Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Cəmiyyət / Prezident: “Görsəm ki, iş görülməyib, onda özünüzdən küsün” – FOTO

Prezident: “Görsəm ki, iş görülməyib, onda özünüzdən küsün” – FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 4-də Xızı rayonunda suvarılacaq torpaqlarda meliorativ tədbirlərin başa çatdırılaraq yeni inşa olunan Taxtakörpü-Ceyranbatan kanalından suvarma suyunun verilməsi mərasimində iştirak edib.

Dövlət Neft Fondunun vəsaiti hesabına 2013-cü ildə “Samur-Abşeron suvarma sisteminin yenidən qurulması” layihəsi çərçivəsində mühüm əhəmiyyət kəsb edən su elektrik stansiyası ilə birlikdə ümumi su tutumu 268 milyon kubmetr olan Taxtakörpü su anbarının, Taxtakörpü-Ceyranbatan və Vəlvələçay-Taxtakörpü kanallarının tikintisi müvəffəqiyyətlə başa çatdırılıb. 2014-cü il fevralın 5-də regionların sosial-iqtisadi inkişafı Dövlət proqramlarının icrasına həsr olunan konfransda Prezident İlham Əliyev Taxtakörpü su anbarının istifadəyə verilməsi ilə əlaqədar layihə zonasında yerləşən rayonlarda yeni suvarılan torpaqların müəyyən edilməsi üzrə tapşırıq verib.

Həmin tapşırığın icrası ilə əlaqədar “Meliorasiya və Su Təsərrüfatı” Açıq Səhmdar Cəmiyyətinin (ASC) sifarişi ilə Türkiyənin “Təməlsu” məsləhətçi şirkətinin hazırladığı, “Evrascon” ASC və “Körpü-Bina-Tikinti” MMC tərəfindən icra olunan layihələrə əsasən “Samur-Abşeron suvarma sisteminin yenidən qurulması” layihəsi zonasında yerləşən Şabran rayonunda 14 min 38 hektar, Siyəzən rayonunda 6 min 972 hektar, Xızı rayonunda isə 9 min 609 hektar olmaqla cəmi 30 min 619 hektar yeni suvarılan torpaq sahələri müəyyən edilib. “Samur-Abşeron suvarma sisteminin yenidən qurulması” layihəsi zonasında yerləşən yeni suvarılan torpaqlarda aparılacaq meliorativ tədbirlər Dövlət Neft Fondunun vəsaiti hesabına həyata keçirilir.

“Meliorasiya və Su Təsərrüfatı” Açıq Səhmdar Cəmiyyətinin sədri Əhməd Əhmədzadə dövlətimizin başçısına layihə haqqında ətraflı məlumat verdi. Bildirdi ki, “Şabran, Siyəzən və Xızı rayonlarında mövcud suvarılan torpaqların su təminatının yaxşılaşdırılması və yeni suvarılan torpaqların istifadəyə verilməsi” layihəsinə daxil olan Xızı rayonu üzrə hazırlanan layihədə cəmi 12 min 579 hektar sahənin 9 min 609 hektarında meliorativ tədbirlər aparılmaqla yeni suvarılacaq torpaqların istifadəyə verilməsi və 2 min 970 hektarında mövcud əkin sahələrinin su təminatının yaxşılaşdırılması nəzərdə tutulur.

Azərbaycan Prezidenti İlham Əliyev Taxtakörpü-Ceyranbatan kanalından Xızı rayonunda yeni suvarılan torpaqlara suyun verilməsi qurğusunu işə saldı.

Dövlətimizin başçısına “Samur–Abşeron suvarma sisteminin yenidən qurulması” layihəsinə daxil olan “Şabran, Siyəzən və Xızı rayonlarında mövcud suvarılan torpaqların su təminatının yaxşılaşdırılması və yeni suvarılan torpaqların istifadəyə verilməsi” layihəsi barədə ətraflı məlumat verildi. Diqqətə çatdırıldı ki, Xızı rayonu üzrə yeni suvarılacaq torpaq sahələrinə dövlət, bələdiyyə və xüsusi mülkiyyətdə olan torpaqlar daxildir. Su yeni inşa olunan Taxtakörpü-Ceyranbatan və Samur-Abşeron kanallarından götürüləcək. Layihədə ümumi uzunluğu 269,7 kilometr, o cümlədən 200,3 kilometr qapalı və 69,4 kilometr açıq suvarma şəbəkələrinin tikintisi nəzərdə tutulur. Torpaqların meliorativ vəziyyətinin yaxşılaşdırılması məqsədilə 1150 hektar sahədə kollektor-drenaj şəbəkəsi layihələndirilib. Layihə 2014-cü ildə Fövqəladə Hallar Nazirliyi tərəfindən dövlət ekspertizasının rəyi ilə təsdiq edilib.

