Cümə , Aprel 19 2024
Ana səhifə / Cəmiyyət / “Pərvin Abıyeva 24 saat canlı yayımda yatsa belə 35 min dollar qazana bilməz” – REAKSİYA

“Pərvin Abıyeva 24 saat canlı yayımda yatsa belə 35 min dollar qazana bilməz” – REAKSİYA

“Tiktok” sosial şəbəkəsi son vaxtlar Azərbaycanda xeyli populyarlıq qazanıb. Bir çoxları buna gənclərin asudə vaxtlarını keçirməsi və əylənməsi üçün platforma kimi baxır. Bəziləri isə “Tiktok” hesabına məşhurlaşıb. Bir çox məşhurlar isə “TikTok” sosial şəbəkəsində oyun oynayaraq gəlir əldə edir. Məhşurların “tik-tok”dan əldə etdiyi gəlirlərdən həvəsə düşən gənclər də kütləvi şəkildə bu şəbəkəyə axın edib bəxtlərini sınayırlar. Əvvəllər hər kəsin yüngül əyləncə məkanı hesab elədiyi bu platformadan ciddi məbləğdə pul qazanan insanlar var.

Aktrisa Pərvin Abıyeva da “TikTok” sosial şəbəkəsinə qatıldığı ilk ay 35-36 min dollar (təxminən 59500 – 61200 AZN) qazandığını bildirib.

Aktyor Elcan Rəsulov isə Pərvin Abıyevanın “TikTok”dan 35.000 dollar pul qazanmışam” iddiasını yalanlayıb: “Mən “TikTok”a birinci gələn məşhuram. Tam əminliklə deyirəm ki, heç nə deyilən kimi deyil. Pərvin Abıyeva real 35 000 dollar görməyib. Sadəcə, rəqəm hesabı ilə görüb. Qazandıqları yalnız ona qala bilməz. Bir az da xərcləməlidir. Qazandığın pulun yarısını geri dönüş almaq üçün xərcləməlisən. Qazandım, götürdüm, getdim kimi məsələ olmur, yoxdur da…” Dia.az-ın məlumatına görə, “De Media” şirkətinin rəhbəri, yutuber Bahadur Seyidov (Hoca) isə ”Şərq”ə açıqlamasında deyib ki, Azərbaycanda “TikTok” üzərindən reklamla pul qazanmaq hələ ki formalaşmayıb:

“Hazırlayıb paylaşdığın hər hansı bir videonun üzərində reklamlar çıxır və sən həmin reklamlardan pul qazanırsan. Yutub və feysbukda bu sistem geniş yayılıb. “TikTok”da isə mümkün olmadığından tiktokerlər “coinlər” vasitəsiylə pul qazanırlar. Yəni “TikTok” istifadəçiləri izlədiyi şəxsin canlı yayımına qoşularaq ona istədiyi məbləğdə hədiyyə göndərə bilər. Canlı yayımlar hədiyyə sistemi ilə işləyir. “TikTok” istifadəçiləri profilə daxil olub ürək göndərirsə, bu, 50 “coin” hesablanır. Şir göndərmək isə 3000 “coin” dəyərindədir. İzlədikləri insanlar isə həmin “coin”ləri nağd pula çevirə bilirlər. Amma məbləğin hamısı izlənən şəxsin cibinə getmir. “TikTok” həmin pulun müəyyən faizini özünə götürür”.

– “TikTok”dan gəlir əldə etməyin daha rahat bir yolu yoxdurmu?

– Əlbəttə, var. Bahalı markalar bu platformanı marketinq məqsədləri üçün istifadə edir və gəlir gətirirlər. “TikTok”a markaların marağı artdıqca, bu da yaradıcılara “TikTok”dan pul qazanmaq üçün daha böyük imkanlar yaradır. “TikTok”da məşhurlaşıb böyük markaların, brendlərin “üzünə” çevrilənlər də var, böyük-böyük dəvətlər, ciddi iş təklifləri alanlar da. Sadəcə olaraq bizdə nə Pərvin Abıyevanın, nə də hansısa başqa məşhur istifadəçilərin bahalı markaları reklam etdiyini görməmişəm. Azərbaycanda fəaliyyət göstərən markaların heç biri “Tiktok”u ciddi şəbəkə kimi qəbul etmədiyi üçün orada reklam verməkdə maraqlı deyillər. Reklam postlarını daha çox instaqramda, yutubda verirlər. Dünya şöhrətli ulduzlar isə reklam etdikləri firmalarla bağladıqları müqavilələr əsasında burdan milyonlara sahib olurlar.

