Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Cəmiyyət / Şəhidlərin toxunulmazlığı məsələsi qanunvericiliyə daşına bilər

Şəhidlərin toxunulmazlığı məsələsi qanunvericiliyə daşına bilər

44 günlük vətən müharibəsinin simvolun çevrilən, xalqımız üçün xatirəsi  doğma övlad, qardaş qədər əziz olan, “Vətən yaxşıdır” mahnısı ilə adını qəlblərə yazdıran Xudayar Yusifzadə ilə bağlı baş verənlər cəmiyyəti qəzəbləndirib, vətəndaşlar şəhidlik məqamı ilə bağlı xoşagəlməz hallara qarşı qanuni şəkildə cavab verilməsini tələb edir.

Belə ki, Fuad Rəsulzadə adlı şəxsin sosial şəbəkədə Xudayar Yusifzadə ilə bağlı ironik paylaşımı şəhidin ailə üzvlərinin də hiddətlənməsinə səbəb olub, nəticədə bu hərəkətə yol verən şəxs döyülüb. Döyülmə videosunun sosial şəbəkələrdə yayılmasının ardından Daxili İşlər Nazirliyi hərəkətə keçib. Şəhidin qohumları baş verənlərlə bağlı saxlanılıb. Şəhidimiz Xudayar Yusifzadənin anası Fuad Rəsulzadənin döyülməsi tapşırığını özünün verdiyini bildirib, şəhidin qardaşı dayısı və xalası oğlu hazırda istintaqa cəlb edilib. Onlara qarşı Cinayət Məcəlləsinin 221-ci (xuliqanlıq) maddəsi ilə Binəqədi Rayon Polis İdarəsində cinayət işi açılıb.

Bu hadisə cəmiyyəti iki yerə bölüb, böyük əksəriyyət şəhidin toxunulmazlığını öndə tutaraq, döyülmə hadisəsinə haqq qazandırıb. Bu cür insanların cəzası qalmasının qəbahət olduğunu və əslində bu cəzanın qanunda nəzərdə tutulmalı olduğunu bildiriblər. İkinci qisim isə daha çox özünüifadə azadlığını əsas tutaraq döyülənin hüquqlarının müdafiəsinə qalxıblar.

Cəmiyyətin hazırki tələbi şəhidlərimizin toxunulmazlığını təmin edən, onları bir dövlət atributu, milli dəyər kimi qoruyan qanun layihəsinin olması, Cinayət Məcəlləsinə bu haqda məsuliyyət müəyyən edən maddələrin əlavə edilməsidir.

Tovuzda çox sayda muzdlu döyüşçü məhv edilib... ” – Rey Kərimoğlu - Sozcu.az

Rey Kərimoğlu 

Bu haqda “Yeni Müsavat”a danışan Qarabağ qazisi Rey Kərimoğlu da vurğuladı ki, bu dövlət təhlükəsizliyi  məsələsidir və planlı olması istisna deyil: “Biz bunu illərdir deyirik, sadəcə olaraq bu işlə məşğul olan adamlar çox səhlənkardırlar. Şəhid və qazi Türkiyədə dövlət atributu sayılır. Bizim məmləkətdə də elədir, biz hesab edirik ki, bayraq və gerb nədirsə, şəhid də odur. Əgər dövlət bayrağını təhqir edən ən sərt cəzaya layiq olduğu kimi, şəhidə, qaziyə dil uzadanlar, onlar lağ obyektinə çevirənlər də qanunla cəzalandırılmalıdır. Parlamentdə 4-5 ildir bu məsələnin müzakirəsi gedir. Biz uzun illər bu işi nizamlamışıq, şəhid ailəsinə, qazilərə qarşı xoşagəlməz davrananları başa salmışıq, gedib üzr istəyiblər. Ancaq bizim də, qazilərin də səbrinin bir hüdudu var. Bir gün də kimisə vurub öldürə bilərlər. Onda bu sosial şəbəkədə hüquq müdafiəçisinə çevrilənlər, məsələyə laqeyd yanaşan siyasətçilər başa düşəcək ki, bu nə deməkdir. İnsan balasını vətən uğrunda qurban verib. Demirdinizmi bütün şəhidlər bizim balamızdır. Sizin balanızı təhqir edirlər, niyə susursunuz? Cəmiyyət bu cəzanı kəsənə qədər, dövlət məsələni həll etməlidir. Bu məsələyə laqeyd yanaşıldı. O gənc tapılıb DTX-ya çağrılmalı idi, bu birbaşa dövlətin təhlükəsizlik məsələsidir. Bəlkə də həmin gənc bilmədən edib. Ancaq ölkəmizdə bu fakt da var ki, bəzi gənclər müəyyən ünsürlərin, erməniyə qardaş deyən, onlara düşmən kimi yanaşmayan loyal şəxslərin təsiri altındadırlar. Bu çox böyük təhlükə yarada bilər. O uşağı vurub öldürsəydilər, necə olacaqdı?

