Rusiyanın Türkiyədəki keçmiş səfiri Andrey Karlov Fətullah Gülən hərəkatının tərəfdarlarının əmri ilə öldürülüb. Bu barədə Ankara Prokurorluğunun iddianaməsində deyilir. Prokurorluğun iddiasına əsasən, qətli törədən Mövlud Mərt Altıntaşın təşkilatın 5 üzvü ilə əlaqəsi olub. Bundan başqa, qatilin Kiprdə otellərin birində fətullahçılarla görüşdüyü və təlimatlar aldığı iddia edilir.
Qeyd edək ki, Rusiyanın səfiri ötən ilin dekabrında Ankarada qətlə yetirilib. Ankara Böyük Şəhər Bələdiyyəsinin sədri belə bir ehtimal irəli sürüb ki, bir müddət öncə rus təyyarəsini vuran kimlərdirsə, bu hadisənin arxasında duran da onlardır: “Sui-qəsdin məqsədi Rusiya-Türkiyə əlaqələrini pozmaqdır. Rus və türk səlahiyyətliləri bu hadisənin arxasında gizlənənləri ortaya çıxaracaq. Bu hadisə FETÖ-nün cənub-şərq bölgəsində Rusiya təyyarəsini vurması ilə eynidir. Bundan sonra da bu cür sui-qəsdlər davam edəcək. Amma bundan da bir nəticə ala bilməyəcəklər. Cənab səfirin qanı yerdə qalmayacaq”.
Rusiya səfirini öldürmək FETÖ təşkilatının nəyinə lazım ola bilərdi və bu ehtimalları nə dərəcədə əsaslı saya bilərik?
Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyev qəzetimizə açıqlamasında bildirdi ki, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü olmadan hansı cinayətdə kimin nə dərəcədə əlinin olmasını iddia etmək doğru olmazdı: “Hələlik bu barədə prokurorluqdan mediaya sızan məlumatlar əsasında danışılır. Xatırladım ki, rus səfirinin ölümündə yalnız bir versiya nəzərdən keçirilmir. Ortada 5 versiya mövcuddur, onlardan yalnız biri FETÖ ilə əlaqəlidir. FETÖ versiyasını nisbətən ağlabatan edən bir sıra dəlillər irəli sürmək olar. Həmin təşkilatın lideri hazırda ABŞ-da oturur və oradan himayə edilir. Təbii ki, Rusiya-Türkiyə münasibətlərinin daha da yaxınlaşmasını istəməyənlərdən ən başlıcası ABŞ-dır. Bundan əlavə, həmin hadisə Türkiyədə uğursuzluğa uğrayan dövlət çevrilişindən qısa müddət sonraya təsadüf etdi. Həmin hadisələrin təşkilində FETÖ-nün adı hallandığı səbəbindən, bunu revanş kimi də nəzərdən keçirmək olar. İstənilən halda, bunların hamısı versiyadır. Ən yaxşısı budur ki, məhkəmənin sonunu gözləyək”.
Məhəmmədəli QƏRİBLİ