Qeyd edək ki, Prezident İlham Əliyev 2014-cü ilin iyul ayının 22-də Xızı rayonuna səfəri zamanı yeni inşa olunan Taxtakörpü-Ceyranbatan kanalından rayonun yeni suvarılan torpaq sahələrinə suyun verilməsi və mövcud suvarılan torpaqların su təminatının yaxşılaşdırılması üçün suburaxıcı qurğunun təməlinin qoyulması mərasimində iştirak edib və bu işlərin vacibliyini nəzərə alaraq, onların sürətləndirilməsi üçün müvafiq tapşırıqlarını verib.

“Meliorasiya və Su Təsərrüfatı” Açıq Səhmdar Cəmiyyəti tərəfindən bu tapşırıqların vaxtında icrasının təmin edilməsi üçün Dövlət Neft Fondunun vəsaiti hesabına 2014-cü ildən 3 min 396 hektar torpaq sahələrində kompleks meliorativ tədbirlərin həyata keçirilməsinə başlanılıb və işlər bu ilin avqust ayında tamamlanıb.

Yeni istifadəyə veriləcək 3 min 84 hektar torpaq sahəsinin 514 hektarı dövlət, 1715 hektarı bələdiyyə və 855 hektarı xüsusi mülkiyyətdədir. Bu torpaqların 170 hektarında ən son texnologiyalara əsaslanan yağış üsulu ilə suvarma sistemi quraşdırılıb. Bu sistem respublikada təbii təzyiq hesabına çiləmə aparan yeganə sistemdir.

Bildirildi ki, Xızı rayonunda bu ilin sonunadək əlavə olaraq 3 min 715 hektar, o cümlədən 2 min 315 hektar yeni suvarılan torpaqların istifadəyə verilməsi və 1400 hektar mövcud suvarılan torpaqların su təminatının yaxşılaşdırılması məqsədilə meliorativ tədbirlərin başa çatdırılması nəzərdə tutulur.

Bununla da 2015-ci ildə Xızı rayonu üzrə 7 min 111 hektar, o cümlədən 5 min 399 hektar yeni suvarılan torpaqların istifadəyə verilməsi və 1712 hektar mövcud suvarılan torpaqların su təminatının yaxşılaşdırılması təmin ediləcək. 2016-cı ildə isə layihənin başa çatdırılması üçün Xızı rayonunda 5 min 468 hektar ərazinin su təminatının yaxşılaşdırılması işləri həyata keçiriləcək. Yeni suvarılacaq torpaqların meliorativ vəziyyətinin yaxşılaşdırılması üçün 1150 hektarda kollektor-drenaj şəbəkəsinin tikintisi nəzərdə tutulub.

Prezident İlham Əliyev yaradılmış imkanlardan səmərəli istifadə edilməsi, növbəti layihələrin vaxtında və uğurla icra olunması ilə bağlı müvafiq nazirliklərin və qurumların rəhbərlərinə tapşırıq və tövsiyələrini verdi.

Azərbaycan Prezidenti İlham ƏLİYEV dedi: Burada bir neçə böyük təsərrüfat yaradılmalıdır. Çünki biz bu sahəni gərək tam şəkildə işə salaq. Buna nail olmaq üçün əlbəttə, böyük investisiyalar lazımdır. Artıq bütün bu sahə həm kreditləşdirmə yolu ilə, həm də sahibkarların öz vəsaiti hesabına gərək məhsul versin.

Kənd təsərrüfat naziri Heydər ƏSƏDOV: Cənab Prezident, ayırdığınız vəsait təsərrüfatları yeni cins inəklərlə də təmin etməyə imkan verir. Fermerləri beş min başadək inəklə təmin edə bilərik.