– Pərvin Abıyeva “TikTok”dan 35 min dollar qazana bilər?

– Düzü, Azərbaycanda həftəlik sıralamada lider olan şəxsə nə qədər jeton gəlir, nə qədər məbləğ hədiyyə kimi göndərilir, konkret statistikasını bilmirəm. Amma Pərvin Abıyeva 24 saat canlı yayımda yatsa belə 35 min dollar qazana bilməz. Onun izləyicilərinin və canlı yayımlarına baxış sayına görə bunun mümkün olmadığına əminəm. Sözsüz ki, Pərvin Abıyeva gözəl və cazibədar xanımdır, amma heç kim pulunu çölə atmır. Həmin məbləğin onda biri qədər qazana bilər. Məşhur simadı, yəqin düşünüb ki, qazandığı məbləği şişirtsə, izləyicilərinin ona “coin” göndərənlərin sayı daha da artacaq.
Bahalı paltar geyinən cılız adamlar var ki, hansısa məclisə daxil olanda onun geyiminə baxıb hörmətlə qarşılayırlar ki, imkanlı adamdı.

… “dostlar, nolar, mənə hədiyyə göndərin”

Lap o qədər gəlir qazansa belə bunu ictimaiyyətə açıqlamağın özü belə biabırçılıqdı. Bir şeyi ki, ona-buna yalvara-yalvara, dilənə-dilənə qazanasan!? Mənim fikrimcə, “TikTok”da canlı açıb hədiyyə istəməklə, küçədə əl açıb dilənməyin heç bir fərqi yoxdur. Bu da bir növ virtual dilənçilikdir. Mən “TikTok”dan maarifləndirici videolar paylaşmaq üçün istifadə edirəm. Heç vaxt canlı açıb “dostlar, nolar, mənə hədiyyə göndərin” deyə yalvarmaram. Özünə hörmət edən insan bu cür pul qazanmamalıdır. Vallah, azdan-çoxdan bəzi məşhurlara hörmətim vardı, “TikTok” çıxandan hamısı gözümdən düşüb. Onsuz da hamınızın gəliriniz kifayət qədərdir, qəpik-qəpik pul dilənməyə ehtiyacınız var ki!?

– Mən kiməsə hədiyyə göndərirəmsə, mənim xeyrim nədir?

– Heç nə, kütlə təfəkkürü… bəzən insanlarımızı da heç başa düşmürəm. Kimi dindirirsən ağlayır, kasıbçılıqdan gileylənir. Amma bütün gün oturub “TikTok”da ona-buna hədiyyə göndərirlər. Bəzilərinin pulu çoxdu, ürəyi pul xərcləmək, başqalarına hava atmaq, populyarlıq qazanmaq istəyir və yer tapmır. Yerdə qalanları da axına qoşulur. Baxır ki, bunun bəyənib izlədiyi məşhuru hədiyyə yağışına tutublar, həvəslənib bu da 3-4 manatlıq hədiyyə alır “coin” göndərir. 1 dollara nə qədərsə “coin” alır və beş-beş, on-on göndərir. İzləyicilərinin sayı çox olan blogerlər bu məbləğlər üst-üstdə yığılanda böyük pul edir.
Sosial şəbəkələr, eyni zamanda, saxta göstərişlərin və saxta xoşbəxtliyin məkanıdır.

– Azərbaycanda insanlar arasında tiktokerlər müsbət qarşılanmır. Səbəbi isə bayağı, heç bir informasiya ötürməyən, maraqsız videolardır. Bu, belə də davam edəcək, yoxsa nə vaxtsa “TikTok”da digər şəbəkələr kimi əhəmiyyətli bir platformaya çevriləcək?

