Ana səhifə / Cəmiyyət / Prezident Administrasiyasının hesabatından hansı dövlət qurumları “üzü qara” çıxdı? – STATİSTİKA

Prezident Administrasiyasının hesabatından hansı dövlət qurumları “üzü qara” çıxdı? – STATİSTİKA

“Prezident Administrasiyasında 2015-ci ildə vətəndaşların müraciətlərinə baxılmasında şəffaflıq və nəzarət artırılıb, vətəndaşların ayrı-ayrı qurumlarda, idarə, təşkilat və müəssisələrdə yol verilən neqativ hallar barədə müraciətlərinə baxılıb”.

Azinforum.az  xəbər verir ki, bunu Prezident Administrasiyasının Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Süleyman İsmayılov “Azərbaycan Prezidenti vətəndaşların müraciətlərinə daimi diqqət və qayğını prioritet məsələ hesab edir” adlı təhlili məqaləsində bildirib.

Onun sözlərinə görə, bunlardan bir qismi vəzifəli şəxslərin fəaliyyətindən narazılıqlarla əlaqədar olub: “Nəzarətə alınan müraciətlərə baxılması nəticəsində Daxili İşlər, Vergilər, Təhsil, Səhiyyə, Ekologiya və Təbii Sərvətlər nazirliklərində, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində, Dövlət Neft Şirkətində, Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-də, İmişli RİH-də və başqa təşkilatlarda 52 nəfər barəsində inzibati və ya intizam tənbehi tədbirləri görülub, o cümlədən 22 nəfər vəzifəli şəxs vətəndaşlarla münasibətdə etik davranış qaydalarını pozduqlarına, süründürməçiliyə, vəzifə səlahiyyətlərindən sui-istifadəyə, müraciətlərin araşdırılmasında səhlənkarlığa yol verdiklərinə görə vəzifəsindən kənarlaşdırılıb. Vətəndaşların müraciətlərinə baxılması və qəbulu məsələləri 2015-ci ildə mərkəzi icra hakimiyyəti orqanlarında keçirilən kollegiya iclaslarında və müşavirələrdə 522 dəfə müzakirəyə çıxarılıb. Yol verilən nöqsanlara görə 948 nəfərə intizam tənbehi tətbiq olunub, o cümlədən 827 nəfərə töhmət verilib, Ekologiya və Təbii Sərvətlər, Daxili İşlər nazirliklərində, Əmlak Məsələləri Dövlət Komitəsində və digər qurumlarda ümumilikdə 100 nəfər işdən azad edilib. Bundan əlavə, 58 nəfərə xəbərdarlıq elan olunub və digər tədbirlər görülüb”.

S.İsmayılov qeyd edib ki, 2015-ci ildə şəhər və rayon icra hakimiyyəti başçıları yanında şura iclaslarında və müşavirələrdə vətəndaşların müraciətlərinə baxılması məsələləri 984 dəfə müzakirə edilib, müraciətlərə baxılmasında yol verilmiş nöqsanlara görə 232 nəfər barəsində intizam tənbehi tətbiq edilib: “Belə intizam tənbehi tədbirləri Lənkəran, Ağdaş, Ağstafa, Goranboy, Kəlbəcər, Kürdəmir, Qazax, Laçın, Lerik, Masallı, Saatlı, Salyan, Samux, Ucar, Zaqatala, Zərdab, digər şəhər və rayon icra hakimiyyətlərində daha çox tətbiq edilib. Prezident Administrasiyasında vətəndaşların nəzarət qaydasında baxılan bəzi müraciətlərinə alınmış cavablar göstərir ki, bu müraciətlər onlara vaxtında baxılıb tədbir görülməməsindən və dəfələrlə olunmuş müraciətlərə laqeyd yanaşılmasından irəli gəlir”.

***

2015-ci ildə vətəndaşlardan sosial müdafiə, əmək mübahisələri, işdən çıxarılma, ixtisar olunma, məhkəmə, milli təhlükəsizlik orqanlarının fəaliyyəti, maliyyə və bank, məişət, sənaye, sahibkarlığın inkişafı, səhiyyə, kənd təsərrüfatı məsələləri barəsində müraciətlər əvvəlki ilə nisbətən artıq olub.

