Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Cəmiyyət / “Qara Volqa”nın rejissoru: “Neçə ildir işsizəm”

“Qara Volqa”nın rejissoru: “Neçə ildir işsizəm”

Sputnik Azərbaycan-ın bölgə müxbiri Azərbaycan kinematoqrafiyası tarixində özünəməxsus yeri olan “Qara Volqa” filminin quruluşçu rejissoru Elşən Məmmədovla həmsöhbət olub.

İlk öncə Elşən Məmmədovun qısa avtobioqrafiyası ilə tanış olaq. O, 1964-cü ildə Goranboy rayonunun Nərimanlı kəndində anadan olub. 1983-1985-ci illərdə hərbi xidmətdə olan Elşən Məmmədov xidmətini başa vurduqdan sonra M.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutuna qəbul olub. İnstitutda oxuduğu dövrdən 2002-ci ilə qədər Elşən Məmmədov Azərbaycan kinostudiyasında rejissor kimi fəaliyyət göstərib.

— Elşən Məmmədovun kinostudiyadan çıxma səbəbi?

— 2002-ci ildə kinostudiyada ixtisarlar başladı. Mən də digər əməkdaşlar kimi ixtisar olunaraq işdən azad olundum.

— İxtisarların səbəbi nə idi? 

— Bizlərə bildirdilər ki, yeni sistemə keçid edilir. Bu sistemdə isə kinostudiya özü rejissora dəvət göndərəcək və onunla müqavilə bağlanacaq. Onsuz da kinostudiyada işləyən əməkdaşlar əməkhaqqı almırdılar. Yalnız istər rejissor, istər operator və digər filmdə çalışan şəxslər film çəkilən zaman əmək haqqı alırdılar.

— Hansı filmlərdə çalışmısınız?

— Mərhum sənətkar, rejissor və aktyorumuz Ceyhun Mirzəyevin quruluşçu rejissoru olduğu “Fəryad” filminin ikinci rejissoru oldum. Rəhmətlik Gülbəniz Əzimzadənin “Ümid” filmində işlədim. Tofiq İsmayılov kimi dahi ilə bir çox filmlərdə çalışdım. Mən milli kinomuz üçün xeyli iş görmüş rejissoram. Baxmayaraq ki, bir neçə ildir məni kinodan uzaq tuturlar.

— Peşəkar rejissor olaraq uzun müddət işsiz qalmanızın səbəbi nədir?

— Kinostudiyadan ayrıldıqdan sonra televiziya sahəsində çalışdım. Film sahəsində isə heç bir filmə dəvət almadım. Bir neçə teleseriala dəvət etsələr də, özüm imtina etdim.

— Bu imtinanın səbəbi nə idi?

— Mən ilk öncə işlədiyim heyətin tərkibi ilə tanış oluram. İşləyəcəyim işin ciddiyyəti ilə maraqlanıram. Çünki belə görmüşəm. Həsən Məmmədov, Ceyhun Mirzəyev, Həsən Əbluc və digər korifey sənətkarlarla işləmişəm. Buna görə də pula aldanıb zəif layihələrdə işləyə bilməzdim. Düzdür, serial çəkmək çətin işdir. Bu gün serial çəkən gənc rejissorlarımızı dəstəkləyirəm. Sənət baxımından zəif iş olmasına baxmayaraq, onlar böyük əziyyət çəkirlər. Zəif texnika, kiçik maliyyə ilə serial çəkmək çox çətindir. Maliyyə az olan yerdə yüksək səviyyəli iş təqdim etmək çox çətindir. Bu səbəblərdən uzun müddətdir ki, işsizəm.

— Dövlət sifarişli filmlərdən olan “Cavad Xan” filminin kifayət qədər büdcəsi var idi. Lakin uğur qazana bilmədi. Sizə elə gəlmirmi ki, maliyyə sadəcə bəhanədir?

