Ana səhifə / Cəmiyyət / Prezident dedi, köməkçisi izahat verdi, sahibkarlar və müəssisə rəhbərlərinə icra etmək qaldı…

Prezident dedi, köməkçisi izahat verdi, sahibkarlar və müəssisə rəhbərlərinə icra etmək qaldı…

Məlum olduğu kimi, dünya bazarında neftin qiymətinin kəskin aşağı düşməsi Azərbaycan iqtisadiyyatı üçün də müəyyən problemlər yaradıb. Bunun nəticəsidir ki, ölkəyə valyuta daxilolmaları kəskin azalıb. Manatın kursunun uzunmüddətli stabilliyi özünü “üzən məzənnə” ilə əvəz edib. Dövlət son bir ildə iki dəfə devalvasiya prosesi həyata keçirib.
Bütün bunlar normal və müvəqqəti narahatlığa səbəb olan hallardır. Çünki dünyanın inkişaf etmiş ölkələri belə, iqtisadiyyat üçün zəruri olan bu addımları atır. Bəzi qurumlar və şəxslər yaranmış mühitdən öz xeyirləri üçün sui-istifadə etməyə çalışır. Süni qiymət artımı, iş yerlərində kütləvi ixtisarlar, işçilərin əməkhaqqının kəsilməsi kimi hallara rast gəlinir. Ölkə başçısı keçirdiyi geniş müşavirədə belə hallara qarşı barışmaz mövqeyin ortaya qoyulacağını dedi. Artıq süni qiymət artımı ilə bağlı bir çox zəruri tədbirlər həyata keçirilib. Belə problemlər daha çox özəl qurumları da əhatə etdiyi üçün, tənzimləmə prosesində imperativ normalarla yanaşı, sosial məsuliyyət də böyük rol oynayır. Ölkə başçısı iş adamlarını məhz bu amilə diqqət yetirməyə çağırmışdı. Maraqlıdır ki, Azərbaycan Prezidentinin köməkçisi Əli Həsənov da Quba rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündə Prezidentin işəgötürənlərlə bağlı səsləndirdiyi sosial məsuliyyət mövzusuna yenidən toxunub: “Bugünkü vəziyyətdə icra başçısından tutmuş, sıravi vətəndaşa qədər hamı öz sosial məsuliyyətini dərk etməlidir. İş adamları da sosial məsuliyyətini dərk etməlidir”.
Ə.Həsənov bildirib ki, sahibkarlar işçiləri ixtisar etməməyə çalışmalıdır: “Cənab Prezident məhz buna görə sosial məsuliyyət məsələsini xüsusi vurğuladı. Hər bir rayondakı sahibkar özünü dövlətə, dövlətçiliyə, yerli insanlara bağlı hesab edirsə, sosial məsuliyyətini dərk etməli və iş yerlərində ixtisarlar aparmaqdan çəkinməlidir. Bu, sahibkarlığın qarşısında qoyulan sosial məsuliyyətdir. Bələdiyyədən tutmuş, icra hakimiyyətinə qədər yeni şəraitdə dövlətin qarşıya qoyduğu məsuliyyəti dərk etməlidir. İnsanların axşam öz evinə bir tikə çörək aparmaq ehtiyacının məsuliyyəti dərk edilməlidir. İnsanları problemlə təkbətək buraxmaq olmaz”.
Ə.Həsənov eyni zamanda bildirib ki, iş adamlarının qarşısında icra strukturlarının məsuliyyəti isə onlara biznesin genişləndirilməsi, sahibkarlığın inkişafı üçün şərait yaratmaqdan ibarətdir.
Prezidentin köməkçisi qeyd edib ki, bu gün bəzi dövlətlərdə, sözün əsl mənasında, bir tikə çörəyə ehtiyacı olan insanlar olduğunu görürük: “Azərbaycan bu vəziyyətə düşməyəcək və düşmək ehtimalı da yoxdur. Ölkənin o vəziyyətə düşməməyi üçün hamı əlindən gələni etməlidir”.
