Cümə axşamı , Aprel 18 2024
Ana səhifə / Cəmiyyət / Ramazanda necə qidalanaq ki, koronavirusdan uzaq olaq?

Ramazanda necə qidalanaq ki, koronavirusdan uzaq olaq?

Mübarək Ramazan ayının başlanmasına artıq sayılı günlər qalıb. Bəs müqəddəs ayda oruc tutanların koronavirusa yoluxma riski nə dərəcədədir? Oruc tutarkən necə qidalanaq ki, həm koronavirusdan, həm də aclıq hissindən uzaq olaq?

Mövzu ilə bağlı “Herba Flora” tibb mərkəzinin baş həkimi Fizuli Hüseynov “Yeni Müsavat”a danışıb: “Məlum olduğu kimi Ramazan günlərində insanlar 15-16 saat ac qalmaq məcburiyyətində olacaqlar. Bəzi insanlar iddia edir ki, bu günlərdə oruc tutmaq düzgün deyil. Bunu da onunla əsaslandırırlar ki, oruc tutanda insanın immun sistemi zəifləyir və insanın koronavirusa yoluxma ehtimalı, eləcə də virusa yoluxduqdan sonra xəstəliyi ağır şəkildə keçirmək ehtimalı çoxalır. Əslində bəs necədir? Çox təəssüf, bəzi insanlar immun sisteminin yüksəlməsini çox yeməkdə görür. Düşünürlər ki, nə qədər çox yesələr və çox yatsalar, immunitetləri artacaq. Əslinə qalsa immunitet bu cür formalaşmır. Normal immunitetin yaranması üçün insan qaydasında qidalanmalı, müəyyən vaxtlarda ac qalmalıdır ki, toksinlər bədəndən təmizlənsin. İnsanın immun sistemi bu zaman yenilənir.

Fizuli Hüseynov - Fitoterapevt | Həyatınızı sağlam yaşayın - Fizuli Hüseynov

Fizuli Hüseynov 

İnsan ac qalanda orqanizmdə hansı proseslər baş verir? Toxumanı götürək, məlum olduğu kimi, onun içərisində hüceyrələr var. İnsan ac qalanda əvvəlcə xəstə və qoca hüceyrələr məhv olur. Ümumiyyətlə, zaman keçdikcə insanın orqanizmində olan xəstə hüceyrələr aradan qalxır və sağlam hüceyrələrin ikiyə bölünməsindən əmələ gələn daha sağlam hüceyrələr insan bədəninə hakimlik edir ki, bu da immunitetimizin əsasını qoyur. Ona görə də müəyyən vaxtlarda insanın oruc tutması onun orqanizminə və immunitetinə çox güclü təsir edir.

Bu səbəbdən insanlar heç də bu vaxtlarda oruc tutmaqdan çəkinməsinlər. Oruc tutmaqla bağlı hansısa problem yaşayan insanların hər zaman suallarını istər mətbuat, istərsə də sosial şəbəkələr vasitəsi ilə cavablandırmağa hazıram”.

Fizuli Hüseynov oruc tutarkən və iftar açarkən daha çox hansı qidalara üstünlük verilməsi ilə bağlı da öz tövsiyələrini bildirib: “Bu sualları daha çox oruc tutmağa yeni başlayanlar verir. Çünki bəzən qorxuya düşürlər ki, birdən 15-16 saat ac qala bilməsinlər, səhərlər nə yesinlər ki, gün ərzində dözümlü olsunlar və sairə. Tövsiyəm budur ki, bu günə qədər səhər yeməyində necə qidalanıblarsa, Ramazanda da o cür davam etsinlər. Yəni artıq yeməyə meyil göstərməsinlər. Ona görə ki, bu günlərdə oruc tutan insanlar əsasən daha çox aclıqdan deyil, susuzluqdan əziyyət çəkirlər. Beləliklə səhərlər normal qaydada qidalansınlar, sadəcə, daha çox maye qəbul etsinlər. Maye dedikdə 1 stəkandan çox olmayaraq çay, daha çox da su, az miqdarda alma şirəsi, limon şirəsi qəbul etdikdə, gün ərzində susamaq ehtimalı azalır.

Həmçinin meyvə və tərəvəzlərdən hazırlanmış salatları qəbul etmək faydalıdır. Axşam yeməyində də bu cür salatlara üstünlük versinlər. Çünki bu zaman orqanizmdə mineral balans tənzimlənir.

Ramazan günlərində ən çox əziyyət çəkilən xəstəliklərdən biri qəbizlikdir. Tərəvəz, zəngin sellioza yeməkləri qəbul edən insanlarda qəbizlik yaranmır. Zülallı qidalardan yumurtanı tövsiyə edirəm. Həmçinin xurma çox faydalıdır. Çünki xurmanın tərkibində zəngin karbohidratlar var. Şəkərdən, qənddən fərqli olaraq xurma tərkibindəki karbohidratı sürətli şəkildə qana vermədiyindən, susamaq ehtimalını azaldır və insanı uzun müddət tox saxlaya bilir. Buna görə də səhərlər xurma ilə çay içmək daha məsləhətlidir, nəinki konfet və yaxud şokoladla”.

Həmçinin oxuyun

Hüseynbala Mirələmov: “Hadi Rəcəbli 70 illik dostum idi”

Xəbər verdiyimiz kimi, bu gün Milli Məclisin sabiq deputatı Hadi Rəcəbli 76 yaşında dünyasını dəyişib. …