Ana səhifə / Cəmiyyət / “Pəncəli dünyaya gələn gün kəndimizə bir metr hündürlüyündə qar yağdı…”

“Pəncəli dünyaya gələn gün kəndimizə bir metr hündürlüyündə qar yağdı…”

Bu gün 2016-cı il şanlı aprel döyüşlərində şəhid olan gizirimiz Pəncəli Nurməhəmməd oğlu Teymurovun doğum günüdür. P.Teymurov 1981-ci il martın 24-də Astara rayonunun Əzərüd kəndində anadan olub. Hərbi xidmətini başa vurduqdan sonra könüllü olaraq xidmətini yeni yaradılan Azərbaycan Xüsusi Təyinatlı Qüvvələrinin kəşfiyyatçı-diversant taborunda davam etdirib və 17 il orduda xidmət edib.

P.Teymurov 2013-cü il avqust ayında ailə həyatı qurarkən toyunda çıxışı zamanı bu sözləri dedi: “Dostlar, həqiqətən bəzi şeylər var ki, bizim əlimizdə deyil, amma mən sidq ürəklə deyirəm. Hər zaman, hər an xalqım üçün, torpağım üçün, vətənim üçün canımdan, qanımdan keçməyə hazıram. Həmişə özümə arzu etmişəm ki, Vətənim üçün şəhid olum, tabutum Azərbaycan Respublikasının üçrəngli, ay-ulduzlu bayrağına bükülüb dəfn olunmağa aparılsın”.
P.Teymurov bu arzusuna 2016-cı ilin aprel döyüşlərində çatdı. Onun toyunda iştirak edən tanınmış müğənni Manaf Ağayev saytımıza açıqlamasında bildirdi ki, Pəncəli şəhid olandan sonra onlara gedib, məzarının üstündə mahnı ifa edib. Toyda ona verilən pulu geri qaytarmaq istəsə də, valideynləri bunu qəbul etməyib. 
Hərbi tapşırıqları uğurla yerinə yetirdiyinə görə o, müxtəlif medallar və mükafatlarla tətlif olunub. O, ən böyük mükafatını 2015-ci il iyunun 25-də alıb. 2015-ci ildə işğal altında olan Kəlbəcər rayonunda xüsusi əməliyyat zamanı düşmən ordusuna məxsus bir neçə hərbi texnika, ağır artilleriya və iyirmidən çox hərbçi məhv edildi. Bu əməliyyatda göstərdiyi bacarıq və peşəkarlığı, cəngavərliyi, nümunəvi xidməti nəzərə alınaraq komandanlığın təqimatına əsasən ölkə Prezidentinin Sərəncamı ilə “İgidliyə görə” medalı ilə təltif edilib.  Aprel döyüşlərində göstərdiyi qəhrəmanlığa görə isə ölkə başçısının sərəncamı ilə şəhid gizirimiz Pəncəli Nurməhəmməd oğlu Teymurov ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif edilib. Aprelin 11-də şəhid Pəncəli Teymurov doğulduğu Əzərüd kəndində böyük izdihamla dəfn edilib. 

P.Teymurovun əmisi Şirməmməd Fərəcov ilk dəfə bizim sayta onun dünyaya gəlməsi haqda xatirəsini danışıb. O, bildirib ki, Pəncəli dünyaya gələndə həmin gün kənddə bir metr hündürlüyündə qar yağdı: “1981-ci il martın 24-də kəndimizdə qeyr-adi təbiət hadisəsi baş verdi. Birdən-birə kəndimizə bir metr hündürlüyündə qar yağıdı. Bakıda diplom müdafiəsini başa vurub kəndimizə qayıtdım. Maşın olmadığı üçün rayondan kəndimizə 20 kilometr yolu piyada gedib evə çatdım. Gördüm ki, anam evdə yoxdur. Bir neçə saat sonra anam evə gəlib dedi ki, Nurməhəmmədin bir oğlu oldu. Atası Nurməhəmməd dedi ki, uşağa  idmançı sinif yoldaşım Pəncəlinin adını qoyacam. Elə də oldu, uşağa Pəncəli adını qoydular.  Nurməhəmmədin sinif yoldaşı Pəncəli Əliyev isə uzun müddətdir ki, Rusiyada Azərbaycan Diasporunda işləyir”. 
Allah cəmi şəhidlərimizə rəhmət eləsin! (Moderator.az)

Həmçinin oxuyun

Təcrübəsiz adamlar necə direktor olur? – “Dostluq, qohumluq əlaqələri…”

Son vaxtlar məktəb və kollec direktorlarının fəaliyyətində nöqsan aşkarlanması və bu səbəbdən həmin vəzifəli şəxslərin …