Ana səhifə / Cəmiyyət / “Ötən 13 ildə Mətbuat Şurası cəmiyyət üçün faydalı quruma çevrilib” – Əflatun Amaşov

“Ötən 13 ildə Mətbuat Şurası cəmiyyət üçün faydalı quruma çevrilib” – Əflatun Amaşov

Əflatun Amaşov: “Düşünmürəm ki, Mətbuat Şurasının sədri deputatlıqdan kiçik missiyadır”

Mətbuat Şurasının yaranmasından 13 il ötür. 2003-cü ilin 15 mart tarixində ölkənin 180-ə yaxın kütləvi informasiya vasitəsinin və jurnalist təşkilatının 500-dən artıq nümayəndəsi Opera və Balet Teatrına toplaşaraq Azərbaycan jurnalistlərinin I qurultayını keçirdi.
Qurultay Azərbaycan Mətbuat Şurasının təsis edilməsi və strukturunun seçilməsi ilə yadda qaldı. MŞ sədri, Azərbaycan Respublikası Milli Məclisinin deputatı Əflatun Amaşov APA-ya müsahibəsində 13 il öncə baş verənlərə nəzər saldı.
 
– Mətbuat Şurasının təsis edildiyi I qurultayı necə xatırlayırsınız?
 
– Çox gərgin vəziyyət yaranmışdı və bu, müəyyən mənada təbii qarşılanmalıdır. Əvvəla, jurnalistlər cəmiyyətin aktiv kəsimidir. Onların toplantıları heç də sıradan hadisə ola bilməzdi. İkincisi, həmin dövrün özündə gərginlik müşahidə olunurdu. Söhbət ictimai-siyasi həyatdakı gərginlikdən gedir. Jurnalistika daha çox qütbləşmiş institut idi və mövcud amil də qurultaya öz təsirini göstərirdi.
Məsələyə başqa bir aspektdən yanaşsaq, görərik ki, müstəqillik illərində Azərbaycan jurnalistlərinin qurultayı keçirilməmişdi. Yəni bu hadisənin özü cəmiyyət üçün yenilik idi. Üstəlik, qurultay yeni qurumu formalaşdıracaqdı. O qurumu ki, media-hakimiyyət, media-ictimaiyyət münasibətlərinin tənzimlənməsində bir növ vasitəçi rolunu oynamalıydı. Əlbəttə, vasitəçiliyə müxtəlif qütblər özlərinin siyasi baxışlarından irəli gələrək yanaşırdılar və qurultaya da buna uyğun şəkildə köklənmişdilər. Qurultaydan öncə Təşkilat Komitəsi yaradıldı. Komitəyə rəhbərlik edirdim. Qurumun işi də gərginliyi ilə yadda qaldı. Nəhayət, 2003-cü il mart ayının 15-də ali məclis keçirildi. Təsəvvür edin ki, səhər 8-də başlayan toplantı gecə yarıyadək davam etdi.
