Ana səhifə / Cəmiyyət / Ramazan xofu və prezidentin pandemiya xəbərdarlığı Tərcümə Mərkəzinə çatmayıb…

Ramazan xofu və prezidentin pandemiya xəbərdarlığı Tərcümə Mərkəzinə çatmayıb…

Nahaq yerə deyilməyib ki, hər şərdə bir xeyir var. Koronavirus adlı bəla bəşəriyyətə özü ilə gətirdiyi stres, qorxu və çeşidli məhrumiyyətlərlə bərabər həm də insan oğlunun mənəvi dünyasının və identifikasiyasının bir daha test edilməsinə rəvac verdi. Bu tarixi sınaqda dövlətlər də, millətlər də, dövlət və hökumət rəhbərləri də nəyə qadir olduqlarını ortaya qoydular. Bəlli oldu ki, heç kim bəlkə də qiyamətin ayaq səsləri hesab ediləsi bu mübhəm hadisəyə hazır deyilmiş… 
Azərbaycana gəldikdə isə, dövlət rəhbərliyinin baş verənlərə operativ reaksiyası gözlənilən faciənin miqyasını xeyli azaltdı. Xüsusi karantin rejiminin cansıxıcı məhdudiyyətlərinə hökumətin antikorrupsiya tədbirləri və DTX-nin iriçaplı məmurlara qarşı apardığı əməliyyatlar ayrıca rəng qatdı. Bəlli oldu ki, bu gün qandallananlar aylar öncə “gözü çıxmış qardaşlar”ının miskin aqibətlərindən nəticə çıxarmayıblar. Əksinə, pandemiya günlərində hökumətin imkansız ailələr üçün nəzərdə tutulan yardımlarına belə, göz dikəcək qədər şərəfsizlik sərgiləməkdən çəkinməyiblər. Özü də on bir ayın sultanı hesab olunan Müqəddəs Ramazanda, insan oğlunu daha mərhəmətli və səxavətli olmağa səsləyən ilahi fürsətlər ayında. Bu azmış kimi koronabəla məmləkətdə nəinki Allahın buyruğuna, ölkə rəhbərliyinin xəbərdarlığına da məhəl qoymayan bəzi səlahiyyət sahiblərini üzə çıxardı. Belə ki, Prezident İlham Əliyev pandemiya dönəmində təkcə dövlət qurumlarına deyil, özəl şirkət rəhbərlərinə də müraciət edərək bu çətin dönəmdə işçilərini işdən azad etməməyə çağırmışdı, bu çağırışa məhəl qoymayanlar barədə sərt tədbirlər görüləcəyini elan etmişdi. Amma görünən odur ki, bu ali xəbərdarlıq deyəsən heç də hər kəsə çatmayıb…
Yəqin ki, Ramiz Rövşəni, Vaqif Bayatlını, Zakir Fəxrini oxucuya təqdim etməyə gərək yoxdur. Bir cümlə ilə qeyd etmək kafidir ki, onlar yarım əsrdən çoxdur Azərbaycan poeziyasının mənafeyi naminə təmənnasız külüng çalırlar. Amma hər üç cəfakeşə işlədikləri, on illiklərini verdikləri iş yerində – Nazirlər Kabineti yanında Tərcümə Mərkəzində qapını göstəriblər. Mərkəzin əbədiyaşar rəhbəri Afaq Məsud qərarını belə izah edib ki, bununla bağlı Nazirlər Kabinetindən əmr gəlib. Belə bir qərarın olub olmaması məsələnin başqa tərəfidir. Anormallıq bundadır ki, adıçəkilən şəxslər sıradan bir işçi deyillər və onlara yaş həddinə görə qapının məhz pandemiya dönəmində göstərilməsi eyni zamanda prezident İlham Əliyevə qarşı çıxmaqdır. 
Sual oluna bilər ki, bəs niyə adıçəkilən məşhurlar onlara qarşı atılan bu addıma qarşı nəinki üsyan etməyiblər, baş verənləri hətta ictimailəşdirmək istəməyiblər? Təbii ki, onlar yaşlarına və başlarına görə abırlarına qısılaraq susmağa üstünlük veriblər. Görünür, onlar həm də Mədəniyyət Nazirliyində baş verənlərdən ehtiyat edərək mədəniyyətimizin üz qarasına çevrilmişlərin xəcalət tərinin başqa qurumlara sıçramasını istəməyiblər. Amma cidanı çuvalda gizlətmək mümkün olmadığı kimi Prezident İlham Əliyevə qarşı atılan bu addıma biganə qalmaq onun köməkçiləri olan media mənsublarına yaraşmazdı və bu üzdən olayı işıqlandırmaq qərarına gəldik. Hələlik bu qədər və məşhurlara qarşı “Səlib yürüşü”nün səbəbləri barədə tezliklə doqquz ballıq araşdırma yazısını oxucuların mühakiməsinə təqdim edəcəyik. Ümid edirik ki, son dövrlər apardıqları uğurlu əməliyyatlarla cəmiyyətin sarı siminə toxunmağı bacaran DTX yetkililəri bu araşdırma yazısını da oxumağa fürsət tapacaqlar…

Həmçinin oxuyun

Təcrübəsiz adamlar necə direktor olur? – “Dostluq, qohumluq əlaqələri…”

Son vaxtlar məktəb və kollec direktorlarının fəaliyyətində nöqsan aşkarlanması və bu səbəbdən həmin vəzifəli şəxslərin …