– Mən özüm “TikTok”da yeni profil açmışam. Bu günə qədər istifadəçisi deyildim. Mənasız videolarla “like” yığan insanları izləmək mənim üçün maraqlı deyildi. Amma sonradan fikrimi dəyişdim və hətta feysbukda belə bir post da paylaşdım ki, “biz hamımız tiktoka getməliyik” . Hər nə qədər orada paylaşılan videolar bayağı olsa da, o insanlar da bizim bir fərdimizdir. Maraqlarımız, dünyagörüşlərimiz uyğunlaşmır deyə biz “TikTok”da bayağı paylaşımlar edən gəncləri öz auditoriyamızdan kənar edə bilmərik. Bənzətməm bir az etik çıxmaya bilər, amma 100 qoyunu olan çoban təsəvvür edin. Həmin qoyunların 90-ı sürüdən ayrılıb dərəyə düşür. Çoban ora dərədi deyib 10 qoyunla yoluna davam etməyəcək ki? Dərəyə doğru gedəcək. Əstəğfürullah, camaatı qoyunla müqayisə etmirəm, sadəcə, misal çəkirəm.

Deməyim odur ki, KİV olaraq insanlarımızı maarifləndirmək istəyiriksə, biz də kütlə hardadırsa, orada olmalıyıq. Ziyalı, ictimaiyyət adamlarının toplaşdığı sosial platformalarda özümüz deyib özümüz eşidəcəyiksə, daha maarifləndirmənin nə əhəmiyyəti? Kütlə hardadırsa, biz də həmin platformada öz işimizi qurmalıyıq. Bilirsiniz, gənclər niyə “TikTok”da bayağı videolar çəkib paylaşa, hər cür hoqqadan çıxa bilir? Çünki onun əmisi, dayısı, müəllimi həmin platformada yoxdur. “TikTok”da istifadəçilərinin əksəriyyəti özü ağılda dostları-qonşularıdır. Əgər bir böyüyü, yaxın qohumun onu izlədiyini bilsə utanacaq əttökən videolar çəkməyə. Utanmayanlara da ailə böyükləri tənqid edib utandıracaq. Bütün şəbəkələr bu yoldan keçib. 10 il əvvəl insanlarımız yutubda ancaq meyxanaya, Üzeyirə qulaq asır, “mırt” videolara baxırdılar. Bu gün isə hər kəs yutub kanalı açaraq öz auditoriyasını orada toplayıb. Həmçinin də feysbuk profili açanda deyirdilər “qızlarla çatlaşır”. Vaxt gələcək “TikTok” da ələnərək normal bir platforma kimi qəbul olunacaq. “Kəşf et”də qarşımıza sadəcə əttökən deyil, maarifləndirici və səviyyəli videolar çıxacaq. Artıq mən “Demədi-demə”də hazırladığım maarifləndirici, motivasiya edici videoları öz “TikTok” səhifəmdə paylaşmağa başlamışam. Mənə dedilər sənin videolarını orada heç kim izləyən deyil. Halbuki, su içməyin faydaları haqqında hazırladığım videonun 1 milyon 200 baxış var. Bu gün işlədiyim gənclərin heç biri feysbuk işlətmir. Onların maraq dairəsi “TikTok”dur.

Feysbuk artıq orta nəslin sosial platforması kimi qəbul olunur. Ona görə yeniliklə uzlaşmağın tərəfdarıyam və hesab edirəm ki, ziyalı insanlarımız da “TikTok”da özlərinə hesab açaraq öz sahələrinə uyğun paylaşımlar etməlidir ki, gənclərin maraq dairəsi genişlənsin.

Həmçinin oxuyun

İqtisadi və Sosial İnkişaf Mərkəzi (CESD) məktəb turunu yekunlaşdırıb

İqtisadi və Sosial İnkişaf Mərkəzi (CESD) Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi və Naxçıvan Muxtar …