Ana səhifə / Cəmiyyət / Qənirə Paşayeva MM-də bir sıra vacib təkliflərlə çıxış edib – VİDEO

Qənirə Paşayeva MM-də bir sıra vacib təkliflərlə çıxış edib – VİDEO

Millət vəkili Q.Paşayeva Milli Məclisin bu gün keçirilən plenar iclasında çıxışı zamanı Azərbaycanın İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorunun 2018-ci il üzrə illik hesabatını dəstəklədiyini deyib, bir sıra təkliflərlə çıxış edib və müvafiq qurumlara çağırış səsləndirib.

Millət vəkili hesabatda dünyanın əksər ölkələrində insan alveri cinayətlərinin artdığı faktının öz əksini tapdığını vurğulayaraq insan alverinə qarşı mübarizə tədbirlərinin daha da sürətlənəcəyinə, bu istiqaməıtdə maarifləndirmə işlərinin, xüsusilə televiziyalarda daha da genişlənməsinə xüsusi toxunub. Millət vəkili Q.Paşayeva insan alveri ilə mübarizə aparan qurumlara və televiziya kanallarına çağırış edib: “Məktəblərimiz, gənclərimiz arasında insan alveri qurbanlarını gözləyən təhlükələr, kriminal şəbəkənin istifadə etdiyi metodlar, dövlət qurumlarının insan alveri qurbanlarının qorunması sahəsində gördüyü işlərlə bağlı maarifləndirmə işləri aparılmalıdır. Amma bir gerçəklik var ki, insanlarımıza məlumatların ötürülməsində televiziyaların xüsusi çəkisi var. Ona görə də insan alverinə qarşı mübarizə aparan qurumları televiziyalarda daha çox sosial roliklərin nümayiş etdirilməsi üçün fəallıqlarını artırmağa çağırıram. İnsan alveri kimi neqativ hallara qarşı mübarizədə televiziya kanallarında “prime-time” adlanan vaxtda sosial roliklərin nümayiş etdirilməsi daha çox effektiv olar. Ona görə də yaxşı olardı ki, bizim yerli televiziyalar insan alverinə qarşı mübarizə məqsədilə sosial rolikləri ən çox baxılan vaxtda tez-tez nümayiş etdirsinlər.”

Millət vəkili Q.Paşayeva bildirib ki, hesabatda “Məcburi əməyin qarşısının alınması” hissəsində qeyd edilən bir sıra faktlar narahatlıq doğurur, belə ki 79 tikinti obyektində Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Əmək münasibətlərinin monitorinq mərkəzi tərəfindən aparılan monitorinqlərlə 946 nəfər əmək və ya xidməti (mülki) müqaviləsi olmadan çalışdığı aşkar edilmiş və yol verilmiş pozuntularla bağlı bir sıra işəgötürən təşkilatlar barəsində ciddi tədbirlər görülüb: “Cənab Prezident tərəfindən sahibkarların fəaliyyətinə hər cür şəraitin yaradılması və yoxlamaların dayandırılması ilə bağlı verilən fərman və sərəncamlara baxmayaraq, bir sıra sahibkarlar onlar üçün yaradılan yaxşı imkanlardan təəssüf ki sui-istifadə edirlər və işçiləri əmək müqaviləsi olmadan çalışdırırlar. Əmək müqaviləsi olmadan çalışanların işə o qədər böyük ehtiyacları olur ki, gələcəkdə pensiya təminatlarını düşünmədən əmək və ya xidməti müqavilə olmadan işə razı olurlar. Bəs bu insanların gələcək pensiya təminatı necə olacaq? İnsanlarımızın bu istiqamətdə pozulan haqlarının müdafiəsi istiqamətində müvafiq qurumlar mübarizəni daha da gücləndirməlidir. Əmək müqaviləsi olmadan işçi çalışdıranlara qarşı ciddi tədbirlərin görülməsini daha da sürətlənməlidir. Biz əmək müqaviləsi olmadan çalışan şəxslərin gələcək pensiya təminatı ilə bağlı yaranacaq ciddi problemləri bu gündən görməliyik və əmək müqaviləsi olmadan işçi çalışdıranlara qarşı mübarizə daha da sərtləşməlidir.”

Millət vəkili Q.Paşayeva deyib: “Uşaq əməyinin istismarının qarşısının alınması məqsədilə keçirilən reydlər zamanı ailə mühiti, pedaqoji və ictimai təsir vasitələrindən kənar işləyən və dilənçilik edən 450 uşağın müəyyən edilməsi ilə bağlı hesabatda öz əksini tapan faktlar bizim hamımızı ciddi narahat etməlidir və bu hallara qarşı problemin kökünün araşdırılması üçün ciddi tədbirlərin görülməsi vacibdir. Hesabatda vurğulanır ki, həmin uşaqların valideynlərinə qarşı inzibati-tənbeh tədbirləri görülür. Hesab edirəm ki, bu məsələdə tək valideynlərə qarşı inzibati-tənbeh tədbirləri ilə kifayətlənmək lazım deyil, həm də təhsil müəssisələrinin məsuliyyəti məsələsinə də xüsusi diqqət yetirməliyik. Başqa bir məsələ, dilənçiliklə məşğul olan uşaqların hansı ailələrdən olması ilə bağlıdır. Əgər bu uşaqların əksər hissəsi dağılmış və bunun nəticəsində çətin maddi-sosial vəziyyətlə üzləşərək çətin maddi-sosial vəziyyət içərisində olan ailələrin övladlarıdırsa, bu cür ailələrə dəstək proqramları artırılmalıdır və mən bir neçə dəfə parlamendə səsləndirdiyim və bu gün də həmkarım Fazil Mustafanın vurğuladığı kimi, Aliment fondunun yaradılmasının vacibliyini xüsusi qeyd etmək istərdim. Məqsədimiz bu cür uşaqların sayının artmaması, tam əksinə azalması istiqamətində ailələr və təhsil müəssisələri ilə işin daha da gücləndirilməsidir.”

Həmçinin oxuyun

Təcrübəsiz adamlar necə direktor olur? – “Dostluq, qohumluq əlaqələri…”

Son vaxtlar məktəb və kollec direktorlarının fəaliyyətində nöqsan aşkarlanması və bu səbəbdən həmin vəzifəli şəxslərin …