Mən döyülmə hadisəsini pisləmirəm, düz ediblər. Şəhid anasını da haqlı sayıram, şəhidin anası həmişə haqlıdır. Bu məsələdə günahkar dövlətin bu məsələni həll etməli olan məmurlarıdır, Milli Məclis, DİN, Baş Prokurorluq buna ciddi yanaşmalıdır. Hər məsələdə dövlət başçısının tapşırığını gözləmək olmaz. Xudayar 44 günlük vətən müharibəsinin simvoludur. Onu lağ obyektinə çevirmək nə deməkdir, kim deyə bilər ki, bu planlı deyil? Bəlkə də həmin gənci yönəldirlər. DTX bu işlə məşğul olmalıdır”.

Milli Məclisin deputatı Vahid Əhmədov da vurğuladı ki, müvafiq qanunlara şəhidlərin toxunulmazlığı ilə bağlı əlavələr edilməlidir: “Şəhidlərimizlə bağlı məsələlərdə qanuna müəyyən dəyişikliklər edilməsi mümkündür. Son hadisələr göstərdi ki, bəzi insanlar hələ də şəhidlik zirvəsinin nə demək olduğunu başa düşmək istəmirlər. Onlar toxunulmazdır, onlar haqqında yalnız xoş sözlər demək olar. Xudayar Yusifzadəyə qarşı edilən hərəkət yolverilməzdir, heç bir şəhidə qarşı bu cür davranışa yol verilməməlidir. Qanun layihələrinə baxmaq lazımdır ki, görək hansı qanuna əlavə etmək mümkündür. Şəhidlər də bayraq kimi, himn kimi toxunulmaz olmalıdır”.

Məlahət İbrahimqızı: O, həm tarix yazır, həm də tarixin qəhrəmanıdır -

Məlahət İbrahimqızı

Deputat Məlahət İbrahimqızı isə qanunvericilikdə müvafiq əlavələri mümkün saysa da, cəmiyyətdə bütövlükdə şəhidlərə və qazilərə qarşı hörmətin yüksək səviyyədə olduğunu, baş verənlərin isə nadir hadisə olduğunu bildirib: “Azərbaycan xalqının müqəddəs dəyərləri içində şəhid və qazilərimiz də yer alır, ana necə müqəddəsdirsə, şəhid də o cür müqəddəsdir. Bizim uzun əsrlik tariximizdə, mədəniyyətimizdə, dinimizdə şəhidlik müqəddəsdir. Qurani-Kərimdə şəhidə Allah-Təala yüksək qiymət verirsə, bu haqda başqa nə demək olar. Anaya hörmət qanunla tənzimlənmədiyi kimi, bu məsələdə də qanun ikinci dərəcəlidir. Xalqımızın mədəniyyətində elə yazılmamış qanunlar var ki, parlament qanunlarından daha gözəl işləyir. Lakin bu da faktdır ki, müəyyən insanlar, bəzən məmurlar şəhidlərimizin ailələrinə, analarına qarşı laqeyd davanışlara, kobud hərəkətlərə yol verirlər. Bu heç cür qəbul olunmamalıdır, bu böyük qüsurdur. Şəhidin xanımına, anasına, övladına qarşı kobud davranın insan əxlaqi cəhətdən əlildir. Ancaq ilk növbədə təhlil etmək lazımdır ki, bu faktlar nə qədər çoxdur ki, qanunla tənzimlənməlidir. Bəzən hansısa məsələ ilə bağlı qanun qəbul olunur, işləmə mexanizmi də qurulur, lakin qanun işləmir. Aliment məsələsi ilə bağlı bunu demək olar. Şəhidə qarşı hörmətsizliklə bağlı hüquq-mühafizə orqanlarına şikayət edilsə, onsuz da həmin şəxs məsuliyyətə cəlb olunacaq. Şəhidlik məqamına, onların ailəsinə qarşı hörmətsizlik bütövlükdə Azərbaycan xalqına qarşı hörmətsizlikdir. Qanunvericiliyə bu istiqamətdə əlavə və dəyişikliklərə ehtiyac var. Qətiyyən bu hallara yol verməməliyik. Belə hərəkətlərin cəzası elə sərt olmalıdır ki, bu haqda düşünmək heç kimin ağlına gəlməsin. Necə ki, Türkiyədə Atatürkün toxunulmazlığı o cür qanunla qorunur. Xudayar artıq bizim xalq qəhrəmanımızdır, azərbaycanlı olan şəxs ona qarşı belə hərəkət edə bilməz”.

Həmçinin oxuyun

“Deyirlər ki, təzə rəhbərlik xətrinə dəyib” – VİDEO

Vəfat edən ölkənin sabiq baş pediatrı, tibb elmləri doktoru, professor Nəsib Quliyevin iş yoldaşı hadisə …