Prezident İlham ƏLİYEV: Yerlər dəqiq seçilməlidir. Hansı sahədə hansı işlər görüləcək və bu işlərin əlaqələndirilməsi də aparılmalıdır.

Heydər ƏSƏDOV: Bir də direnaj işləri görülməlidir.

“Meliorasiya və Su Təsərrüfatı” ASC-nin sədri Əhməd ƏHMƏDZADƏ: Kənd Təsərrüfatı, İqtisadiyyat və Sənaye nazirlikləri ilə birlikdə bu torpaqların hamısı analiz olunub, baxılıb ki, haradan necə istifadə etmək olar.

İqtisadiyyat və sənaye naziri Şahin MUSTAFAYEV: Bütün ərazi üzrə ümumi layihə hazırlanıb. Heydər Əsədovun dediyi kimi, torpaqların münbitliyindən asılı olaraq, harada nə əkmək məsləhətdir, – bağçılıq, taxılçılıq və sair sahələr üzrə xüsusi layihələr hazırlanır. Bu layihələr sahibkarlara təqdim olunacaq. Burada deyildiyi kimi, taxılçılıq, heyvandarlıq, bağçılıq, istixanaların yaradılması üçün də şərait var. Çünki tapşırığınıza əsasən burada tam infrastruktur yaradılıb, qaz, su, torpaqlar var.

Prezident İlham ƏLİYEV: Əlbəttə, siz sıx əlaqəli şəkildə işləməlisiniz. Çünki suyun verilməsinin ardıcıllığı da gərək razılaşdırılsın ki, biz bu yeni suvarılan 30 min hektar torpağın hamısından istifadə edək. Beləliklə bu, kənd təsərrüfatının inkişafına böyük təkan verəcək. Xüsusilə bu il kənd təsərrüfatı ilidir. Bir neçə fərman imzalanıb. İl ərzində nəticələr də yaxşıdır. Artım kifayət qədər böyükdür. Bütün bu layihələrin icrası nəticəsində daha da böyük artım olacaq.

Şahin MUSTAFAYEV: Cənab Prezident, tapşırdığınız kimi, iri fermer təsərrüfatlarının yaradılması da əsas məqsədimizdir. Çalışırıq ki, burada iri layihələr olsun. Bu il iri təsərrüfatların göstəriciləri də çox gözəldir, hektardan 60 sentner.

Heydər ƏSƏDOV: 20 hektardan artıq sahəsi olan 21 təsərrüfatda hər hektardan 55-60 sentner arasında məhsul yığılır.

Prezident İlham ƏLİYEV: Ümumi məhsuldarlıq 30 sentnerə qalxıb?

Heydər ƏSƏDOV: Cənab Prezident, 31 sentnerə çatıb. İndi qarğıdalı biçini gedir. Sizin ikinci əkinin aparılması barədə fərmanınıza əsasən bu il artıq indiyədək 14 min hektara qədər sahədə ikinci əkin aparılıb. Artıq təsərrüfatların yem bazası ilə bağlı problem demək olar ki, aradan qalxıb.

Prezident İlham ƏLİYEV: Yəni, bu, böyük müasir bir layihə olmalıdır. Hər şey nəzərdə tutulmalıdır. Məncə bunu etmək çətin olmayacaq. Çünki biz sıfırdan başlayırıq. Bunun əsas mənbəyi Taxtakörpü su anbarıdır. Burada qalan işləri planlı şəkildə etməliyik.

Bu xəritədə torpaqların ümumi görüntüləri əks olunub. Növbəti mərhələdə siz xəritəni ya biznes-plan, ya da maket şəklində tərtib edin. Biz torpaqları artıq təsərrüfatlar üzrə bölməliyik, bilək ki, harada hansı təsərrüfat yaradılacaq, onun sahəsi nə qədər olacaq, orada hansı işlər görüləcək. Biznes-planlar, investisiya layihələri hazırlanmalıdır. Əlbəttə dövlət də kömək edəcək, lakin əsas yük sahibkarların üzərinə düşəcək. Onlar da buna hazırdırlar.

