Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Cəmiyyət / Qələm adamları Səməd Vurğunla bağlı danışdılar

Qələm adamları Səməd Vurğunla bağlı danışdılar

Şair-publisist Şəhriyar del Geraninin ötən həftə televiziya verilişlərinin birində Azərbaycanın tanınmış şairi Səməd Vurğun haqqında səsləndirdiyi fikirlərlə bağlı müzakirələr davam etməkdədir. Gənc şairin “Səməd Vurğunun yazdığı mətn deyil, folklordur” fikirləri daha çox müzakirə mövzusuna çevrilib. Yaranmış qalmaqalla bağlı “Yeni Müsavat”a danışan Ş.Gerani Səməd Vurğunu həmçinin çoxdan keçilmiş mərhələ adlandırıb:

“Mərhum dostumuz Vaqif Səmədoğluyla eyni fikirdəyəm. Ki, “Səməd Vurğun Şekspir dövrünün şairidir”. Yəni 4-5 əsr öncələrin. Mirşahin bəylə müsahibəsinə baxın, orda da qeyd edib. Yəni Səməd Vurğun cidd-cəhdlə 21-ci əsrə daşınası şair deyil, çağdaş deyil, funksional deyil”.

Mövzu ilə bağlı xalq şairi Sabir Rüstəmxanlı “Yeni Müsavat”a danışıb. O qeyd edib ki, Azərbaycanın həyatında ciddi rol oynamış və bir neçə nəslin mənəvi tərbiyəsində əməyi olan insanlara ləkə yaxmaq, kölgə salmaq xəstəlikdir.  İstərdim ki, gənclərimiz bu xəstəliyə tutulmasın, uzaq olsunlar. Doğrudur, zaman dəyişilir, bu günün ideyası ola bilsin ki, ötən əsrin 50-60-cı illərin ədəbiyyatı deyil. Şeir də fərqlidir. Amma bunlar  mərhələlərdir. Səməd Vurğun öz dövrünün şairidir, başqa dövrlərdə başqa şairlər yetişəcək. Bunların bir-birindən fərqlənməsi bir növ inkara şərait yaratmır. Bəlkə bu gün atalarımız kimi demirik, onlar kimi düşünmürük. Lakin bu o demək deyil ki, atalarımızdan imtina, inkar etməliyik. Səməd Vurğun bizim poemamızın atalarından biridir. Biz onun şeirləri ilə tərbiyə alıb, böyümüşük.

Sabir Rüstəmxanlı ile ilgili görsel sonucu

Təbii ki, Səməd Vurğunun öz dövrünə, zamanına uyğun pafoslu, Kommunist partiyasını, Stalini, Moskvanı vəsf edən şeirləri var. Və həmin şeirlər o dövrdə ən gözəl, siyasi nümunələr sayılırdı. Amma bunların heç biri Səməd Vurğunun istedadına kölgə salmır, böyüklüyünü inkar etmir. Hətta siyasi cəhətdən köhnəlmiş sayılan şeirlərini oxuyanda da istedadın gücünə, poetik vüsətə, Azərbaycan ifadə dilinin imkanlarının möhtəşəmliyinə heyran qalırsan.

Bu mənada bu gün Səməd Vurğunu inkar etmək olmaz, bu mümkün deyil. Mən onu ideallaşdırmaq fikrində deyiləm. Lakin son vaxtlar Səməd Vurğunu sırf peşəkar gözü ilə oxudum və onun ilhamının qanadına, ruhunun böyüklüyünə, Allahdan, xalqdan  gələn istedadına heyran qaldım.

Səməd Vurğundan bir addım irəli get, sonra onu inkar elə. Gənclərin axtarışlarını, onların keçmişə tənqidi gözlə baxmasını bəyənirəm və buna  haqq qazandırıram. Hə şeyi kor-koranə qəbul etmək olmaz. Baxmaq, seçmək lazımdır. Lakin bunu inkarçılığa  çevirmək, atasından imtina etməyə bərabərdir”.

Yazıçı Cəlil Cavanşir ile ilgili görsel sonucu

Yazıçı Cəlil Cavanşir isə məsələyə bu cür şərh bildirdi:

“Şəhriyar del Geraninin bu fikri ilə həqiqətən razılaşıram ki, Səməd Vurğunun vaxtı, zamanı artıq keçib. Əslində Səməd Vurğun 20-ci əsrin əvvəllərində yaşadığı və yaratdığı dövrdə Azərbaycan ədəbiyyatı naminə çox böyük işlər görmüş şairdir. Zamanında çox məşhur, populyar olub. Deməzdim ki, o folklor şairdir. Xalqdan, eldən gəlmə şairdir. Onun yaradıcılığımı daha çox aşıq şeirindən gəlmə hesab edirəm.

Demirəm ki, onun yaradıcılığını üstündən xətt çəkmək lazımdır. Onun şeirlərinin tədris olunması, öyrənilməsi o qədər də vacib deyil. Lakin Azərbaycan ədəbiyyatında Səməd Vurğun və digər onun kimi digər şairlər var  ki, onları zorla ədəbiyyatda saxlamağa çalışır və vaxtaşırı bu cür müzakirələr açırlar. Məncə bütün bunlara ehtiyac yoxdur”

Həmçinin oxuyun

“Deyirlər ki, təzə rəhbərlik xətrinə dəyib” – VİDEO

Vəfat edən ölkənin sabiq baş pediatrı, tibb elmləri doktoru, professor Nəsib Quliyevin iş yoldaşı hadisə …