Şənbə , Aprel 20 2024
Ana səhifə / Cəmiyyət / Özü şəhid oldu, 3 qardaşı veteran – Abdal-Gülablı dağlarında dolaşan ruh

Özü şəhid oldu, 3 qardaşı veteran – Abdal-Gülablı dağlarında dolaşan ruh

Hələ dünyanın düz vaxtıydı. Hələ “qurdun quzu ilə dostluğu” hökm sürdüyü zamanlar idi. Elə həmin günlərin birində – 1971-ci il 20 sentyabrda Ağdam rayonun Abdal kəndində Zərnigar və Əhəd Hüseynovların ocağında bir oğul da dünyaya gəldi. Adını Füzuli qoydular. “Yaşını Yaradan versin” dedilər.

Füzuli orta məktəbə ilk qədəm basanda da, oranın 8 illik təhsilini başa vuranda da, Ağdam Kənd Təsərrüfatı Mexanikləşdirilməsi və Elektrikləşdirilməsi Texnikumunda təhsilini davam etdirəndə də tay-tuşlarından, həmyaşıdlarından zəkası, yaşına uyğun olmayan sambalı, cəsurluğu ilə seçilərdi. Texnikumu bitirdikdən sonra Sovet Ordusuna hərbi xidmətə çağrıldı. Ukraynada, Moldovada hərbi xidmət keçdikdən sonra vətənə döndü. Vətənin isə ağır günləri başlamışdı, Qarabağ adlı böyük bir el erməni məkrinin, rusun “parçala, hökm et” siyasətinin qurbanına çevrilmişdi.
Ermənistanın işğalçı qoşunları şəhərləri, kəndləri dağıdır, talan edir, dinc insanları qətlə yetirirdi.

Füzuli heç düşünmədən qardaşları Sadiq, Fərman, Yaşar kimi orduya yazıldı, döyüşlərə atıldı. 708 saylı hərbi hissənin 3-cü MAT-ın sosial siyasi işlər üzrə komandir müavini N. Hətəmovun onun haqqında yazdığı xidməti xasiyyətnamədə deyilir:

“Sıravi Füzuli Hüseynov1992-ci ilin 2 mart tarixində Azərbycan Silahlı Qüvvələrinə hərbi xidmətə çağrılıb. Xidmətinə Ş.Mirzəyev adına 836 saylı alayda başlayıb. May ayında Ağbulaq, Dəhraz uğrunda gedən döyüşlərdə qəhrəmancasına döyüşüb. Mayın 15-də isə Abdal kəndinin müdafiəsində xüsusilə fərqlənib.1993-cü ilin oktyabrında kəşfiyyat bölüyündə xidmətini davam etdirib. Döyüşlərdə göstərdiyi şücaətə görə komandanlıq tərəfindən dəfələrlə yazılı və şifahi şəkildə təşəkkürnamə alıb. 1993-cü ilin yanvarın 1-dən 708 saylı hərbi hissənin 3-cü MAT-ın 1-ci bölük, 1-ci taqımında yenidən döyüşlərə qatılıb. 1994-cü ilin aprelin 17-də Qiyaməddinli kəndi ərazisində əsgəri xidmətini yerinə yetirərkən qəhrəmancasına həlak olub”.

 Bəli, həmin gecə Füzuli növbəti kəşfiyyat əməliyyatında olarkən, ermənilərin basdırdığı piyadalar üçün minanın üstünə çıxır. O, minanın partlaması nəticəsində şəhidlik zirvəsinə ucalır. Amma vətənə olan sevgisi, cəsurluğu, zəkası və ləyaqəti ilə dostlarının , silahdaşlarının, tələbə yoldaşlarının, doğmalarının, bir sözlə, onu tanıyanların qəlbinə, yaddaşına özünü əbədi həkk etməyi bacarır.

Silahdaşı, çavuş Eyvaz Tağıyev bildirir ki, cəmi 23 yaşı olan, amma təcrübəsi ilə hamımızı həmişə heyrətləndirən Füzulinin gətirdiyi kəşfiyyat xəbərləri nəinki əsgərlərimizi qoruyurdu, həmçinin düşmənlərin də itki verməsinə və geri çəkilməsinə şərait yaradırdı:

“Ermənilərin Novruzlu kəndinə hücum edəcəyi haqqında xəbər eşidən komandanlıq həmin gecə Füzulini kəşfiyyata göndərdi. Hamımız həyəcanla onun geri dönüşünü gözləyirdik. Aradan 2-3 saat keçdikdən sonra o geri döndü və bir başa komandanlığa erməni ordusunun ağır texnika və canlı qüvvə ilə Novruzluya hücuma keçməyə hazır olduğunu bildirdi. Döyüş əmri verilən kimi silaha sarıldıq. Düşmənin gözləmədiyi tərəfdən ordumuz hücum etdi. Gözlənilməz zərbədən çaş-baş qalmış Ermənistan ordusu itki verərək geri çəkilmək məcburiyyətində qaldı”.


