Cümə , Aprel 19 2024
Ana səhifə / Cəmiyyət / PERİFERİYA ÖLKƏLƏRİNDƏ LİSEYLƏR VƏ “SABAH QRUPLARI”- mərkəzi istismarçı kapitalist ölkələrinin elmi plantasiyaları

PERİFERİYA ÖLKƏLƏRİNDƏ LİSEYLƏR VƏ “SABAH QRUPLARI”- mərkəzi istismarçı kapitalist ölkələrinin elmi plantasiyaları

Adına bazar iqtisadiyyatı deyilən kapitalizmdə dövlətin əsas funksiyalarından biri bazarın doğurduğu disproporsiyaların yaratdığı fəsadları aradan qaldırmaq və onları tənzimləməkdən ibarət olmalıdır. Həmçinin dövlət elə mexanizmlər yaratmalıdır ki, həmin disproporsiyaların dövri olaraq yaranmasının qarşısı alınsın.

Məsələn, dünyanın inkişaf etmiş kapitalist ölkələrində əhalinin kəskin təbəqələşməsi problemi tənzimləmək üçün orta təbəqənin dayanıqlı olaraq mövcud olması üçün kiçik və orta biznesə daha üstün imkanlar yaradılır, iri biznes üçün bəzi sahələrdə hədlər müyyən edilir. Periferiya ölkələrində isə belə yanaşmalar ya yoxdur, ya da ki, formal xarakter daşıyır. Bəzən isə tam əks proseslər yaşanır. Dövlət qeyd olunan funksiyanı lazımınca yerinə yetirmədiyindən bütün sahələrdə disproporsiyaların yaranmasına və dərinləşməsinə münbit şərait yaranır. Nəticədə xroniki xarakter alan disproporsiyalar böhranların baş verməsinə böyük əsaslar yaradır. Disproporsiyaların mövcudluğu şəraitində heç bir sahənin normal, dayanıqlı inkişafından söhbət gedə bilməz.

Keçmiş SSRİ-də proporsionallıq XALQ TƏSƏRRÜFATININ PROPORSİONAL VƏ PLANAUYĞUN İNKİŞAF qanunu səviyyəsinə qədər yüksəlmişdi. Bu qanunun fəaliyyəti ilə hər bir sahədə ictimai bərabərliyin və ədalət prinsipinin təmin olunmasına və dayanıqlı inkişafa nail olunurdu.

İqtisadi təbəqələşmə özünü bütün sahələrdə aydın göstərir. Təhsil sahəsində təbəqələşmənin simvolu kimi LİSEYlər və universitetlərdəki Sabah qrupları çıxış edir. Liseylər və Sabah qrupları disproporsiyanın nəticəsi olmaqla, həm də özü güclü və davamlı olaraq disproporsiyaların yaranma mənbəyi rolunu oynamaqla birbaşa olaraq təbəqələşməni gücləndirir. Yəni liseylərdə və Sabah qruplarında təhsil alanlar potensial olaraq hazır fərqli təbəqəyə çevrilir. Belə olan halda dövlət dövlət məktəblərində təhsilin səviyyəsini yüksəltməklə mövcud fərqi kompensasiya etmək əvəzinə əksinə, özü də birabaşa olaraq bu prosesin dərinləşməsinə rəvac verir. Özəl liseylər və universitetlər olduğu halda dövlət özü lisey və universitetlərdə “Sabah qrupları” yaradaraq bir növ özünün dövlət məktəb və universitetlərində təhsilin lazımı səviyyəsinə nail olmaq vəzifəsini yerinə yetirməkdən imtina edir. Nəticədə inkişafın əsas hərəkətverici qüvvəsi olan “ortalar” yox, inkişafı ləngidən zəiflər və güclülər meydana gəlir. Bütövlükdə cəmiyyət zəiflər və güclülər formasında təzahür edir. Bu forma ilə uzunmüddətli dayanıqlı inkişaf təmin edilə bilməz. Yeni bir paradoks da yaranır: disproporsiyaları tənzimləməli olan dövlət özü disproporsiyaların dərinləşməsinə səbəb olan tədbirlər həyata keçirir.

Liseylər və Sabah qrupları niyə kapitalist ölkələrinin elmi plantasiyaları sayılır? Ona görə ki, həmin lisey və Sabah qruplarını bitirən intelektli insanları periferiya ölkəsi zəruri əmək haqqı olan layiqli işlə təmin edə bilmədiyindən onlar bu cür iş imkanları olan kapitalist ölkələrinə üz tutur, orada işləyir və potensialını həmin ölkələrin inkişafına sərf edir. Periferiya ölkəsi isə sadəcə kapitalist ölkələrinin elmi plantasiyalarına qulluq edən qulluqçu rolunu icra edir. Bu yerdə kimsə durub deyə bilər ki, xeyr həmin insanların hamısı qeyd olunan ölkələr getməyəcək, çoxu ölkədə qalıb işləyəcək. Olsun. Əgər iş tapa bilsələr. Hər halda ən yaxşıları gedəcək. Ona görə bunun baş verməməsi üçün ən yaxşı yol proporsionallığı təmin etməkdir.

Lisey və Sabah qruplarına üstünlük vermək nə deməkdir? Periferiya ölkələri keçmiş SSRİ-də olduğu kimi hamı üçün yüksək təhsil şəraiti təmin edə bilmir, daha doğrusu buna heç ehtiyac da duymur. Nəticədə zənginlər üçün 3-5%- əhatə edəcək Lisey və Sabah qrupları meydana çıxır. Onların isə ölkəyə ziyanları faydalarından daha çox olur. Digərləri isə formal təhsilin ümidinə qalır. Bu isə təhsil yox, təhsilin imitasiyası sayılır. Məsələn, həmin liseylərdə oxumaq imkanı olmayan rayonlarda yaşayan istedadlı gənclər dövlət məktəblərinin verdiyi təhsilin ümidinə qalmaqla, ali məktəbə qəbul imtahanları zamanı 300-400 bal toplayıb müsabiqədən kənarda qalır. Həmin gənclərdən istedadı zəif olanlar liseylərin yaratdığı imkandan istifadə edərək daha yüksək bal toplamaqla ali məktəblərə qəbul olur. Nəticədə dövlət özünün ölkəyə daha çox fayda verə biləcək istedadlı insanlarını və bunun simasında özünün daha yaxşı gələcəyini itirmiş olur.

Lisey və Sabah qrupları olsun. Amma qoy bununla ancaq özəl sektor məşğul olsun, Dövlət isə ancaq bunun doğurduğu mənfi fəsadları neytrallaşdaırmaq üçün dövlət məktəb və universitetlərində təhsili həmin lisey və Sabah qruplarındakı səviyyəyə uyğunlaşdırmaqla məşğul olsun. Daha özü həmin uyğunsuzluğu dərinləşdirməklə yox.

Firdovsi ŞAHBAZOV

Həmçinin oxuyun

İqtisadi və Sosial İnkişaf Mərkəzi (CESD) məktəb turunu yekunlaşdırıb

İqtisadi və Sosial İnkişaf Mərkəzi (CESD) Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi və Naxçıvan Muxtar …