Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Cəmiyyət / Qaz oğurluğu faktları üzrə məhkəmə çəkişmələri:”Azəriqaz” niyə uduzur…

Qaz oğurluğu faktları üzrə məhkəmə çəkişmələri:”Azəriqaz” niyə uduzur…

Bir daha kommunal xidmətlər sahəsində qanunvericiliyin təkmilləşdirilməsi haqqında

Ötən məqalədə (istinad) qaz təchizatı sahəsində qanunvericiliyin təkmilləşdirilməsinin və qazdan istifadə qaydalarının pozulmasına görə İnzibati Xətalar Məcəlləsində (İXM) nəzərdə tutulmuş sanksiyaya dəyişiklik edilməsinin obyektiv zəruriliyi əsaslandırılımışdır. Bu zərurət aşаğıdakı dəlillərlə izah olunurdu:

1. qazdan qanunsuz istifadə (qaz kəmərinə özbaşına qoşulma və/və ya qaz sayğacının yararsız hala salınması) ilə əlaqədar dəyən ziyanı müəyyənləşdirən normaların qanunvericilikdə olmaması dövlət əmlakının cəzasız talanınması, “Azəriqaz” İB-yə külli-miqdarda maddi ziyann vurulması, fəaliyyət sahəsinin investisiya cəlbediciliyinin itirilməsi və məhkəmə mübahisələndirilməsinin perspektivsizliyi ilə nəticələnir.

2. İXM-də nəzərdə tutulan cərimənin hədsiz kiçik olması (cərimə hətta ölkə üzrə təyin olunmuş yaşayış minimumundan aşağıdır) nəinki qazdan qanunsuz istifadənin qarşısını ala bilmir, hətta dolayısı ilə bu kimi halların yayılmasına təhrik edir.

3. Heç bir digər meyar və mexanizmlərinin olmadığı bir halda, qazdan faktiki qanunsuz istifadə halnın qanunvericilikdə təqsirin sübuta yetirilməsini təsdiqləyən amil kimi tanınmaması.

“Azəriqaz” İB-nin maraqlarını təmsil edən hüquqşünasların peşəkar hazırlığından asılı olmayaraq, qeyd olunan bu cür uğursuz şərtlərin kombinasiyası məhkəmə mübahisələndirilməsi zamanı müvəffəqiyyət əldə etməyə imkan vermir. İB-nin normal fəaliyyətinə mane olan yuxarıda sadalanan obyektiv faktorlara (hətta onları bu cür adlandırmağa dilim belə gəlmir) “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında Qanun”u da (Qanun) əlavə etmək olar. Qanunun 3.2.-ci maddəsinə əsasən, “yoxlamaların vahid məlumat reyestrində” (Reyestr) qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur”. Həmin Reyestr Ədliyyə Nazirliyi tərəfindən tərtib olunur. Qanunun 2.3.-cü maddəsində isə deyilir ki, 3.2.-ci maddənin tələbləri həm də dövlət mülkiyyətində olan və müvafiq xidmətlərin göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslərin (“Azəriqaz” İB, “Azərişıq” ASC və “Azərsu” ASC) nümayəndələrinə də şamil edilir. Başqa sözlə desək, yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan qaz paylayıcısı ilə sahibkar (Sənaye qaz qurğusunun istifadəçisi) arasında bağlanmış “qazıın alqı-satqısı” barədə müqavilə üzrə sahibkardan (istehlakçıdan) həmin müqavilə şərtlərinə riayət etməsinin “Azəriqaz” İB tərəfindən tələb edilməsi də Qanunun 2.3.-cü maddəsinin təsiri altına düşür. Beləliklə, “Azəriqaz” İB, “Azərişıq” ASC və “Azərsu” ASC müəyyən mənada yoxlayıcı orqan statusuna bərabər tutulur, hansı ki, Qanunun 1.1.3.-cü maddəsinə əsasən, bu qismdə yalnız dövlət orqanı, yaxud publik hüquqi şəxs çıxış edə bilərlər.

