıqlamasında bildirdi ki, bu tamamilə qanunazidd və absurd bəyanatdır:

“Münasibətim təbii ki, mənfidir. Bako Saakyan qondarma bir qurumun rəhbəri qismində heç bir beynəlxalq normalara istinad etmədən belə məsuliyyətsiz bəyanatlar verir. Bako Saakyanın özü terrorist kimi məhkəməyə cəlb olunmalı halda, belə çıxışları ilə Rusiyaya loyallıq göstərməyə çalışır. Təbii ki, bir vaxtlar Xankəndi hava limanı haqda da bəyanatlar verilirdi. Lakin bu, Azərbaycanın hava məkanı olduğu üçün və Azərbaycan Müdafiə Nazirliyinin xəbərdarlıqlarından sonra söhbət dayandırıldı. İndi də belə bəyanatlar verməkdə məqsəd ancaq yarınmaq və özünü sığortalamaqdan başqa bir şey deyil. Məlumdur ki, Rusiya bu addımı heç vaxt atmaz, baxmayaraq ki, hava məkanının Ermənistanla birgə qorunması ilə bağlı müqavilə imzalanıb, dünya birliyi ərazi bütövlüyümüzü tanıdığı üçün Rusiyanın Saakyanın cəfəng bəyanatına ciddi yanaşması inandırıcı deyil”.
Məhəmmədəli QƏRİBLİ

Həmçinin oxuyun

Əmrullayevin gülməli QƏBUL ŞOUSU – Rəsmi qəbullar, yoxsa gözə kül üfürmək…

“Ötən aydan deyirdilər ki, nazir bu tərəflərə gələcək, vətəndaşları qəbul edəcək. Mən də fürsəti əldən …

Bir cavab yazın