Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Cəmiyyət / Qafqazın Laplandiyası: nağıl kimi Bakurianidən – FOTOLAR

Qafqazın Laplandiyası: nağıl kimi Bakurianidən – FOTOLAR

Buranı “qış cənnəti”, “qış nağılı”, hətta Qafqazın Laplandiyası da adlandıra bilərik. Əsl kitablarda, nağıllarda olduğu kimidir: balaca bir şəhərdə israfçılıq etmədən, əlavə dekorasiyalar vermədən, xərc çəkmədən, sadə, olduğu kimi qış turizmi yaradıblar. Bizim üçün xərclər baxımdan ən əlçatan qarlı-qışlı yerdir bura – Gürcüstanın Bakuriani şəhəri…

Nə Uludağa, nə Laplandiyaya, nə İsveçrəyə getmək imkanı olan sadə azərbaycanlılar Bakıda illərdir üzünə həsrət qaldığı qara gürcülərin bu şəhərində qovuşurlar.

Sözün əsl mənasında uşaq nağıllarındakı mənzərə ilə qarşılaşırsınız: bacasından tüstü çıxan, köhnə, dəbdəbəsiz, doğmalıq yağan həyət evləri, atla gəzən adamlar, qar görən uşaqların sevinci, hər yan ağappaq – əsl qış həyatı…

Açığı, adam burdan ayrılmaq, geri qayıtmaq belə istəmir. Çünki təmiz hava, sadə qış turizmi, o qədər baha olmayan restoranlar, kirayə evlər, nağıllar aləminə düşmüş bir ab-hava adama “qal” deyir.

Digər tərəfdən, Gürcüstana bu mövsümdə getməyənlərə tövsiyəmdir, Tiflisdə qalmağa dəyməz, paytaxta düşən kimi Bakurianiyə yol alın. Həm dediyimiz kimi, şəhər bahalaşıb, həm də qışın dadını çıxarmağın yeri Bakurianidir.

***

Tiflisdən Bakurianiyə 185 kilometrdir. Siz Batumi yolu gedirsiniz, Borjomidən qalxıb 27 kilometr sonra Bakurianiyə çatırsınız. Çox uzaq deyil.

Avtomobil yolu qardan təmizlənib, şəxsi maşınınızla gedə bilərsiniz, aşırımlar da riskli sayılmaz. Yolboyu ağ libasa bürünmüş sıx meşələrin, möhtəşəm mənzərənin şahidi olacaqsınız.

Əgər avtomobillə deyilsinizsə, Tiflis avtovağzalından adambaşı 10 laridən Bakurianiyə mikroavtobuslar hərəkət edir.

Təxminən 2, uzağı 2,5 saata ordasınız. Bu şəhərdə hər addımbaşı azərbaycanlılar görəcəksiniz.

Biz ordan qayıdarkən isə Bakurianiyə qalxan yol tıxac idi: avtobuslar dolusu iranlı turistlər, hər beş maşından ikisi azərbaycanlı, eyni zamanda, gürcülər, ermənilər, ruslar da az deyildi. Yəni, balaca bir şəhərdə hər hansı qeyri-adi iş görmədən, xüsusi infrastruktur qurmadan turist axınına nail olublar.

***

Bakurianidə qiymətlərin baha olacağını gözləyirdik, yanıldıq. Burada odun peçi ilə qızdırılan, əsl kənd evini 100-120 lariyə taparsınız. Əslində, belə yerdə oteldə qalmağa da dəyməz.

Söhbət bahalıqdan getmir, bu, təbii mənzərəyə sünilik qatmış olacaq. Ona görə kənd evini kirayələsəniz qarın-qışın ləzzətini hiss edəcəksiniz.

Bakurianidə mikroavtobusların dayandığı yerdə düşən kimi hər şey ovcunuzun içində olacaq: evlər, otellər, restoranlar, park…

Burada qara bürünmüş parkda nə istəsəniz var: at, poni, xizək, maşınlar. Buna görə cəmi 5-10 lari arası ödəniş edin, at, xizək sürün, maşınla qarda adrenalin çıxarın.

Parkda uşaqlar üçün yelləncəklər, oyuncaqlar var. Turistlərə kofe, çay, çaxır və s. içkilər təklif olunur. Bakurianidə restoranlarda qiymətlər Tiflis kimi “dodaq uçuqlatmır”.

Yəni, heç getməyənlər bir dəfə getsin, bir dəfə gedənlər isə bir də gedəcək. İstər qiymət, istərsə təbii mənzərəsinə görə Bakurianidə iki-üç gün istirahət etmək lazımdır. Musavat.com

Həmçinin oxuyun

“Deyirlər ki, təzə rəhbərlik xətrinə dəyib” – VİDEO

Vəfat edən ölkənin sabiq baş pediatrı, tibb elmləri doktoru, professor Nəsib Quliyevin iş yoldaşı hadisə …