R.Rüstəmov qeyd edib ki,Azərbaycanda insan kapitalı gələcəkdə bizi gözləyən dəyişikliklərə uyğunlaşmağa hazırdır: “Təbii ki, bunun arxasında düzgün qərarlar olmalıdır. Hazırda Azərbaycanın peykləri gənc azərbaycanlı mütəxəsislər tərəfindən idarə olunur. 2011-ci ildə Azərkosmos yaradılanda xaricdə təhsil almış azərbaycanlı gənclərin ölkəyə qayıtması nəticəsində biz “Azərkosmos“ komandasının formalaşdırılmasında heç bir çətinlik yaşamadıq.
Ümumilikdə tendensiya belədir ki, müəyyən iş növləri aradan qalxacaq, daha çox yaradıcılıq, liderlik bacarıqları yaxşı olan iş yerləri daha aktual olacaq. Milyonlarla insan peşələrini dəyişməsə öz işlərini itirəcəklər. İnsanlar bu riskləri nəzərə almalıdır. Hökumətlər, qeyri-hökumət təşkilatları insanları maarifləndirməli və stimullaşdırmalıdırlar ki, yeni peşələrə yiyələnsinlər”.
“Azərkosmos“da aparılan işlər barəsində danışan sədr müavini əlavə edib ki, ASC-də tədqiqatlar və inkişaf mərkəzləri yaradılır. O, qeyd edib ki, gənclər peyklərin idarə olunması üçün proqram təminatları hazırlayırlar. (Azvision.az)