“Artıq Londondayam. Sentyabrın 1-dən yüksək akademik reputasiyaya malik, dünyaca məşhur, məşhur xeyriyyəçi Corc Sorosun, ABŞ-ın 35-ci prezidenti Conn Kennedinin, Tayvanın hazırkı prezidenti Tsai Ing-wenin məzun olduğu London İqtisad Məktəbinin (LSE) Siyasi elmlər bölümünün professoru və baş emi işçisi kimi işə başlayacağam”.
Bu barədə ekspert Qubad İbadoğlu özü məlumat verib.
Q.İbadoğlu bildirib ki, siyasi elmlər LSE-nin dünya reytinqində ilk onluğa düşən 12 ixtisasından biridir və bu bölüm dünya üzrə sıralamada beşincidir: “Siyasi elmlər və iqtisad bölümünün akademik sferada nüfuzu mənim elmi və pedaqoji fəaliyyətim üçün böyük imkanlar yaradır. Eyni zamanda, Böyük Britaniyanın Azərbaycan üçün əhəmiyyəti və Türkiyə ilə gündən-günə inkişaf edən münasibətləri həm elmi, həm də siyasi perspektivləri genişləndirir. Londonda, xüsusilə qlobal və regional siyasətin liderləri, tədqiqatçıları ilə birbaşa təmaslardan ölkəmiz naminə faydalanmaq niyyətindəyəm. LSE-yə verəcəklərim və buradan faydalarım çox olacaq. Yeni iş yerimdə əldə edəcəyim təcrübə ilə indiyə qədər ABŞ Universitetlərində qazandığım praktikanı daha da zənginləşdirmək niyyətindəyəm. İnanıram ki, LSE-dəkı fəaliyyətimdən ilk növbədə, hazırda xəyallarımızda bərqərar olan, tezliklə reallığa çevriləcək Azərbaycan qazanacaq”.