Çərşənbə axşamı , Mart 19 2024
Ana səhifə / Cəmiyyət / “Qaraheybət” şəhidi Elmir Həsənovun atası: “Oğlum 7 medalla təltif edilmişdi” (FOTOLAR)

“Qaraheybət” şəhidi Elmir Həsənovun atası: “Oğlum 7 medalla təltif edilmişdi” (FOTOLAR)

Dövlət Sərhəd Xidmətinə məxsus hərbi helikopterin Xızı rayonu ərazisində yerləşən “Qaraheybət” aviasiya poliqonunda təlim uçuşları yerinə yetirən zaman qəzaya uğraması nəticəsində şəhid olanlardan da biri mayor Həsənov Elmir Mircəlil oğludur.
“Report”un Muğan bürosunun əməkdaşı şəhidin ata ocağında, Cəlilabad rayonunun Göytəpə şəhərində olub.
Əməkdaşımız şəhidin yaxınları ilə görüşüb və onun haqqında xatirələri dinləyib.
Şəhidin atası Mircəlil Həsənovun sözlərinə görə, onun hər üç oğlu hərbçidir. Elmir Həsənovun qardaşları da xidmətlərini Dövlət Sərhəd Xidmətində davam etdirirlər. Onlar 44 günlük Vətən Müharibəsində də yaxından iştirak ediblər və Prezident İlham Əliyev tərəfindən təltif olunublar.
“Elmir ikinci oğlumdur. İki övladı yadigar qalıb. Onun ən böyük arzusu onları böyüdüb boya-başa çatdırmaq idi. Onun bu arzusunu biz həyata keçirəcəyik.
Elmir çox bacarıqlı idi. Orta məktəbdə də ən savadlı, bilikli olub. Ailəyə çox bağlı övlad idi”, – Mircəlil Həsənov bildirib.
O, vurğulayıb ki, Elmir Həsənov 7 medalla təltif edilib, onlardan 2-sini Vətən müharibəsində fərqləndiyinə görə alıb.
Qeyd edək ki, Elmir Həsənov 15 dekabr 1988-ci ildə Cəlilabad rayonunun Göytəpə şəhərində anadan olub. 1995-ci ildə Göytəpə şəhər 1 nömrəli orta məktəbin 1-ci sinfinə gedib. Məktəbi bitirdikdən sonra o zamankı Milli Təhlükəsizlik Nazirliyinin akademiyasına qəbul olub. Sonra aviasiya üzrə ali təhsil alıb və 2015 -ci ildən bu sahədə xidmətə başlayıb.
Şəhid mayor dekabrın 1-də, həlak olduğu hərbçilərlə bir yerdə dəfn edilib.
Allah rəhmət eləsin!

Həmçinin oxuyun

Paytaxtda 600 manata səməni satılır? – VİDEO

Novruz bayramına artıq sayılı günlər qalıb. Bu bayramın əsas simvollarından biri olan səməni demək olar …