Şəhidin anası Zərnigar xala təbiətən sakit bir insandı. Söhbətimiz bir müddət alınmadı. Xeyli susdu. Suallarıma da elə susaraq “cavab ” verdi. Söhbəti Abdal kəndindən salanda isə gözləri doldu. Astaca-astaca yurdunun həsrətini dilinə gətiridi:

“Qızım, yəqin mənim kimi hamıya elə gəlir ki, onun doğulduğu yer dünyanın ən əziz, ən gözəl hissəsidir. Abdal-Gülablı da sözün həqiqi mənasında təkrarolunmaz bir kənd idi. Yadıma Xanım bulağı, Damcı bulağı, Bəy bulağı, Qoşa qaya, Haça dağ düşəndə gözümə yuxu getmir. Nə yedyim ürəyimə yatır, nə də içdiyim. Qəriblik yaman olurmuş bala, qocalmayanı qocaldır, sağlamı xəstə salır, ürəyini yara eliyir.Ömür-gün yoldaşım Əhəd kimi… Əhəd əminlə 10 uşaq böyüdüb boya –başa çatdırmışıq. Qəhrəman anayam. 6 oğlumun 3-ü müharibə veteranıdı. Füzuli isə şəhiddir. Əgər bu gün deyilsə ki, yurdumuzun azadlığı uğrunda döyüş başlayacaq, onları yenə “yaxşı yol” deyib müharibəyə göndərərəm. Təki vətən yaşasın, təki yurdumuz düşməndən azad olsun”.

Şəhidin bacısı Sadəgül xanım qardaşları haqqında fəxrlə danışdı. Söylədi ki, hələ Azərbaycan ordusu yaranmamışdan çox əvvəl qardaşları Sadiq də, Fərman da dinc əhalini, silahsız -əliyalın camaatı qonşu erməni kəndlərində kök salmış “saqqallılardan”, Ermənistandan gətirilmiş terrorçulardan müdafiə məqsədilə yaradılmış könüllülər batalyonuna üzv oldular:

“Döyüşdülər. Sonra Füzuli də onlara qoşuldu. 2014-2016-cı illərdə isə kiçik qardaşım Yaşar da əsl igid kimi ermənilərə qarşı döyüşdü və hazırda veterandı.

Füzuli isə ölüm-dirim davasında özünü xalqının yolunda qurban verdi. Füzuli şəhid olanda artıq gözəl yurdum erməni tapdağındaydı .Ona görə də, onu Qərvənd kənd qəbiristanlığında dəfn elədik. Burda da, ermənilər tez-tez işğalda olan torpaqlarımıza od vurur, alovları söndürmək mümkün olmadığından yanğın təmas xəttini adlayıb bizdə olan ərazilərə də yayılır. Dəfələrlə həmin qəbiristanlıq yanıb, ordakı qəbirlər də yanğına məruz qalıb. Füzulinin qəbridə bu yanğınlardan qurtarıla bilmədi. Tez-tez gedib qəbrini ziyarət edirik. Hər dəfə ürəyimdə eyni arzular pərvazlanır: kaş, yurdumuz işğaldan azad olunsun! Qardaşımı öz kəndimizin qəbiristanlığına köçürə bilək.
Ən böyük arzum odur ki, bütün dünyasını dəyişmiş köçkünlər doğma qəbiristanlıqlarında ata-babalarının yanında dəfn edilsin. Vallah, müharibə başlasa, qardaşlarım yenə də döyüşə atılarlar”.

Şəhidin qardaşı Fərman istəyi isə istəkdən çox tələbə bənzədi: “Mənim kəndim düz 27 ildir işğaldadı, ermənilər yurdumda at oynadır! 27 ildir Bərdədən o yana keçməmişik! Elə burdaca, kəndimizə yaxın bir yerdə məskunlaşmışıq! Mən kəndimə getmək istəyirəm!Nə qədər ki, əlim silah tutur, gözüm zəifləməyib, səfərbərlik olmasını istəyirəm! 27 ildir, səfərbərliyi, döyüş əmrini gözləyirəm!”

Şəhid Füzuli Hüseynovun ailəsində bir-neçə saat qonaq oldum. Şəhid olmaq bu ailə üçün adi, sıradan bir iş kimi göründü. Qeyri -adi olan isə yurda olan sevgi, bağlılıq, dönmək ümidinin bir anda onları tərk etməməsiydi. Amma hələ də arada ayrılıq var! Ayrılıq varsa, demək, həsrət də , nisgil də, kədər də var. Abdalın-Gülablının adı çəkiləndə Zərnigar xalanın yaylığının ucu ilə gözünün yaşını xəlvətcə silməsindən, digər müsahiblərimin dalğın gözlərindən , pərişan hallarından hiss etmək çətin deyildi.

modern.az

Həmçinin oxuyun

Abel Məhərrəmov məhkəməyə verildi

Bakı Dövlət Universitetinin (BDU) keçmiş rektoru akademik Abel Məhərrəmov məhkəməyə verilib. İddiaçı Nazim Fərrux oğlu Əmirovdur. …