Birliyin sədri, professor, sənətşünaslıq üzrə elmlər doktoru Röya Tağıyeva Trend-ə bildirib ki, layihənin məqsədi Qarabağda, cəbhə bölgələrində yaşayan əhali arasında ənənəvi xalça istehsalçılarını aşkar etmək, xalçaçılar, toxucular, boyaqçılar, onların sayı, toxuduqları xalça növləri haqqında məlumat toplamaqdır.

Layihənin gedişatında yaradılan “Qarabağ xalçaçılığının məlumat bazası”nda bölgəyə xas xalça növləri, çeşnilər və hazırda burada mövcud olan xalça müəssisələri haqqında məlumatlar toplanıb.

R.Tağıyevanın sözlərinə görə, layihə çərçivəsində Cəbrayıl, Füzuli, Ağdam və Tərtər rayonlarının sakinləri, həmçinin Bakı şəhərində yaşayan, həmin bölgələrdən didərgin düşmüş 10000-dən artıq məcburi köçkünlə görüş keçirilib. Xalçaçı, boyaqçı və toxucularla keçirilən sorğu nəticəsində bu sahənin inkişaf potensialı dəyərləndirilib, təklif və proqnozlar hazırlanıb.

R.Tağıyeva hesab edir ki, Azərbaycanda xalçaçılığa investisiya qoymaq istəyənlər bu məlumatlardan yararlana bilərlər.