— Sizinlə razıyam. Büdcəsi kifayət qədər idi. Amma o filmin uğursuz alınma səbəbi büdcədən asılı olan amil deyildi. O film üçün yığılmış komanda düzgün seçilməmişdi. İlk növbədə “Cavad Xan” adını ədəbiyyatımıza, dramaturgiyamıza Nüşabə Məmmədli gətirib. Ola bilsin, çoxları bunu bilmir. Bu filmin ssenari müəllifi də Nüşabə xanım olmalı idi. Amma ssenarini Sabir Rüstəmxanlı öz üzərinə götürdü. İrandan “tanınmış” adı altında operator dəvət etdilər. Film çəkilişləri bitəndən sonra məlum oldu ki, o operatoru İranın film sahəsində heç kim tanımır. Sadaladığım amillər filmin uğursuz olmasına gətirdi.

— Bəs hazırda kinoteatrlarda nümayiş olunan filmlərə münasibətiniz necədir?

— Onlara film demək olmaz, kommersiya üçün çəkilən video görüntülərdir. Onlar bu gün var, sabah yox. Günün tələbatına uyğun olaraq nə isə çəkmək istəyirlər.

— “Qara Volqa” filmi də əsər qədər populyar olmadı. Sizcə niyə? 

— Mən “Qara Volqa”nı çəkəndə ölkəmiz yeni müstəqillik əldə etmişdi. Çox çətin vaxtlar idi. Həmin dövrdə kinolentlər Rusiyadan gəlirdi. Rusiya ilə demək olar, əlaqəmiz kəsilmişdi. Kinolenti oradan-burdan tapıb çəkdik. Belə bir vaxtda film çəkməyin özü bir uğur idi. Romandan fərqli olaraq filmdə hadisələrin baş verdiyi dövrü dəyişdim. Əgər filmi eynilə romandakı kimi çəksəydim, heç baxılmazdı. Çünki o vaxtın hadisələri tamaşaçıda maraq doğurmazdı. “Qara Volqa” filminin özəlliyi onda idi ki, çəkilən kadrların bəziləri gerçək idi. Məsələn, filmdə aktyorların dava etdiyi səhnə var idi ki, orda aktyorun biri digərinə dəmir parçası ilə zərbəni həqiqətən vururdu. Bir sözlə, aktyorlar öz işlərinə “can” qoyurdular. Və düşünürəm ki, tələbəlik illərində quruluş verdiyim bu film ən yaxşı filmlərdəndir. Əlbəttə ki, filmi istədiyim kimi çəkə bilmədim. Çox istərdim o filmi yenidən işləyim. Yeni fikirlərimi əlavə edim.

Ümumiyyətlə, o dövrlər filmlərə həm dövlət, həm də imkanlı vətəndaşların qayğısı var idi. Çox təəssüflər olsun ki, indi bu qayğı yoxdur. Mən neçə ildir işsizəm. Dəfələrlə Mədəniyyət və Turizm Nazirliyinə müraciət etsəm də, heç bir nəticə vermir. Rejissor olaraq nə etməliyəm?! Əlacsız qalıb bəzi insanlara deyirəm ki, gəlin haqqınızda sənədli film çəkim, fəaliyyətinizi ekranlaşdıraq, onlar da buna razı olmur. Amma baxırsan ki, hansısa şou-proqrama sponsorluq edirlər. Əksər şirkət sahibləri ilə görüşüb onlara milli qəhrəmanımız Mübariz İbrahimov, aprel döyüşləri haqqında film çəkməyi və maliyyə köməkliyi istədiyimi bildirmişəm. Hamısı bir cavab verib ki, indiki dövr pul dövrüdür, biz də pul qazanmalıyıq. Bu cür düşünən biznesmenlərin olduğu ölkədə film necə inkişaf edə bilər?! Onlar bu gün bizə komediya adı ilə sırınan filmlərə pul ayırırlar. Hansı ki, biz o filmlərə baxıb gülürük. Əslində onlara film demək günah olar. Cəmiyyət sadəcə oradakı obrazlar vasitəsilə əslində özünə gülür.

Həmçinin oxuyun

Bakı meriyasında müşavirə keçirilib, bu şəxsə şiddətli töhmət verilib

Bakı Şəhər İcra Hakimiyyətində martın 26-da Binəqədi rayonunda qadının liftin qapıları arasında qalaraq ölməsi faktı …