Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Cəmiyyət / Pullu və evli qadına göz dikən gənc: “Qız çox ərköyündür, evə gecə ikidə, üçdə gəlir…”

Pullu və evli qadına göz dikən gənc: “Qız çox ərköyündür, evə gecə ikidə, üçdə gəlir…”

Seymur VERDİZADƏ
***
Kəklikotu çiçəyi ilə dəmlənmiş çaydan adama bir-iki qurtum içib isinəndən sonra dostum üzünü mənə tutub, acizanə şəkildə xahiş etdi: “Müəllim, bu uşağın başına ağıl qoy. Tay-tuşlarının içərisində bundan başqa hamı evlənib. Nə qədər çalışırıqsa, yola gətirə bilmirik…”
Dostumun “uşaq” dediyi qardaşının bu gün-sabah 30 yaşı olacaq. Ali təhsilli, yaraşıqlı, boylu-buxunlu bir oğlandır. Böyük-kiçik yeri bilsə də, heç vaxt söz altında qalmır. Bu dəfə də belə oldu: “Evlənməklə bağlı mənim öz planlarım var. Xahiş edirəm, heç kim işimə qarışmasın”.
Oğlanın “planlarının” nədən ibarət olduğu çox keçmədən bizə də agah oldu. Dedi ki, maaşı azdır, aldığı pulla arvad saxlaya bilməz.
Dostum dərhal söhbətə müdaxilə etdi: “İşi-gücü, əlində sənəti olan bir qız alarsan. Əl-ələ verib dolanarsınız”.
Oğlan narazı halda başını buladı: “Bu, çıxış yolu deyil. Qəpik-qəpik artırmaqla ev, maşın, bağ almaq mümkün deyil”.
Dostum əsəbi şəkildə ayağa qalxıb, “o zaman ömrünün axırına kimi subay qalarsan” – deyərək, paralel küçədə yerləşən iş yerinin yolunu tutdu.
Adama bir stəkan isti çay süzəndən sonra ona tərəf əyildim: “Ramin, fikrin nədir? Niyə evlənmirsən?”
Oğlan sağa-sola boylanıb, heç kimin bizi eşitmədiyinə əmin olandan sonra belə dedi: “Müəllim, az qalıb. Uzağı, gələn ilin yayına kimi subaylığın daşını atacam”.
Bu xəbər məni əməlli-başlı sevindirdiyi üçün tez-tələsik soruşdum: “Qız kimlərdəndir? Hardan tanıyırsan?”
Raminin cavabı qısa oldu: “Dostumun baldızıdır. Çox imkanlı ailədirlər”.
Ona məsləhət verməyi özümə borc bildim: “Var-dövlət, sərvət ikinci dərəcəli məsələdir. Əsas məhəbbətdir. Qız səni sevir?”
Oğlan baxışlarını yerə dikib, güclə eşidiləcək səslə belə dedi: “Qız ərdədir. Bir uşağı var. Amma biz evlənəcəyik”.
Əvvəlcə qulaqlarıma inanmadım. Qələm dostum Seymur Baycanın məşhur bir fikri yadıma düşdü: “Maraqlı hadisələr onları danışmağı, yazmağı bacaran adamların başına gəlir”.
Deyəsən, Baycan haqlı idi. Ehtiyatla soruşdum: “Zarafat edirsən? Başqasının ailəsini dağıtmaq, körpə bir uşağı atasız qoymaq günah deyilmi?”
Oğlan baxışlarını yarıya kimi boşaltdığı stəkandan ayırmadan belə cavab verdi: “Onların ailəsi bu gün-sabah dağılacaq. Hər gün evlərində müharibədir. Mən olsam da, olmasam da onlar boşanacaqlar. Gecə səhərə kimi Allaha yalvarıram ki, bir az tez boşansınlar”.
Əməlli-başlı dilxor olmuşdum. Narazı halda soruşdum: “Hardan bilirsən ki, qız ərindən boşanan kimi sənə ərə gələcək?”
Ramin baxışlarını masadan ayırıb, üzümə zillədi. Onun gözləri parıldayırdı: “Bu məsələni dostum həll edəcək. Deyir ki, qız ərindən boşanan kimi sənə düzəldəcəm”.
Bu cür tiplə ilk dəfə qarşılaşdığım üçün nə deyəcəyimi, necə reaksiya verəcəyimi bilmirdim. Maraq xatirinə soruşdum: “Dostunun baldızı ərindən niyə boşanır?”
Çəkinə-çəkinə belə dedi: “Qız çox ərköyündür. Evə gecə ikidə, üçdə gəlir. Əri də bunu götürmür. Amma mənimçün bunun əhəmiyyəti yoxdur. İstəyir, heç evə gəlməsin…”
Raminlə aramızda yaş fərqi olduğu üçün etik qaydalara riayət etməyi özümə borc bildim. Tarıma çəkilmiş əsəblərimə sığal çəkə-çəkə belə dedim: “Gəl, bu sevdadan əl çək…”
Oğlan açıq danışdı: “Mümkün deyil. Qızın dədəsinin pulu başından aşır”.
Ramini fikrindən daşındırmağın mümkün olacağına inanmasam da, söhbəti davam etdirməyə qərar verdim: “Pul hər şeyi həll etmir”.
Oğlan bu dəfə daha həvəslə danışmağa başladı: “Dostum acından günorta dururdu. Evlənən kimi həyatı dəyişdi. Qapısında 3 maşın dayanıb. Çörək almağa “Passat”la gedir. Keçən həftə oğlunun ad günü idi. Təkcə kababçıya 1200 manat pul verdi”.
İki daşın arasında zarafatımdan qalmadım: “Sənin oğlunun ad günündə kababı mən özüm bişirəcəm. Narahat olma, pul-zad almayacam”,
Ramin bayaqkı ciddiyyətlə sözünə davam elədi: “Söhbət təkcə kababçıya pul verməkdən getmir. Dostum arvad qohumları ilə birlikdə Yeni ili Dubayda, Novruz bayramını Karlovı Varıda qarşılayır. Pulları o qədər çoxdur ki, Antalyaya getməyi özlərinə sığışdırmırlar. Geyindikləri ən ucuz ayaqqabının qiyməti beş min manatdır”.
Söhbəti davam etdirməyin mənası yox idi. Amma bu sualı vermədən oturduğum yerdən qalxmaq istəmədim: “Bilirsən, toydan sonra sənə nə deyəcəklər?”
Ramin halını pozmadan belə cavab verdi: “Bilirəm. Deyəcəklər ki, Məmmədalının oğlu peysərdir”.
Dərhal da əlavə etdi: “Amma mən o sözləri eşitməyəcəm. Çünki həmin vaxt qayınatamın bağışladığı villanın beşinci mərtəbəsində oturub, özümçün pivə qurtuldadacağam…”
Cibimdən iki əzik manatlıq çıxarıb, çaynikin altına qoydum. Ramin səfətinə arsız ifadə verib, belə dedi: “Müəllim, cibin dolu olsun! Toydan sonra çayın pulunu özüm verəcəm”.
Dilimin ucuna qədər gələn sözləri geri qaytarmadım: “Toydan sonra mən səninlə çay içməyəcəm”.

 

Həmçinin oxuyun

Bakı meriyasında müşavirə keçirilib, bu şəxsə şiddətli töhmət verilib

Bakı Şəhər İcra Hakimiyyətində martın 26-da Binəqədi rayonunda qadının liftin qapıları arasında qalaraq ölməsi faktı …