Bu barədə Prezident Administrasiyasının Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Süleyman İsmayılovun “Azərbaycan Prezidenti vətəndaşların müraciətlərinə daimi diqqət və qayğını prioritet məsələ hesab edir” başlıqlı hesabat xarakterli məqaləsində qeyd olunub.

PA rəsmisi vurğulayıb ki, bəzi mövzular, o cümlədən şəhər və rayon icra hakimiyyətlərinin və bələdiyyələrin, polis və prokurorluq orqanlarının fəaliyyəti, nəqliyyat, ekologiya və təbii sərvətlər, torpaq, təbii fəlakət hadisələri, şəhərsalma və tikinti, evlərin, mənzillərin sənədləşdirilməsi, mənzil məsələləri barədə müraciətlərin sayı nisbətən azalmışdır. Ekoloji problemlərlə bağlı müraciətlərin sayının xeyli azalması ölkədə bu problemlərin müntəzəm həll olunmasından xəbər verir.

Müraciətlərin böyük əksəriyyətini təşkil edən ərizələrin əsas mövzuları sosial müdafiə, yəni, müvafiq əlillik dərəcəsinin, ünvanlı sosial yardımların, əlil arabalarının və minik avtomobillərinin verilməsi, mənzil problemlərinin həll edilməsi, məzunların ixtisas üzrə işlə təmin olunması, maliyyə və bank məsələləri, xaricdə müalicə və müayinəyə, dərman preparatları ilə təmin olunmaya kömək göstərilməsi, əfv və digər məsələlər barəsində xahişlərdən ibarətdir.

Müəyyən edilmiş təsnifat üzrə aparılan təhlillər göstərir ki, 2015-ci ildə vətəndaşlardan sosial müdafiə, əmək mübahisələri, işdən çıxarılma, ixtisar olunma, məhkəmə, milli təhlükəsizlik orqanlarının fəaliyyəti, maliyyə və bank, məişət, sənaye, sahibkarlığın inkişafı, səhiyyə, kənd təsərrüfatı məsələləri barəsində müraciətlər əvvəlki ilə nisbətən artıb. Bəzi mövzular, o cümlədən şəhər və rayon icra hakimiyyətlərinin və bələdiyyələrin, polis və prokurorluq orqanlarının fəaliyyəti, nəqliyyat, ekologiya və təbii sərvətlər, torpaq, təbii fəlakət hadisələri, şəhərsalma və tikinti, evlərin, mənzillərin sənədləşdirilməsi, mənzil məsələləri barədə müraciətlərin sayı nisbətən azalıb.

Prezident Administrasiyasına daxil olan müraciətlərin sayının təhlili göstərir ki, bir sıra şəhər və rayonlardan əvvəlki illə müqayisədə müraciətlərin sayı müəyyən qədər artıb. Bu baxımdan Bakı şəhərinin bəzi rayonlarını, Yevlax, Ağcabədi, Ağstafa, Balakən, Bərdə, Göygöl, Laçın, Lerik, Neftçala, Salyan, Tovuz, Yardımlı, digər şəhər və rayonları göstərmək olar. Müraciətlərin sayının əvvəlki ilə nisbətən azaldığı rayonlar isə Bakı şəhərinin ayrı-ayrı rayonları, Cəbrayıl, Füzuli, Kəngərli, Kürdəmir, Ordubad, Sədərək, Şahbuz, Şuşa, Zaqatala, Zəngilan, başqa şəhər və rayonlardır.

Əhalinin hər 1000 nəfərindən Prezident Administrasiyasına daxil olan müraciətlərin sayı orta respublika göstəricisinə nisbətən 2015-ci ildə Bakı şəhəri və onun Xəzər, Qaradağ rayonlarından, Mingəçevir, Naftalan, Beyləqan, Bərdə, Gədəbəy, Göygöl, Kəlbəcər, Laçın, Lerik, Yardımlı, Zəngilan, digər şəhər və rayonlardan yüksək olub.

