Ana səhifə / Cəmiyyət / “Qışqırığı yadımdan çıxmır, sinəsini qabağa verərək mənfur düşməni məhv edirdi…”- FOTOLAR

“Qışqırığı yadımdan çıxmır, sinəsini qabağa verərək mənfur düşməni məhv edirdi…”- FOTOLAR

Şəhid Raul Piriyev 1997-ci il iyunun 4-də Şəmkirdə doğulub. Məktəbdə və universitetdə hər zaman nümunəvi olan əlaçı Raul ali təhsilini başa vurduqdan sonra 2019-cu ildə Cəlilabadda hərbi xidmətə yollanıb. Əsgərliyinin bitməsinə sayılı günlər qalmışdı. Ailəsi, yaxınları onun yolunu səbirsizliklə gözləyirdi. 
Raulun atası Zabit Piriyev Moderator.Az-a bildirib ki, oğlu ilə sonuncu telefon danışığını belə xatırlayır.
“Sentyabr ayında zəng edib dedim ki, oktyabrda gəlirsən də bala? Gülərək cavab verdi ki, ata sən nə danışırsan? Bizim  hələ işlərimiz qabaqdadır. Axırıncı dəfə Goranboyda olarkən mənə zəng vurdu, dedi ki, ata burada işimizi bitirmişik, gedirik o biri torpaqları almağa. Sonuncu döyüşü Cəbrayıl ətrafında olub, elə orda da şəhidlik zirvəsinə ucalıb. Komandirinin dediyinə görə bölmə mühasirəyə düşüb. Ona demədən 5 nəfəri də özü ilə götürərək mən düşmənin qabağını kəsəcəyəm deyib və gedib. Komandiri deyir ki, Raulun qışqırığı yadımdan çıxmır, sinəsini qabağa verərək mənfur düşməni məhv edirdi, bir yandan da şəhidlərimizin və yaralılarımızın döyüş meydanından çıxarılmasına şərait yaradırdı. Çox böyük qürur hissi keçirirəm ki, belə bir oğul böyütmüşəm. Oğlumla fəxr edirəm, hər bir ataya Raul kimi oğul nəsib olmur. Bütün şəhidlər mənim oğlum, mən də bütün şəhidlərin atasıyam” deyə şəhidimizin atası bildirib.
Şəhidimizin anası Nəcibə Piriyeva deyir ki, Raul asudə vaxtlarını kitab oxumaqla dəyərləndirirdi, hətta kiçik qardaşları Rauf və Namiqin də dərslərinə ciddi nəzarət edirdi.

“ Həm işləyirdi, həm də oxuyurdu. İş yoldaşları da çox hörmətini saxlayırdı. Uşağlıqdan futbolu çox sevirdi, amma biz oxumasını istəyirdik. Əsgər gedəndən sonra xüsusi təyinatlıya yazıldı. Vətənpərvərliyi çox yüksək idi, vətənini sevirdi. Əlaçı stipendiyası alırdı, bizə yük düşməsin deyə işləyirdi. Hərbi xidmətdən qayıdıb gələndən sonra magistraturada oxumaq istəyirdi. Həmişə deyirdim ki, bəlkə magistr oxuyub sonra gedəsən hərbi xidmətə? Deyirdi ki, yox ana, öncə vətəndir. Bütün şəhidlərimizlə qürur duyuram, hamısı ilə. Çünki onlar olmasa idi, bu gün torpaqlarımız azad olunmayacaqdı” -deyə şəhidin anası bildirib.

Piriyevlər ailəsinin indi bir arzusu var. Tezliklə Cəbrayıla, Raulun döyüşdüyü yerlərə getmək, onun ayağı dəyən torpaqlarda olmaq, oranın havasında sanki övladlarının qoxusunu duymaq. Raulun və digər igidlərimizin şücaət göstərdiyi, qəhrəmancasına vuruşduğu bu torpaqlarda hər bir şəhid ailəsi başıdik, qürur hissi ilə addımlayacaq. Vətən şəhidləri ilə ucalır! 
Əli Novruzəliyev

Həmçinin oxuyun

Vüsalə Mənsimova Mübariz və Mais Mənsimovları məhkəməyə verdi

Məşhur azərbaycanlı iş adamı, “Palmali” şirkətlər qrupunun sahibi Mübariz Mənsimov və qardaşı Mais Mənsimov barəsində …