Taxtakörpü su anbarının tikintisi tarixi hadisə idi. Bu layihənin icrasına təxminən 1 milyard manata yaxın vəsait xərclənib. Bu vəsait sahibkarlar üçün xərclənib ki, onlar istifadə etsinlər. Amma dövlət orqanları əlbəttə nəzarət etməlidirlər, istiqamət verməlidirlər. Bu layihə çox ciddi nəzarət altında olmalıdır. Gələcəkdə bundan özəl mülkiyyətçilər də istifadə edəcəklər. Amma indi mövcud torpaq sahibləri üçün böyük imkanlar açılır. Elə planlaşdırın ki, görülən işlər gələcəkdə bu zonanın turizm imkanlarına maneçilik törətməsin. Əminəm ki, turizmin inkişafı buralara da gəlib çatacaq. Gələcəkdə yollar salınacaq. İndi Siyəzən rayonunda sahilboyu yol çəkilir. Bu da gələcəkdə bu zonanın inkişafına xidmət göstərəcək.

Biz bütün işləri kompleks şəkildə görməliyik. Siz bütün təklifləri, biznes-planları hazırlayın. Çünki öz təşəbbüsləri ilə bu işləri görmək sahibkarlar üçün bir qədər çətin olacaq. Amma gərək biznes-planda hər şey dəqiq göstərilsin. İnvestisiya qoyuluşu nə qədərdir? Bunun iqtisadi səmərəsi nə olacaq?

Ondan sonra əlbəttə bütün infrastruktur məsələlərini dövlət öz üzərinə götürməlidir. Bu layihə çərçivəsində Azərbaycanda kənd təsərrüfatı məhsullarının istehsalı böyük dərəcədə artacaq. Gələn ilin də dövlət büdcəsində sahibkarlığın inkişafına dövlət tərəfindən kifayət qədər böyük vəsait nəzərdə tutulmalıdır. Çünki bu, həm sahibkarlığın inkişafına xidmət göstərir, həm də iqtisadiyyatın real sektoruna bilavasitə bir dəstəkdir.

Bir də bu layihənin üstünlüyü ondan ibarətdir ki, bu ərazi bizim ixrac bazarlarına da çox yaxındır. Bizim əsas ixrac bazarımız Rusiyadır. Bu il ərzində Rusiyaya bizim ixrac etdiyimiz məhsullar artıb. Burada yetişdirilən məhsulları həm daxili, həm də xarici bazarlara çıxarmaq üçün çox gözəl imkanlar olacaq. Dəmir yolu, avtomobil yolu ilə Rusiya sərhədinə yüz kilometrdən bir qədər çoxdur.

Eyni yanaşma qərb zonasında da olmalıdır. Şəmkirçay su anbarı istifadəyə veriləndən sonra artıq orada aqropark tikilir. Orada da bir neçə böyük təsərrüfat yaradılmalıdır. Yəni, eyni layihələri o bölgə üçün də hazırlayın. Düzdür orada bir layihə artıq başlayır – Şəmkir aqroparkı. Ancaq orada bir çox layihələr icra edilməlidir.

Əhməd ƏHMƏDZADƏ: Orada kanalların tikintisinə başlamışıq.

Prezident İlham ƏLIYEV: Bilirəm, başlamısınız. Vəsait də nəzərdə tutulub.

Əhməd ƏHMƏDZADƏ: Vəsait də verirsiniz, nəzarətdə də saxlayırsınız, gəlib yoxlayırsınız. Daha bundan yaxşı nə ola bilər?

Prezident İlham ƏLİYEV: Keçən il biz sizinlə burada dayananda mən demişdim ki, mən gələn il gələcəm, görsəm ki, burada iş görülməyib, onda siz özünüzdən küsün. Əsas bunlardır. Biz Taxtakörpü su anbarını, Samur-Abşeron kanalını buna görə yaratmışıq. Onlar olmasa, bu işləri görmək mümkün deyil.

Əhməd ƏHMƏDZADƏ: Cənab Prezident, ilin axırında bu iki rayonda yeni suvarılan sahələr səkkiz min hektara çatacaq.

Prezident İlham ƏLİYEV: Çox yaxşı. Bax, bu, görülən işlərin bariz nəticəsidir.

Həmçinin oxuyun

Bakı meriyasında müşavirə keçirilib, bu şəxsə şiddətli töhmət verilib

Bakı Şəhər İcra Hakimiyyətində martın 26-da Binəqədi rayonunda qadının liftin qapıları arasında qalaraq ölməsi faktı …

Bir cavab yazın