Prezident Administrasiyasına daxil olan müraciətlərin müvafiq şəhər və rayonun kənd və qəsəbələrini nə dərəcədə əhatə etməsi, yəni, bu müraciətlərin coğrafiyası da az əhəmiyyət daşımır. Bəzi rayonların qəsəbə və kəndlərinin bir çoxundan Prezident Administrasiyasına müraciət daxil olur. Məsələn, Yevlax, Ağdaş, Ağstafa, Beyləqan, Cəlilabad, Daşkəsən, Göygöl, İmişli, Qazax, Neftçala, Samux, Şəmkir, Zaqatala, başqa şəhər və rayonları misal göstərmək olar. Təkrar müraciətlər isə Bakı şəhəri və onun bəzi rayonlarından, eləcə də Şəki, Yevlax, Ağcabədi, Ağstafa, Balakən, Göyçay, Kəlbəcər, Laçın, Masallı, Saatlı, Şəmkir, Ucar, digər şəhər və rayonlardan daha çox olub. Təkrar müraciətlərin sayı Naxçıvan Muxtar Respublikasının şəhər və rayonlarından, həmçinin Pirallahı, Naftalan, Xızı, Xocavənd, Qax, Qobustan, Qusar, Neftçala, Oğuz, Samux, Şuşa, Zəngilan, digər şəhər və rayonlardan daha az olub.

Təkrar müraciətlərdən böyük əksəriyyəti məhkəmə və hüquq mühafizə orqanlarının fəaliyyəti, sahibkarlıq, mənzil və məişət məsələləri barəsindədir.

Prezident Administrasiyasına daxil olan şikayətlərin də sayı az deyil. 2015-ci ildə respublikanın şəhər və rayonlarından daxil olan şikayətlərin öyrənilməsi göstərir ki, hələ də onların bəzilərində şikayətlərin sayı müxtəlif mövzular üzrə kifayət qədər çoxdur və bu da müəyyən narahatlıq doğurmaya bilməz. Ayrı-ayrı şəhər və rayonlar üzrə şikayətlərin sayının əvvəlki ilə nisbətən yüksək olduğu diqqəti cəlb edir.

Məsələn, Bakı şəhərinin ayrı-ayrı rayonlarında, Ağcabədi, Ağstafa, Bərdə, Göyçay, Göygöl, Qazax, Neftçala, Saatlı, Şamaxı, Tovuz, Yardımlı və digər şəhər və rayonlarda belə artım müşahidə olunur.

Şikayətlərin ümumi sayının azalması isə Bakı şəhərinin bəzi rayonlarından, Gəncə, Lənkəran, Naxçıvan, Sumqayıt, Ağdaş, Babək, Beyləqan, Füzuli, İmişli, Kürdəmir, Qubadlı, Qusar, Lerik, Oğuz, Ordubad, Sədərək, Şahbuz, Ucar, Zəngilan, digər şəhər və rayonlardan daxil olan müraciətlərdə özünü göstərib. Nəzərə almaq lazımdır ki, şikayətlər o zaman azalır ki, ilk növbədə, onların yaranma səbəbləri aradan qaldırılır. Bu baxımdan Azərbaycanda korrupsiyanın, bürokratiya və süründürməçiliyin kökünün kəsilməsinə xidmət edən, ölkə Prezidentinin bilavasitə təşəbbüsü və dəstəyi ilə yaradılan “ASAN xidmət”in fəaliyyətini qeyd etmək lazımdır.

