Çərşənbə axşamı , Aprel 16 2024
Ana səhifə / Cəmiyyət / Qiyamət onda qopacaq ki, yer üzündə bir nəfər də “Allah” deyən qalmayacaq. – Cümə bəhsləri

Qiyamət onda qopacaq ki, yer üzündə bir nəfər də “Allah” deyən qalmayacaq. – Cümə bəhsləri

Hətta sırf müsəlman ölkələri hesab edilən məmləkətlərdə belə, İslama, müsəlmanlığa qarşı genişmiqyaslı, açıq və gizli səlib yürüşü aparılır…

Son  onilliklərdə dəb düşüb sanki; iki-üç aydan bir hansısa bir görücü, şaman, lama-filan peyda olub deyir ki, hazırlaşın –filan gün Qiyamət qopacaq və Yer planeti, bütün kainat alt-üst olacaq…. Amma vaxt çatanda məlum olur ki, hamısı yalanmış. Lakin bundan az sonra yenə biri üzə çıxıb oxşar “proqnoz” verir – həmin kütlə yenə inanıb təşvişə düşür…
Hətta son illər belə “öncəgörmələri” ciddiləşdirmək üçün NASA kimi qurumların da adından istifadə edirlər. Halbuki, bu cür proqnozları keçmişdə də, indi də verənlər şeytani  super güclər tərəfndən yönlənən şarlatanlardır. Bunlar insanları allahsızlığa təşviq etməyə hesablanıb. Nədən ki, “tezliklə dünyanın dağılacağını” eşidən imansız və imanı zəif insanlar “qalan günlərimi nə yolla olur-olsun, qazanc əldə etmək, kef çəkməyə həsr edim” düşüncəsinə qapılır. Və nəticədə dünyada dələduzluğun, rüşvətxorluğun, sələmçiliyin, kredit götürmənin miqyası artır ki, bu da transmilli super oliqarxiyanın qazanc vasitələrini çoxaldır…
Dəfələrlə demişik, yazmışıq ki, Qiyamətin nə vaxt qopacağını Allah-Təaladan savayı heç kəs bilməyib və bilmir. Hətta Peyğəmbərimiz(s) bu suala dəqiq cavab verməyib, sadəcə, özünün məntiqi hədisləri ilə Qiyamət gününün hansı əlamətlərin yetişəcəyi halda baş verəcəyini  ifadə edib. Məsələn, sələmin, rüşvətin, şərabxorluğun, fahişəliyin, “”mavi”liyin, kişinin kişi, qadının qadınla cinsi əlaqədə olması, dünən çoban olanların bu gün göydələnlər ucaltması və s.  Ancaq bunlardan məntiqi baxımdan daha  dəqiqi bu hədisdir: “Yer üzündə bircə nəfər Allah deyən qalınca qiyamət qopmayacaq…” Doğrudan da, Yer üzündə   10 milyarda yaxın insandan heç birinin onu Yaradanını  xatırlamamasını təsəvvür edəndə imanlı insanın tükləri biz-biz durur. Amma son onilliklərin olaylarını təhlil edəndə görürük ki, gerçəkdən biz o günə doğru gedirik. Mason-filan adlanan super dələduz, sələmçi güclər bəşəriyyəti tam allahsızlığa tərəf sürükləyir. Bunun üçün bütün vasitələr işə salınıb: həm maddi, iqtisadi, siyasi, hərbi, həm də mənəvi-psixoloji, ideoloji baxımdan… Bütün dünyada, hətta sırf müsəlman ölkələri hesab edilən məmləkətlərdə belə, İslama, müsəlmanlığa qarşı genişmiqyaslı, açıq və gizli səlib yürüşü aparılır. ABŞ  və əksər Avropa dövlətləri bir yandan müsəlmanları qanlı savaşlarla fiziki baxımdan  məhv edir, fizioloji baxımdan sarsıdır, digər yandan da müsəlman cildindəki xəfiyyələri, rezidentləri və onlara inanmış gənclər vasitəsi ilə tamamilə şeytani bir mövqe tutmuş hibrid bir “müsəlmanlıq” yaradırlar. Yəni, ilk baxışdan qiyafəcə, danışıqları baxımından müsəlman hesab etdiyimiz on minlərlə insan əslində tamamilə İslamın düşməninə çevrilir. Vəhhabilik, talibançılıq, “işid”çilik və s. ortadadır….  