Ə.Həsənov vurğulayıb ki, yerli icra strukturları özəlləşmə ilə bağlı təkliflərlə yanaşı, özəlləşdirilmiş və hazırda işləməyən müəssisələrin işlək vəziyyətə gətirilməsi ilə bağlı da təklif hazırlamalıdır.
Prezidentin köməkçisi qeyd edib ki, hər bir dövlət məmuru, onun ailəsi, ətrafı insanların xidmətçisidir: “Vəzifə və məmur daimi deyil. Hər bir insan bu gün vəzifədədir, sabah postunu dəyişə bilər. Bu gün vəzifədə olmayan sabah vəzifədə olanın yerinə gələ bilər. Cənab Prezidentin qeyd etdiyi kimi, dövlətin siyasətinin gücü xalqa arxalanmağındadır. Yerlərdə hakimiyyətə qarşı müxalifət hərəkətlərinin heç bir perspektivi yoxdur. Hakimiyyət dayanıqlıdır, ona etiraz edənlər heç bir sosial dayağa malik deyillər. Sosial dayaq hər bir hakimiyyətin gücüdür. Dövlət və Prezident belə hesab edir ki, Azərbaycan vətəndaşlarının həllolunmaz problemləri qalmamalıdır. Azərbaycanda işsiz, sosial ehtiyac hissi yaşayan vətəndaş olmamalıdır”.
Həm ölkə başçısının, həm də onun köməkçisinin iş adamlarını sosial məsuliyyətə dəvət etməsi nə deməkdir və hazırkı mərhələdə nə rol oynaya bilər?
Sosioloq Nazim Əmirxanov qəzetimizə açıqlamasında bildirdi ki, tamamilə doğru olan çağırışlara bütün cəmiyyət dəstək verməlidir: “Bəzən insanlarımız dövlətin nə olduğunu lazımi şəkildə anlaya bilmir. Bunun üçün biz sosioloqlar onları asan yolla başa salırıq. Ailəni kiçik bir dövlət modeli olaraq onlara misal çəkirik. Hamımızın ailəsi var və bilirik ki, ailədə hər cür vəziyyət yaşanır. Bəzən kasıbçılıq da olur, ancaq bu heç də o anlama gəlmir ki, ritm pozulmalıdır. Kim nə istəyir onu da etməlidir. Bəli, bu gün hər bir Azərbaycan vətəndaşı dövlətin yanında olmalıdır. Təəssüf ki, yaranmış vəziyyətdən sui-istifadə edənlər də az deyil. Hansısa özəl müəssisədə işləyənlərin əməkhaqlarının kəsilməsinin şahidi oluruq. Səbəbini iqtisadi çətinliklə izah edirlər. Heç cür anlaşılmır. Bir adam 300 manat əməkhaqqı alırdısa, indi həmin pulun alıcılıq qabiliyyəti aşağı düşüb. Üstəlik, onun 100 manatını da vəziyyəti bəhanə edib kəsmək hansı məntiqə sığar? Əksinə, həmin işçiyə kömək etmək lazımdır. Bax, Prezidentin və cənab Əli Həsənovun nəzərdə tutduğu sosial məsuliyyət özündə bunu ehtiva edir. İş adamları dövlət, Vətən qarşısında məsuliyyətini dərk etməlidir. Onlar unutmamalıdır ki, Azərbaycanın imkanları, vəziyyətinin ürəkaçan olması həmin adamları zəngin iş adamına çevirib. Yaxşı gündə dövlətin imkanlarından yararlanmaq, çətin gündə isə yalnız özünü düşünməyin adı əsl məsuliyyətsizlikdir”.
Məhəmmədəli QƏRİBLİ

Həmçinin oxuyun

Təcrübəsiz adamlar necə direktor olur? – “Dostluq, qohumluq əlaqələri…”

Son vaxtlar məktəb və kollec direktorlarının fəaliyyətində nöqsan aşkarlanması və bu səbəbdən həmin vəzifəli şəxslərin …

Bir cavab yazın