Çərşənbə axşamı , Aprel 16 2024
Ana səhifə / Cəmiyyət / Ramiz Yediyarovun Şəhidlər Xiyabanı “əməliyyatı” rayonda narazılıq doğurub

Ramiz Yediyarovun Şəhidlər Xiyabanı “əməliyyatı” rayonda narazılıq doğurub

Gədəbəydə Şəhidlər Xiyabanına köçürülən iki abidə narazılıq yaradıb…
Gədəbəyin icra başçısı Ramiz Yediyarov məhkəmədə sahibkar Oqtay Əliyevə uduzmaqla yenidən gündəmə gəlib. 3 il əvvəl hazırda tutduğu posta təyinat alan Ramiz Yediyarov bu müddətdə mətbuatın diqqətindən çox az kənarda qalıb. Səbəb də başçının neqativ fəaliyyətidir.

İşlədiyi dövr ərzində Yediyarovun bir dənə də olsun yaxşı işinə rast gəlmək mümkün deyil. Bu adamın indiyədək gördüyü iş yalnız rayonun əsas küçəsini yarıya qədər yüngülvari təmir etdirməsidir. Təəssüf ki, başçının bu işi də sahibkarlara, iş adamlarına problemlər yaratmaqla başa gəlib. Həmin küçədə fəaliyyət göstərən sahibkarlara zorla öz obyektlərini təmir etdirməsi başçı ilə sadə insanların münasibətlərini kəskinləşdirib.

Həmin küçədə yerləşən 2-3 inzibati binanı penoplast üzlüklə üzlətdirməsi və məlum hadisələrdən sonra üzlüklərin sökülməsi də başçının rayonda elə-belə də yerlə sürünən nüfuzuna zərbə vurub. Hazırda həmin binalar çox bərbad vəziyyətdədir. Bununla belə, icra başçısı törətdiyi çoxlu sayda qanunsuz əməlləri ilə yadda qalıb.

Əvvəla, onu qeyd edək ki, R.Yediyarov rayonda sahibkarlara divan tutmaqla onların əmlakını dağıtmaqla, obyektlərə giriş-çıxışı məhdudlaşdırmaqla, sahibkarlardan hər ay müxtəlif adlarla aylıq almaqla rayonda sahibkarlıq mühitini tamamilə məhv edib. Hazırda rayondan kənarda yaşayan heç bir iş adamı rayonda hansısa fəaliyyətlə məşğul olmaq üçün sərmayə qoymağa risk etmir.

R.Yediyarov Gədəbəyi azad sahibkarlıq fəaliyyəti üçün əlverişsiz duruma gətirib. Sahibkarlar qoyulan sərmayənin istənilən vaxt başçının tamahına qurban gedə biləcəyindən ehtiyat edib öz doğma torpaqlarında iş qurmaqdan çəkinirlər. Sahibkar Oqtay Əliyevin obyektinin sökülməsi ilə bağlı Ali Məhkəmənin qərarı Gədəbəydəki hazırkı biznes mühitinin durumun ağırlığının haradan qaynaqlanmasının əyani sübutudur. Bu qərar rəsmi şəkildə təsdiq etdi ki, R.Yediyarov sahibkarlığa nəinki mane olur, hətta onu məhv edir. Onun bu hərəkətləri, prezidentin məlum müşavirədə söylədiyi kimi, vətənə xəyanət etməkdir….

Rayon sakinlərindən aldığımız məlumata görə, başçının gördüyü çox az sayda olan yaxşı işlərdən biri də Şəhidlər Xiyabanının ərazisinin abadlaşdırılması olub. Lakin bu xoşniyyətli addım az sonra atılan addımın kölgəsində qalıb. Belə ki, bir qədər əvvəl rayon mərkəzində olan Böyük Vətən Müharibəsi iştirakçılarının xatirə abidəsi və “Ana heykəli” sökülüb və I Qarabağ müharibəsi zamanı həlak olmuş şəhid gədəbəylilərin dəfn edildiyi Şəhidlər Xiyabanının üst tərəfinə köçürülüb. Redaksiyamıza təqdim olunan fotolardan görünür ki, yeni köçürülən abidə şəhidlər xiyabanının daha hündür hissəsinə qoyulub və kənardan baxanlar üçün elə təəssürat yaranır ki, sanki bura yeni tikilmiş abidəyə məxsus ərazidir.

Sakinlər deyir ki, Böyük Vətən müharibəsi qurbanlarının xatirəsinin əbədiləşdirilməsinə qarşı deyillər. Amma Azərbaycan xalqı və dövləti üçün canından keçmiş şəhidlərin xatirəsindən əziz heç bir dəyər yoxdur. Respublikanın heç bir yerində Şəhidlər Xiyabanının ərazisinə hər hansı başqa abidənin yerləşdirilməsi halı yoxdur.

Sakinlər rayon ərazisində Böyük Vətən müharibəsi iştirakçılarının xatirə abidəsi və “Ana heykəli” üçün uyğun yerlər olduğu halda məhz həmin abidələrin xiyabanın ən hündür nöqtəsinə qoyulmasını şəhidlərə, şəhid ailələrinə hörmətsizlik kimi qəbul etdiklərini də gizlətmirlər. Deyirlər ki, həmin abidələr neçə illər idi ki, inşa olunduğu yerdə çox normal şəkildə qorunurdu. Sual edirlər ki, yerdəyişməyə ehtiyac var idisə, bunu bu cür mənfur qaydada etmək lazım idimi? Rayon ərazisində bu abidə üçün yer yox idimi?

Sakinlər abidələrin bu şəkildə tikilməsində başçının tamahının müstəsna rol oynadığını bildirirlər. Deyirlər ki, başçı hər qarış torpağı qənimət bilir, satışa çıxarıla bilən ərazi kimi baxır. Ona görə də abidələrə bu cür hörmətsiz münasibət göstərir.

Baş verənlərlə bağlı dövlət orqanlarına şikayətlər də nəticəsiz qalıb. Vətəndaşın qüruruna toxunan belə bır hərəkətə heç bir aidiyyəti dövlət qurumu reaksiya verməyib. “Sanki bu rayonda baş verən hadisələr Azərbaycan ərazisində yox, vergilər naziri Fazil Məmmədova məxsus feodal torpaqlarında baş verir. Görünür, həmin şəxslər hər hansı müdaxilənin F.Məmmədov tərəfdən qəzəblə qarşılanacağından və öz şəxsi bizneslərinin təhlükəyə düşəcəyindən ehtiyatlanırlar. Amma bu şəxslər unudurlar ki, hər biri dövlət başçısı qarşısında məsuliyyət daşıyırlar. Ümid edirik ki, bu yazıdan sonra respublikanın hüquq-mühafizə orqanlarının rəhbərləri, Mədəniyyət və Turizm Nazirliyi, digər qurumlar bu biabırçılığı aradan qaldıracaqlar. Vəzifəsindən asılı olmayaraq hər birimiz anlamalıyıq ki, sağ-salamat bu torpaqda yaşadığımıza görə şəhidlərimizə borcluyuq” – deyə sakinlərdən biri bildirib.

E.HÜSEYNOV

Həmçinin oxuyun

Azərbaycandan Həcc ziyarəti üçün kvota azaldıldı

Azərbaycandan Həcc ziyarəti üçün kvota azaldılıb.Bu barədə Qafqaz Müsəlmanları İdarəsinin Xarici Əlaqələr şöbəsinin müdiri və …

Bir cavab yazın