Bundan əlavə, kütləvi müharibə, terror gedən müsəlman ölkələrindən Avropaya, Amerikaya köç edənlər də tora salınır… Bəzən özümüz-özümüzü aldadırıq ki, bəs Avropada müsəlmanların sayı sürətlə artır. Amma gəlin düşünək, görək, oradakı müsəlmanların  nə qədəri gerçək, səmimi, ixlaslı müsəlmandır. Artıq Avropa ölkələrində  qadınların imamlıq etdiyi, qadın və kişilərin, hətta “mavi”lərin, lesbiyanların birikdə ibadət etdiyi qondarma məscidlər peyda olmaqdadır. Bu, müsəlmanlığın inkişafıdırmı? Eləcə də digər qeyri-səmavi dinlər və antidemokratik ideologiyaların  hökm sürdüyü ölkələrn ərazisində müsəlmnalara qarşı münasibəti göz önünə gətirin: Çin, Hindistan, Myanma… Bir sözlə, bəşəriyyət sürətlə, Peyğəmbərimizin(s) dediyi günə doğru “irəliləyir”.
Elə yaşadığımız tarixən müsəlman coğrafiyası hesab edilən Azərbaycanı götürək. Şükür Allaha, genş mənada sabitlikdir, sakitlikdir… Savaş yox, kütləvi qırğın yox, möminlər məscidlərdə rahat ibadət edə bilirlər, yeni məscidlər tikilir, köhnələr abadlaşdırılır və s. Ancaq gizli və açıq gedən bir çox proseslər  var ki, bunların “səsi” hələ sonra çıxacaq… Kriminal, cinayət statistikasını izləsək, məmləkətdə hər növ dələduzluğun, oğurluğun, rüşvətxorluğun, fahişəliyin, zinakarlığın və s. sayı gündən-günə kütləviləşməyə doğru gedir. Gözlənilmədən  rəsmən məlum olur ki, 5-10, 15-20 il öncə yüksək vəzifələrə gətirilmiş, dövlətin mükatlandırdığı ziyalı, alim hesab edilən şəxslər bu müddət ərzində korrupsiya, rüşvətxorluq, dələduzluqla məşğul imiş…. Adi məişət həyatında, işdə-gücdə halal, dürüst, sözü ilə əməli uzlaşan insan tapmaq getdikcə çətinləşir. Telekanalların, saytların böyük əksəriyyəti isə sanki eyni mərkzədən yönləndirilirmiş kimi, açıq şəkildə mənəviyyatsızlığın, əxalqsızlığın,  homoseksuallığın arsızlığın, abırsızlığın, bir sözlə allahsızlığın təbliği ilə məşğuldur.  Və onlara ciddi şəkildə “dur” komandası verən yoxdur….
Bu gün Həccə gedib-qayıdanın sabah rüşvətxorluqla, fırıldaqla, haram məhsul ticarəti ilə məşğul olduğunun şahidi oluruq. Və ölkədə müsəlmanlığın inkişafına məsul olan qurumlar yalnız  bayramlarda, Məhhərəmlikdə fətvalar verməklə işini bitmiş hesab edir. Əmr bə-məruf(yaxşı əmələ dəvət), nəhy əz-münkərlə (pis əməldən çəkindirmək)  məşğul olan gerçək din xadimlər isə barmaqla sayılır….
Hələ şükür ki, ölkəmizdə müqəddəs amal və əməllər rəmzlərini daşıyan üçrəngli bayrağımız dalğalanır və  məscidlərimizdən az-şçox azan səsini eşidirik. Allah bizləri imanımızı, vicdanımızı, abır-həyamızı itirməkdən və Qiyamət gününün dəhşətlərindən hifz etsin!..

Həmçinin oxuyun

Polisə: “Yazma, bunu burax”, – deyən şəxs başını bəlaya saldı

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi (BŞDYPİ) paytaxtın 20 Yanvar dairəsində və “Şamaxinka” adlanan ərazidə …