Burada onu qeyd etmək lazımdır ki, kommunal xidmətlər göstərən müəssisələr öz sahələri üzrə inhisarçı mövqeye malik olsalar da, sahibkarlara münasibətdə bu durumdan heç bir üstünlüyə malik deyillər: onlar nə təqdim etdikləri xidmətlər üzrə tarif/qiyməti formalaşdırır, nə müqavilə şərtlərinin kobud pozulmasına görə cərimə və ya peniya təyin edir, nə də birtərəfli qaydada müqaviləni poza bilərlər, hətta istehlakçı qərəzli qanun pozucusu olsa belə. “Azəriqaz” İB üçün istənilən qaz istifadəçisi müstəsna olaraq istehlakçı və müqavilə üzrə tərəf müqabili kimi maraqlıdır. Hesab edirəm ki, Qanunun 2.3.-cü maddəsinin “Azəriqaz” İB timsalında kommunal xidmətlərə qarşı tətbiq edilməsi haqsızlıqdır və aşağıdakı səbəblərdən ona müvafiq dəyişikliklərin edilməsi zəruridir:

1. “Azəriqaz” İB təşkilati-hüquqi formasına görə nə dövlət orqanı, nə də publik hüquqi şəxs deyil, o, sahibkarlıq subyektlərinin fəaliyyətini yoxlamaq və ya Qanunun 28.2.-ci maddəsinə əsasən, yoxlama zamanı pozuntu aşkar edildiyi halda məhdudlaşdırıcı tədbirlər (istehsalın və ya satışın qadağan edilməsi, malların dövriyyədən çıxarılması və ya geri çağırılması və s.) tətbiq etmək kimi səlahiyyəti olmayan dövlət müəssisəsidir. Əslində, heç “Azəriqaz”ın belə bir məqsədi və ya niyəti də yoxdur. Nəticədə isə belə alınır ki, İB yoxlayıcı orqanların səlahiyyətlərinə malik olmadan onun məsuliyyətini daşıyır, bu isə qanun qarşısında tərəflərin bərabərlik prinsipinə ziddir.

2. Xüsusi olaraq sahə üzrə münasibətlərin tənzimlənməsi üçün qəbul edilmiş “Qaz təchizatı haqqında Qanun”un 2.1.-ci maddəsinə əsasən, “qazların paylanması, satılması və istifadəsi” onun tətbiq sahəsinə aiddir. Nəticə etibarilə, fəaliyyət növündən asılı olmayaraq, qazın alqı-satqısı barədə müqavilə əsasında bütün qaz istifadəçiləri, o cümlədən sahibkarlar da müstəsna olaraq istehlakçı kimi nəzərə alınmalıdır. Çünki fərqli yanaşma sahibkar olmayan istehlakçılara qarşı (əhali kateqoriyası) diskriminasiyadır, hansı ki, göstəricilərinin oxunması məqsədilə onların sayğaclarına baxışın keçirilməsi Reyestrdə qeydiyyata alınmasını tələb etmir. “Qaz təchizatı haqqında Qanun”da “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında Qanun”a yalnız bir istinad var (3.5.-ci maddə) və o da qaz qurğularının texniki baxışının aparılması qaydalarına şamil edilir ki, bunun da subyekti “Azəriqaz” İB deyil.

3. “Qaz təchizatı haqqında Qanun”un 13.6.-cı maddəsi istehlakçıya qazın sayğacla müəyyənləşdirilən hesabı ona təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilmədikdə qaz verilməsinin dayandırılmasını qaz paylayıcısının öhdəliyi kimi müəyyən edir. Deməli, qaz paylayıcısı sayğac göstəricilərini hər ay əldə etmək imkanına malik olmalı, texniki pasportda müəyyənləşdirilmiş müddətdə sayğaca texniki baxış keçirməlidir, bu isə sahibkarlıq fəaliyyətinin yoxlanılması hesab oluna bilməz. Bu, “Azəriqaz” İB-nin cari vəzifəsi və adi rutin işidir ki, onun da icrası Reyestrdə qeydiyyat aparılmasını tələb etmir. Təəssüf ki, Qanun istənilən baxışı, o cümlədən sayğac göstəricilərinin oxunmasını belə sahibkarlıq fəaliyyətinin yoxlanılması kimi qiymətləndirdiyi üçün, qaz paylayıcısının vəzifələrinin icrasını əsassız olaraq “qanuniləşdirilmə” tələbi ilə məhdudlaşdırılır.

4. “Qaz təchizatı haqqında Qanun”un 16.1.-ci maddəsinə əsasən, podratçının səlahiyyətli əməkdaşları və qaz ekspertləri xüsusi mülkiyyətdə yerləşən istənilən qaz kəmərini (xəttini) və qurğusunu yoxlamaq, verilən və istifadə olunan qazın miqdarını təyin etmək və ya qaz nəqli və təchizatı tələb olunmayan halda qaz qurğularını açmaq məqsədilə xüsusi mülkiyyətdə olan sahəyə daxil olmaq hüququna malikdirlər.

