Çərşənbə axşamı , Aprel 23 2024
Ana səhifə / Cəmiyyət / Rusiyada xəbərçilik pullu oldu, bəs bizdə? – ŞƏRH

Rusiyada xəbərçilik pullu oldu, bəs bizdə? – ŞƏRH

Rusiya Daxili İşlər Nazirliyi(DİN) cinayətlərin üstünün tez bir zamanda açılması üçün yeni qayda müəyyən edib. Rusiya mətbuatı bu xəbəri “qoca nənələr də razı qalacaqlar” yarımbaşlıqları ilə dərc etməklə qaydanın cəmiyyətdə birmənalı qarşılanmadığına ironik vurğu ediblər.

Yeni qaydaya görə hər hansı bir cinayətlə bağlı hüquq-mühafizə orqanına müraciət edən şəxsə pul veriləcək. Bunun üçün məlumat verən şəxs Rusiya DİN-in 02 və ya 112 zəng mərkəzinə müraciət edib qeydiyyatdan keçməli və cinayət haqda məlumat verməlidir.

Digər formada çatdırılan məlumatlar anonim məlumat kimi qeydə alınacaq və belə məlumatlara görə pul ödənməyəcək. Cinayəti törətmiş şəxs saxlanılandan sonra onun saxlanılması barəsində məlumat və cinayətin üstünün açılmasına görə ödənilmiş məbləğ Rusiya DİN-in saytında yer almalıdır. Hər bir açılmış cinayətə görə konkret məbləğ ödənilməsi nəzərdə tutulur. Ödənc 50 min(1250 manat) rubldan 10 milyon(252 min manat) rubla qədər müəyyən olunub.  İqtisadi cinayətlərlə bağlı məlumat verənlər daha böyük məbləğlər ala biləcəklər.

Bu qaydanın əleyhdarları deyirlər ki, bu cür qaydalar cəmiyyətdə lüzumsuz xəbərçiliyin geniş yayılmasına səbəb olacaq. Rusiyanı ötən əsrin 30-cu illərindəki danosçuluğun bürüyəcəyini söyləyirlər.

Tərəfdarları isə bildirirlər ki, qaydanın müəyyən olunması cinayətlərin üstünün açılmasına, xüsusilə iqtisadi sahədə baş verən cinayətlərin faş olmasına geniş imkanlar yaradacaq.

Rusiyadan savayı belə qaydanın olub-olmamasını aydınlaşdırmaq üçün kiçik bir araşdırma apardıq. Məlum oldu ki, bir çox dövlətlərdə belə qaydalar illərdir ki, işləyir.

Məsələn, Finlandiyada hamı bu işlə məşğuldur. Xəbərçilik, danosçuluq anlayışı yoxdur. Qanunsuz hərəkət törədən qonşu, qohum barədə məlumat vətəndaşlıq borcu hesab olunur. Məlumat verən bunun üçün hər hansı mükafat da gözləmir. Finlandiyada ictimai nəzarət bu qaydada gerçəkləşdirilir və hamı özünü buna hazır bilir. Nəsə düzgün etməsən, kimsə sənin haqqında xəbər verər. Oğurluq, korrupsiya, zorakılıq faktları ictimailəşməsi düşüncəsi hakimdir deyə belə hallar haqda məlumat vermək adi sayılır. Cənubi Koreyada qanunsuz əməllər haqda məlumat vermək çox sərfəlidir. Xüsusi ilə bu məlumat korrupsiya və ya dövlət vəsaitinin təyinatına uyğun istifadə olunmaması halları ilə bağlıdırsa 2 milyon dollara qədər qazanc əldə edə bilərsən.  Almaniyada danosçuluq yalnız korrupsiya ilə mübarizə məsələsində bəyənilir və hər bir idarədə bunun üçün xüsusi səlahiyyətli şəxs var. İşçilər də bütün şübhəli məqamlar barədə həmin şəxsə məlumat verməyə həvəsləndirilir – yəni pul mükafatı alırlar.

Bəs Azərbaycanda belə bir qayda varmı? Cinayət haqda məlumat vermiş şəxs buna görə mükafat olaraq pul alırmı?

Mahmud Hacıyev ile ilgili görsel sonucu

Mahmud Hacıyev

Sabiq polis rəisi Mahmud Hacıyev deyir ki, Rusiyada belə bir qaydanın  müəyyən edilməsi cinayətlərin üstünün tez bir zamanda açılmasına geniş imkanlar yaradacaq: “Rusiya nəhəng ölkədir. Orada cinayətlərin açılması və baş verə biləcək cinayətlərin qarşısının alınması baxımından belə bir addımın atılması müsbət haldır. Rusiyada bağlı qalan, baş verə biləcək cinayətlərin sayı da  çoxdur. Bu qaydanı müəyyən etməklə həvəsləndirmə metodundan istifadə edirlər. Bu qaydanın müəyyən edilməsi ictimaiyyətin hüquq-mühafizə orqanlarına cinayətlərin üstünün açılmasında aktiv kömək etməsinə yol açacaq. Rusiyada cinayətin açılmasına xidmət edən informasiyaya görə pulun ödənilməsi mexanizminin şəffaflığını təmin etmək üçün müəyyən edilən üsul da təqdirəlayiqdir. Bu, müsbət praktikadır və xarici dövlətlərdə, xüsusən ABŞ-da, Kanadada illərdir istifadə olunur. Rusiyada əvvəllər polisə cinayət haqda məlumat verənlərə təşəkkürnamə, “DİN-ə dəstəyə görə” medalı verilirdi. Artıq belə mükafatlandırma üsulları işə yaramır. Ona görə də konkret pul məbləğləri müəyyən ediblər. Məlumat verdin, cinayətin üstü açıldı, get pulunu al. Azərbaycanda belə bir qaydanın tətbiqi mümkündür. Amma Azərbaycan Rusiya kimi nəhəngin yanında balaca bir ölkədir. Azərbaycanda cinayətlərin üstünün açılması faizi də yüksəkdir. Bu qaydanın tətbiqi güc strukturunun və ölkə rəhbərliyinin iradəsindən asılıdır. Söhbət elə də az olmayan pul mükafatlarından gedir”.

Mahmud Hacıyev deyir ki,  Azərbaycanda rezonans doğurmuş cinayətlərin açılmasında müstəsna məlumatlar vermiş şəxslərə pul mükafatlarının verilməsi praktikası var: “Azərbaycanda bir neçə dəfə olub ki, rəsmi qaydada elan ediblər ki, filan cinayətlərin açılmasına xidmət edən real informasiya vermiş şəxsin adı anonim saxlanılmaqla pul mükafatı ödəniləcək. Azərbaycanda az da olsa, belə hallar olub”. (Musavat.com)

Həmçinin oxuyun

Abel Məhərrəmov polkovnik-leytenantın torpağını zəbt edib?

Bakı Dövlət Universitetinin (BDU) keçmiş rektoru, Milli Məclisin üçüncü və dördüncü çağırış deputatı Abel Məhərrəmovun …