Müzakirələrdəki gərginlik pik həddə çatırdı. Heç bir tərəf azacıq da olsa güzəştə getmək istəmirdi. Həmin gün Opera və Balet Teatrı obrazlı desəm, müharibə meydanını xatırladırdı. Ancaq bir balaca xaotik kimi görünən mənzərəni soyuq başla təhlil edərkən demokratik ab-havanı ön plana çıxarmaq mümkündür. Həqiqətən də qurultay jurnalistlərin demokratik baxışlarının təntənə anı idi. Bu baxışlarda müəyyən məqsəd var idi. Deyək ki, bəzən qeyri-səmimilik və cığallıq da gözə dəyirdi. Ancaq bütün bunlar keçərli sayılmalıdır.
Zənnimcə, qurultay iki mühüm cəhətdən cəmiyyətə mesaj idi. Birincisi, jurnalistikanın təşkilatlanmasını qeyd etmək lazımdır. İkinci məqam Mətbuat Şurasının timsalında jurnalistikanın özünün özünə qiymət verəcəyi institutun yaradılmasıdır. Mən digər peşə sahələrində belə bir strukturun ya mövcudluğunu, ya da işlək olduğunu xatırlamıram. Görünür, bu da jurnalistikanın özünün təbiətindən irəli gələn xüsusiyyətdir.
– Qurultayda Mətbuat Şurasının sədri seçiləcəyinizi düşünürdünüzmü?
– Əlbəttə, Şura sədri olmağı istəyirdim. Qeyd etdim ki, Təşkilat Komitəsinə də rəhbərliyi öz üzərimə götürmüşdüm. Ancaq vəziyyət proqnozlaşdırılan deyildi. Ani ehtiyatsızlıq, yaxud arxayınlıq hər şeyi alt-üst edə bilərdi. Qurultayda bir an yaşandı. Zala müraciət etdim ki, Rəyasət Heyəti üçün namizədlərin adlarını desinlər. Hərə bir ad çəkirdi. Təxminən 30-a yaxın adamı qeydiyyata aldım. Maraqlıdır ki, adımı çəkən yox idi. Sanki gözlərinin önündə dayananı görmürdülər. Nəhayət, Rauf Arifoğlu yerdən səsləndi. Bu sayaq epizodlar çox oldu. Sanki son anda qatara minən sərnişinə çevrilmişdim. Ancaq yekunda mənim namizədliyim daha çox dəstəkləndi.
– Bu barədə bir az geniş söz aça bilərsinizmi?
– Qeyd etdiyim kimi, qurultayda müxtəlif tərəflər və onların namizədləri var idi. Hər kəs mübarizə aparırdı. Az adamlardan idim ki, konkret hansısa düşərgədə təmsil olunmurdum. Sədrlik iddiam siyasi məqsədlərin reallaşdırılmasına hesablanmamışdı. Qütblər arasında isə kifayət qədər barışmaz ziddiyyətlər var idi. Belə bir anda səslərin parçalanması da gedirdi və düşünürəm ki, bundan da yararlanmaq imkanım oldu. Yəni öz namizədinin şanssızlığını görən və kiminsə sədr olmaması üçün mənə səs verənlər var idi. Ancaq birbaşa məni dəstəkləyənlər də az deyildi. Bir sözlə, klassik seçki ab-havası.
 