Təəssüf ki, qazdan qanunsuz istifadə faktını tanıdıqları halda, bu tip əməllərə yol verdiklərinə görə sahibkarların borclarının silinmələrinə məcbur olduqlarının əsas səbəbi kimi hakimlər “Azəriqaz” İB tərəfindən Qanunun 2.3.-cü maddəsinin tələbinə riayət edilməməsini göstərirlər. Yəni, “Qaz təchizatı haqqında Qanun”un 13.6.-cı maddəsinə əsasən, ayda bir dəfədən az olmamaq şərti ilə göstəricilərini qeydə alınmaqla istehlakçıya istifadə etdiyi qazın dəyərinin ödənilməsi barədə bildiriş verilməsi öhdəliyinin yerinə yetirilməsi məqsədilə, “Azəriqaz” İB tərəfindən Reyestrdə qeydə alınmadan sahibkarın xüsusi mülkiyyətdə olan torpaq sahəsindən kənarda quraşdırılmış sayğaca baxış keçirilməsi və bu zaman aşkarlandığı təqdirdə qanunsuz istifadə faktlarının təsbitlənməsi dövlət büdcəsinə xüsusi böyük məbləğdə daxilolmalardan məhrun etmişdir (bu arada onu da qeyd edək ki, “əhali” kateqoriyasından olan abonentlərin qaz xəttinə qeyri-qanuni qoşulma faktları sahibkarlarda olduğundan daha çoxdur). Bəli, formal nöqteyi-nəzərdən haqlı tələbdir: maddənin müdəaları nəinki “Qaz təchizatı haqqında Qanun”un normalarına, hətta sağlam düşüncəyə belə zidd olsa da qanun müzakirə deyil, icra olunmalıdır. Lakin qanunsuz istifadə də kiməsə bərayət qazandıra bilməz, xüsusilə də bəhs edilən hər iki qanunun müddəaları arasında kolliziyanın olduğu bir halda. Təəssüf ki, təxminən 10 il ərzində mövcud olan bu problemlərin yaranma səbəbi kimi yuxarıda sadalanan dəlilləri layiqincə qiymətləndirməyrək, ali məhkəmə instansiyası Qanunun mübahisəli normalarına riayət edilmsinə çağırışla kifayətlənir, halbuki malik olduğu qanunvericilik təşəbbüsü hüququndan istifadə etməklə qaz təchizatı sahəsində qanunvericiliyin təkmilləşdirilməsinə cəhd edə bilərdi. Axı qanundakı boşluqlar həm də hakimlərdə izafi iş həcmini yaradır.

Biz də də öz növbəmizdə möhtərəm hakimlərə bir daha səslənərək xahiş edirik ki, iddianın təmin etmə tədbirinin tətbiq edilməsi barədə qrardadlar çıxararkən, “Qaz təchizatı haqqında Qanun”un 13.6.-cı maddəsinin, eləcə də iddia tələbi ilə tətbiq olunan tədbirin irəli sürülmüş tələbə mütənasib olmasını təsbit edən, “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157-ci və 158-ci maddələrinin bəzi müddəalarına dair” Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun 14.03.2018-ci il tarixli qərarının tələblərini rəhbər tutsunlar və borcun mübahisələndirilən məbləği ilə məhdudlaşdırılmadan “təbii qazın verilməsinin dayandırılmasına yönələn hər hansı hərəkətin edilməsi”ni Birliyə qadağan olunması barədə qərardadlar qəbul etməsinlər. Əks təqdirdə “Azəriqaz” İB üzrə debitor borc əsassız olaraq süni surətdə şişirdilir və bu da Birliyin maliyyə dayanaqlığının sarsıdılmasına səbəb olur. Ədalət naminə deməliyəm ki, hələ də təsadüf edilməsi hallarna baxmayaraq, qaldırılan bu problemə dair hakimlər tərəfindən nümayiş etdirilən böyük anlayış nəticəsində bəhs edilən qərardadlarn sayı nəzərəçarpacaq dərəcədə azalmışdır.

