Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Cəmiyyət / “Qadına kitab bağışlamaq çox riskli bir şeydir, adamın başına vurar…”

“Qadına kitab bağışlamaq çox riskli bir şeydir, adamın başına vurar…”

“Əvvəla bütün dünyada kişilər qadınları təbrik edirlər. Mən də bu sıradan geri qalmıram və qadınlarımızı təbrik edirəm. Tanıdıqlarımı və tanımadıqlarımı. Amma bu bayram həm də ərazi etibariylə Azərbaycandadır. Bütün insanlar cinsindən asılı olmayaraq öz məkanına bənzəyir, öz məkanına uyğun yaşayanda yaşamaq asan olur. Mən bu bayram günündə bizim gözəl, dözümlü, ailəcanlı xanımlara arzu edirəm ki, elə özlərinə oxşasınlar. Fransız, İngilis, İspan, Avropa qadınlarına oxşamasınlar”.

Bunu Moderator.az-a açıqlamasında yazıçı Seyran Səxavət deyib. Yazıçı həm də qadınlarımıza gender bərabərliyi kimi çağırışlara uymamağı məsləhət görüb:

“Çünki onlar özlərinə oxşayanda gözəl, şirin olurlar. Həm də onlar özlərinə oxşayanda güclü olurlar. Bir də bu gender bərabərliyi deyilən bir şey var, o da dünyanın o biri tərəflərindən bizim ölkəyə desant kimi atılıb. Bu gender bərabərliyini də tutub çox küyə getməsinlər. Bax bu küy sözünün də altından xətt çəkirəm. Elə azərbaycanlı qadını kimi yaşasınlar. Kürdəmirli-kürdəmirli kimi, beyləqanlı-beyləqanlı kimi yaşasın. İnanın ki, onda onlar üçün yaşamaq da asan olar.

Mənim aləmimdə genderlə o ifadə tamam ziddir. Deyir ki, “xanım, xatun qadın”. İndi iyirmi birinci əsrdir, bizneslə də məşğul olsunlar, pul da qazansınlar. Amma heç vaxt yadlarından çıxarmasınlar ki, bunlar azərbaycanlıdırlar. Bunlardan min il bundan sonra “fransujinka” olmaz. Ona görə də elə necə var, elə də olsun. Bizdə bir bayatı var və son iki misrası belədir.

“Qoy məni öldürsünlər,

Bir alagöz qız üstdə…”

Qoy bizim xanımlar yadlarından çıxarmasınlar ki, biz onları çox istəyirik. Biz Azərbaycan kişiləri öz canını istəyən kişilərdir. Gör necədir ki, bir alagöz xanımın yolunda ölümdən keçəyməyə hazırıq”.

Yazıçı “qadına başqa hədiyyələr əvəzinə, kitab hədiyyə etsək, necə olar?”-sualına da belə cavab verib:

“Mən bilən kitabın indiki vəziyyətində, ucuz, lazımsız hesab olunan zamanında və məkanında qadına kitab bağışlamaq çox riskli bir şeydir. Əməli olmasa da, ürəyində o kitabı adamın başına vurub deyər ki, “yekə kişisən, bu nədir mənə bağışlamısan?”. Yəni bu bir həqiqətdir. Amma 40-50 il bundan qabaq biz qadına kitab bağışlayırdıq və bu da yaxşı qarşılanırdı. Kitab vaxtilə bir and yeri olub”.

Həmçinin oxuyun

İrana gedən azərbaycanlıların sayı 42% artıb – Rəsmi

Bu ilin ilk 3 ayı ərzində İrana 40,6 min Azərbaycan vətəndaşı səfər edib.Yeniavaz.com-un açıqlanan rəsmi …