Ana səhifə / Cəmiyyət / Qurbanlıq ətin qiyməti neçəyədir? (VİDEO)

Qurbanlıq ətin qiyməti neçəyədir? (VİDEO)

Hər il Qurban bayramı ərəfəsində ətin qiymətinin bahalaşmasına qarşı tədbirlər görülür, aidiyyəti qurumlar tərəfindən qiymət bahalığının müşahidə edilməyəcəyi barədə vədlər verilir. Amma bahalaşma faktlarına yenə də rast gəlinir. Və elə hər il də həmin qurumlar bunun “işbazlar” tərəfindən süni şəkildə yaradıldığını bildirir”.
Yenə bayram ərəfəsindəyik. Kameramızı, mikrofonumuzu götürüb paytaxt bazarlarına baş çəkmək qərarına gəldik. Məqsədimiz bayram ərəfəsində qiymətləri öyrənməkdir. Başlayaq… Hazırda qoyun ətinin 1 kiloqramı 10-12 manat arası, quzu ətinin 1 kiloqramı isə 13-13 manat 50 qəpiyə satılır. Satıcılar qiymətlərin bahalaşmayacağını bildirir: “Qoyun əti 10 manat 50 qəpiyə, 11 manata təklif edilir. Quzu əti 13 manata satılır. Aşağı olar ki, yuxarı olmaz. Bu il heyvan boldur, qiymətlər aşağı olacaq. 13-13 manat 50 qəpik arasında olar. Heyvanları öz rayonlarımızdan – Bərdədən, Beyləqandan, Azərbaycanın hər yerindən gətirmişəm. Öz məhsullarımızdır. Allah qoysa, bolluq olacaq”.
“Dana əti 11 manat, quzu əti 13 manat 50 qəpikdir. Bizdə hamısı yerli maldır. Ən çox Bərdə və Beyləqan rayonlarından gətiririk. Qiymət artımı yoxdur. Süni qiymət artımı da olmayacaq. İndi də müşahidə olunmur”.
Qiymət artımının qarşısını almaq məqsədi ilə Kənd Təsərrüfatı Nazirliyi tədbirlər görür. Bunlardan biri də “Kənddən şəhərə” layihəsidir. Bu layihə çərçivəsində paytaxtda və regionlarda satış yarmarkaları təşkil ediləcək:
“Ölkə üzrə 30 nöqtədə belə yarmarkaların təşkili nəzərdə tutulub. Bunlardan 19-u paytaxtda təşkil olunacaq. Artıq yarmarka keçiriləcək ərazilərin siyahısı ictimaiyyət üçün açıqlanıb. Yarmarkalara təxminən 20 minə yaxın qurbanlıq qoyunun çıxarılması nəzərdə tutulur. Çəkisindən asılı olaraq bizim yarmarkalardakı heyvanlar vətəndaşlara 160, 170, 180 manata təklif olunacaq. Bazara bu miqdarda əlavə heyvanın çıxarılması təbii ki, süni qiymət artımının qarşısını alacaq”.
Vətəndaşların qurbanlıq heyvanları çəkisindən asılı olaraq standart qiymətlərə əldə edəcək. Başqa yeniliklər də var: “Bu qurban bayramında ikinci bir yenilik bizim “Kənddən şəhərə” yarmarkalarında satılacaq qurbanlıq qoyunların “onlayn” növbə sistemi ilə əvvəlcədən sifariş edilə bilməsidir. Vətəndaşlar uzun-uzun növbələrdə gözləməmək üçün Aqrar Tədarük və Təchizat ASC-nin saytında “Kənddən şəhərə”, bizim brendin saytına daxil olaraq oradan qurbanlıq bölümündən ünvanlarını qeydə edə və qurbanlıq heyvanları sifariş edə bilər. Qurban bayramı günü konkret məntəqələrə yaxınlaşıb öz qurbanlıq heyvanlarını kəsilmiş şəkildə təhvil ala bilərlər”.
Hər il müşahidə olunan daha bir ənənəvi problem – qurbanlıq heyvanların anti-sanitar formada kəsimi. Qida Təhlükəsizliyi Agentliyinin Baytarlıq Nəzarəti şöbəsinin müdiri Qalib Əbdüləliyev bu il belə hallara qarşı ciddi tədbirlər görüləcəyini bildirdi: “Bizim apardığımız tədbirlər ondan ibarətdir ki, heyvanın kəsimi ancaq xüsusi ayrılmış yerlərdə həyata keçirilsin. Ümumi qayda olaraq nəzərdə tutulmayan yerlərdə baytar-sanitar tələblərinə, gigiyenik tələblərə cavab verməyən yerlərdə heyvan kəsimini həyata keçirilməsi qadağandır. Həm Bakı şəhərində, həm digər şəhər və rayonlarda xüsusi reydlər, tədbirlər həyata keçirilir”.
Normalara əməl etməyənləri isə ciddi cəzalar gözləyir: “Qeyd edim ki, bu işdə bizim həm İcra Hakimiyyəti orqanlarının, həm DİN-in müvafiq təşkilatları ilə, həm də Kənd Təsərrüfatı Nazirliyi ilə birgə fəaliyyətimiz mövcuddur. Məqsəd də ondan ibarətdir ki, yol kənarlarında, nəzərdə tutulmayan yerlərdə heyvanın kəsilməsi həyata keçirilməsin. Belə hallar baş verdikdə qanunvericiliyin imkan verdiyi səviyyədə onlara qarşı mübarizə aparılacaq”.
Xatırladaq ki, bu il avqustun 12 və 13-də qeyd olunacaq Qurban bayramının təşkilinə nəzarəti 3 qurum, Kənd Təsərrüfatı Nazirliyi, AQTA və DİN birgə həyata keçirəcək.

Həmçinin oxuyun

Bakı meriyasında müşavirə keçirilib, bu şəxsə şiddətli töhmət verilib

Bakı Şəhər İcra Hakimiyyətində martın 26-da Binəqədi rayonunda qadının liftin qapıları arasında qalaraq ölməsi faktı …