Məlum olduğu kimi, vətəndaş cəmiyyətinin və hüquqi dövlətin formalaşdırılması qanunvericilik prosesinin, o cümlədən hüquqi islahatların aparılmasında olduqca təsirli vasitə olan qanunvericilik təşəbbüsü institutunun təkmilləşdirilməsini tələb edir. Qanunvericilik təşəbbüsü hüququ isə qanunvericilik prosesinin ilkin mərhələsi olaraq, bu hüquqa malik olan subyektlərə Konstitusiyada təsbit olunmuş, parlamentin müzakirəsinə qanun layihəsinin çıxarılmasına və yaxud qanuna dəyişiklik, eləcə də onun ləğv edilməsinə dair təkliflə çıxış etmək imkanının verilməsini ehtiva edir. Aydındır ki, nəinki qanunvericilik sisteminin islahatları üzrə, həm də dövlət idarəetməsinin hüquqi tənzimlənməsinin təkmilləşdirilməsində mütləq favorit AR Prezidenti cənab İlham Əliyevdir. Dövlət başçısı öz konstitusiya hüququndan fəal istifadə etməklə ölkənin inkişafında həyati-vacib məsələlər üzrə çoxsaylı qanunların qəbul edilməsi təşəbbüsü ilə çıxış etdi, eləcə də “Azərbaycan Respublikasının energetika sektorunda islahatların sürətləndirilməsi haqqında” 29.05.2019-cu il tarixli 1209 nömrəli Sərəncamı ilə “Qaz təchizatı haqqında Qanun”un yeni layihəsini hazırlayaraq dövlət başçısna təqdim olunması bardə Nazirlər Kabinetinə tapşırıq verdi. Dövlət başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə ölkədə uğurla həyata keçirilən genişmiqyaslı institusional və kadr islahatlarından geri qalmaması, fəaliyyətini yenidən qurması üçün Milli Məclisin 5-ci çağırışının buraxılması barədə Azərbaycan parlamentinin müraciəti əsasında Azərbaycan Respublikasının Prezidenti tərəfindən Milli Məclisin buraxılması və növbədənkənar seçkilərin təyin edilməsi haqqında sərəncam imzalandı. Göründüyü kimi, bilavasitə Prezidentın təşəbbüsü və rəhbərliyi ilə yüksək səviyyədə həyata keçirilən hərtərəfli və dərin islahatlara uyğunlaşmaq zərurəti nəinki qanunvericilik aktlarının, hətta qanunverici orqanın tərkibinin yenilənməsini aktuallaşdırdı. Bu da öz növbəsində dövlət başçısının tək qanunvericilik təşəbbüsü hüququndan deyil, həm də bütün səlahiyyət və vəzifələrindən maksimal effektiv istifadəsinin bariz göstəricisidir.

Qanunvericilik təşəbbüsü hüququna malik olan digər subyektlərin bu hüquqdan nə qədər səmərəli istifadə edilməsi barədə mühakimə yürütmək çətindir. Lakin nəzərə alsaq ki, mövcud qanunvericiliyə uyğun olaraq xidmətlərin keyfiyyətinin yüksəldilməsi məqsədilə peşəkar hüquqi yardım vəkillər tərəfindən göstərilir, gələcək Konstitusiya dəyişiklikləri nəticəsində qanunvericilik təşəbbüsü hüququnun qərarların çevik qəbul edilməsi, peşəkar yanaşması, müstəqil mövqeyi və cəmiyyətdə artan nüfüzu ilə seçilən AR Vəkillər Kollegiyasına verilməsi məqsədəuyğun olardı. Bu, hər bir insanın yüksəkixtisaslı hüquqi yardım alması barədə konstitusiya hüququnun (61-ci maddə) təmin olunması istiqamətində tamamlayıcı addım olardı. Belə ki, yalnız qanunlara riayət etmək yetərli deyil, həm də tənzimlənən sahədə tendensiyaları və onların real tələblərə uyğunluğunu nəzərə alaraq, yeni qanunlar qəbul etmək, qanunvericiliyi təkmilləşdirmək, qanunvericilikdəki boşluqları doldurmaq, kolliziyaları aradan qaldırmaq lazımdır, çünki qəbul edilən normativ-hüquqi aktların effektivliyi və faydalı əmsalı onun tənzimləmə funksiyalarının keyfiyyəti və tamlığından asılıdır.

Əgər qanunvericilikdə boşluqlar varsa, hüquqşünasın/vəkilin yüksək peşəkarlıq səviyyəsi və ya müsbət iş təcrübsəsinə baxmayaraq, iş qüsurlu hüquqi yardımın göstərilməsi, uğursuzluqla (itkilərlə) başa vurulması və ədalətlik hissinin itirilmsi ilə nəticələncəkdir. AR Vəkillər Kollegiyasına qanunvericilik təşəbbüsü hüququ verilərsə, əminəm ki, ölkənin hüquq ictimayyəti özünün nümayəndəli orqanı vasitəsilə bütün qanunvericiliyin, о cümlədən qaz təsərrüfatı sahəsinində də təkmilləşdirilməsi üçün əldə edəcəyi bu imkandan səmərəli istifadə etməklə ölkə başçısının rəhbərliyi altında uğurla aparılan islahatlara dəstək olaraq öz töhvəsini verəcəkdir.

Vüqar Eyvazov “Azəriqaz” İB-nin Hüquq Departamentinin rəhbəri h.e.ü.f.d.

Həmçinin oxuyun

“Deyirlər ki, təzə rəhbərlik xətrinə dəyib” – VİDEO

Vəfat edən ölkənin sabiq baş pediatrı, tibb elmləri doktoru, professor Nəsib Quliyevin iş yoldaşı hadisə …