Hesabatda deyilir ki, 2015-ci ildə daxil olan şikayətlərin mövzularına nəzər salsaq, 2014-cü illə müqayisədə bəzi mövzular üzrə onların azaldığını görürük. İctimai-siyasi, mənzil, şəhərsalma və tikinti, əmlak, mədəniyyət və turizm, kənd təsərrüfatı, qaçqınlar və məcburi köçkünlərlə bağlı məsələlər, ekologiya və təbii sərvətlər, evlərin, mənzillərin, torpaq və bağ sahələrinin sənədləşdirilməsi, sahibkarlıq üçün torpaq sahələrinin ayrılması, prokurorluq və polis orqanlarının fəaliyyəti, ictimai asayişin qorunması, meliorasiya və su təsərrüfatı, yolların və yol qovşaqlarının tikintisi, yaşıllıqların və meşələrin mühafizəsi, hərbi qulluqçuların sosial müdafiəsi, qaz və istilik təchizatı, sayğacların quraşdırılması, kommersiya-istehsalat obyektlərinin, fərdi evlərin tikintisinə icazə verilməsi, yerli qurumlarda vətəndaşların qəbulu və müraciətlərə baxılması və sair mövzuları buna misal göstərmək olar.

PA rəsmisi bir sıra məsələlərdə şikayətlərin sayının artmasına da diqqət çəkib:

“Bunlardan bank əməliyyatları, kreditlər, sığorta məsələləri, aqrolizinq, baytarlıq və fitosanitar xidmət, istehlak məhsullarının keyfiyyəti və qiymətləri, otlaq və örüş sahələrinin verilməsi, orta təhsil, sərnişin nəqliyyatı məsələləri, əməkhaqqı və əmək mübahisələri, zəbt olunmuş mənzillərin boşaldılmaması, məhkəmə qərarlarının icrası, icra hakimiyyəti başçılarının inzibati ərazi dairələri üzrə nümayəndələrinin, vəzifəli şəxslərin, milli təhlükəsizlik orqanlarının, bələdiyyələrin fəaliyyəti və digər məsələləri qeyd etmək olar”.

2015-ci ildə hüquq mühafizə, o cümlədən polis orqanlarının fəaliyyəti ilə əlaqədar ərizə və şikayətlərin sayı ötən ilə nisbətən azalıb. Lakin Binəqədi, Xətai, Xəzər, Nizami, Səbail, Lənkəran, Sumqayıt, Gəncə, Biləsuvar, Goranboy, Tovuz, digər şəhər və rayonların polis orqanlarının fəaliyyəti barədə ərizə və şikayətlərin sayı nisbətən çox olub. Prokurorluq orqanlarının fəaliyyəti ilə əlaqədar ərizə və şikayətlərin sayı əvvəlki ilə nisbətən 6,4 faiz azalsa da, Qaradağ, Nərimanov, Sabunçu, Suraxanı, Yasamal, Şirvan, Astara, Goranboy, Qazax, Quba, Sabirabad, Salyan, digər şəhər və rayonların prokurorluqlarının fəaliyyəti barədə müraciətlər daha çox olub. Bilavasitə məhkəmə orqanlarının və hakimlərin fəaliyyəti ilə bağlı ərizə və şikayətlərin təhlili göstərir ki, ayrı-ayrı şəhər və rayon məhkəmələrinin fəaliyyətindən narazılıq bildirən müraciətlər də az deyil. Bu baxımdan Nəsimi, Nizami, Suraxanı, Şirvan, Abşeron, Gədəbəy, Xaçmaz, İmişli, Kəpəz, Nizami (Gəncə), Tərtər, Zərdab, digər şəhər və rayonların məhkəmələrinin fəaliyyəti barədə müraciətlər nisbətən yüksək olub.

2015-ci ildə dövlət orqanlarının mərkəzi aparatlarına daxil olmuş müraciətlər 2014-cü illə müqayisədə 4,8 faiz azalıb. Həmin müraciətlərin 70 faizi ərizə, 29,5 faizi şikayət, 0,5 faizi təkliflərdən ibarətdir.

Həmçinin oxuyun

Vüsalə Mənsimova Mübariz və Mais Mənsimovları məhkəməyə verdi

Məşhur azərbaycanlı iş adamı, “Palmali” şirkətlər qrupunun sahibi Mübariz Mənsimov və qardaşı Mais Mənsimov barəsində …

Bir cavab yazın