Ana səhifə / Cəmiyyət / Şəhid anası: “Bəlkə də bu, mənim son arzumdur…” – Video

Şəhid anası: “Bəlkə də bu, mənim son arzumdur…” – Video

İbrahimov Elmar Nəriman oğlu hələ Vətən müharibəsi başlamazdan öncə dostlarına Mübariz İbrahimov, Polad Həşimov kimi qəhrəman olacağı haqda söz verir, hətta bu haqda kiçik videoçarx da hazırlayır. Doğulub boya-başa çatdığı Mingəçevirdə hər kəsin ondan danışacağını deyir.
Söhbət Ümmü ananın yeganə övladı şəhid Elmar İbrahimovdan gedir.
O, 1998-ci ilin 2 sentyabr tarixində Mingəçevirdə dünyaya göz açıb. Elmar atasını vaxtsız itirdiyindən anası Ümmü İbrahimova onu çətinliklə böyüdüb.
Elmar hərbi xidməti başa vurduqdan sonra həvəslə öyrəndiyi bərbərliklə məşğul olub. Tovuz döyüşlərindən sonra anasından xəbərsiz könüllü olaraq cəbhəyə yollanmaq üçün komissarlığa müraciət edib.

E.İbrahimov Tərtər rayonunun Talış, Suqovuşan kəndləri uğrunda gedən ağır döyüşlərdə iştirak edib. Döyüş yoldaşları ilə birgə düşmənin xeyli canlı qüvvəsini, texnikasını sıradan çıxarıb.
Sonuncu dəfə anası ilə danışanda isə ona özündən muğayat olmağı tapşırıb.
“Düzdür, mən balamı itirmişəm, ürəyim yanır. Amma bilirəm ki, Vətən üçün itirmişəm. Nə qədər ki, Azərbaycanın igid oğulları var, düşmən bizi heç vaxt məğlub edə bilməz və bu oğullarımız bizə qələbəni yaşatdı”, – Ü.İbrahimova deyib.

Suqovuşan istiqamətində şəhidlik zirvəsinə ucalan Elmar İbrahimov 2020-ci il 16 oktyabr tarixində Mingəçevir şəhərinin Şəhidlər xiyabanında torpağa tapşırılıb. Qəhrəman döyüşçümüz ölümündən sonra “Cəsur döyüşçü” və “Vətən uğrunda” medalları ilə təltif edilib.

Şəhidin yaşadığı evin qarşısında xatirə bulağı inşa etdirən Ümmü ana demək olar ki, təsəllini buradakı şəhid şəkillərindən alır.
Ü.İbrahimovanın bir arzusu var, o da igid övladına orden verilməsidir:
“Yaşlı, xəstə anayam. Bəlkə də bu, mənim son arzumdur. Səhhətimlə bacara bilmirəm. İstəyirəm ki, mən sağ ikən oğluma orden verilməsini görüm. Oğlumun bir xeyir işini görmək nə mənə, nə də oğluma qismət oldu. İstəyirəm bu arzu ürəyimdə getməsin, bir də mənim oğlumun əziz xatirəsi yaddaşlardan silinməsin. Axı onu məndən sonra yad edəcək doğması yoxdur”.

Həmçinin oxuyun

Təcrübəsiz adamlar necə direktor olur? – “Dostluq, qohumluq əlaqələri…”

Son vaxtlar məktəb və kollec direktorlarının fəaliyyətində nöqsan aşkarlanması və bu səbəbdən həmin vəzifəli şəxslərin …