– Mətbuat Şurasının ötən 13 ilini necə dəyərləndirərdiniz?
 
– Mətbuat Şurası Nizami küçəsi 121 ünvanında kirayəyə götürülmüş birotaqlı darısqal mənzildə fəaliyyətə başladı. Bu şərait qurultaydakı səs-küyə heç cür adekvat deyildi. Təbii, MŞ-dən gözləntilər böyük idi. Hər kəs qurumun missiyasına öz maraqları müstəvisində yanaşırdı. Belədə ortaq mövqe tutmaq çətinləşirdi. Bizdən küsənlər, üz döndərənlər oldu. Ancaq hesab edirəm ki, Mətbuat Şurası ötən 13 ildəki fəaliyyəti ilə varlığının vacibliyini isbatlaya bildi.
Əvvəla, yuxarıda da qeyd etdiyim kimi, Şura jurnalistikanın təşkilatlanması baxımından vacib institut idi. 2003-cü ildən sonrakı proseslər sübut etdi ki, təşkilatlanma mediamız üçün faydalı oldu. Bu mütəşəkkilliyin nəticəsi idi ki, jurnalistlərin fəxri adlara, orden və medallara layiq görülməsi ənənəsi formalaşdı, milli mətbuatımızın yubileylərinin keçirilməsi dönməz xarakter aldı, mediaya dövlət dəstəyinin göstərilməsinə başlanıldı. Bilirsiniz, bu qeyd etdiklərim Azərbaycan dövlətinin məramından, şəxsən cənab İlham Əliyevin diqqət və qayğısından irəli gəlirdi. Ancaq media siyasəti həssasdır. Burada dövlət çalışır ki, çıxaracağı qərarlar həyata ictimai rəyin gəldiyi qənaət müstəvisində vəsiqə alsın. Rəyin formalaşdırılması isə media cameəsindən asılıdır. Bu cəmeənin hərəkətverici qüvvəsi rolunda Mətbuat Şurası, yəni jurnalistlərin özlərinin yaratdıqları təşkilat çıxış etdi.
Bir məsələni xüsusi vurğulayım. Prezident cənab İlham Əliyevin mətbuata münasibəti olduqca həssasdır. Jurnalistlərlə görüşlərdə bəzən elə məqamlara diqqət yetirir ki, biz onların heç fərqinə belə varmırıq. Dövlət başçısı çıxışlarının birində jurnalistlərin sosial vəziyyətinə toxunmuş və xüsusi olaraq bildirmişdi ki, qələm adamlarının gəlirləri yüksək olmadığından onların qayğıya ehtiyacı var. Bu deyim vəziyyətin olduqca sadə dillə izahı idi və heç də hər dövlət başçısı duruma belə həssas yanaşmır. Onu da bilirsiniz ki, zaman-zaman jurnalistlərin mənzillə təminatı məsələsi gündəmdə olub. Dövlət başçısının bu cür dəyərləndirməsindən sonra Mətbuat Şurası jurnalistlərin bir çoxunun evinin olmadığını, kirayədə yaşadıqlarını diqqətə çatdırdı. Bu, 2010-cu ilin iyulun 21-də Mətbuat Şurasının yeni binasının açılışında baş verdi. Dövlət başçısı elə həmin gün jurnalistlər üçün yaşayış binasının tikintisini nəzərdə tutan sərəncam imzaladı. Yəni sözüm ondadır ki, dövlət ümumən mediaya dəstəyi prioritet seçir, ancaq bu dəstəyin forma və metodlarının tətbiqində jurnalistlərin özünün də rəyini nəzərə alır. Rəyin ümumiləşdirilmiş ifadəedicisi qismində isə Mətbuat Şurası çıxış edir. Demək ki, bu qurum lazımlıdır. Zənnimcə, 13 ilin ən böyük uğuru məhz faydalılıq statusuna yiyələnməkdir.
Digər tərəfdən, Mətbuat Şurası media məkanımızdakı neqativ hallara qarşı mübarizə aparır. Qiymətləndirmə aparmaq istəməzdim, amma zənnimcə, ötən müddət bu istiqamətdə əsaslı uğurlara imza atdığımızı söyləmək mümkündür. Cəmiyyətdə Şuraya etimad var. Dövlət də MŞ-nin missiyasına həssas yanaşır. Prezident İlham Əliyev çıxışlarında qurumun fəaliyyətinə yüksək dəyər verib. Bu, bizim üçün çox önəmlidir. Ancaq media məkanımızda problemlər də qalmaqdadır. Problemlərin bir çoxu sahənin özünün dinamikliyindən irəli gəlir. Məsələn, vaxtilə biz çap mediası bolluğunun yaratdığı çətinliklərlə mübarizə aparmış və müəyyən müsbət nəticələr əldə etmişdiksə, texnoloji yeniliklərin meydana çıxardığı internet medianın fəaliyyət dəst-xətti mövcud istiqamətdə daha fərqli mübarizə metodlarının işlənilməsini və tətbiqini aktuallaşdırır.
– İnternet mediadan söz açdınız. Bu, cəmiyyətimiz üçün yenilikdir. Bilmək istərdik, Mətbuat Şurasının fəaliyyətdə olduğu ötən 13 ildə media nə dərəcədə dəyişib, yenilənib? Bununla bağlı fikirləriniz maraqlı olardı.
 
– Məsələyə bir neçə aspektdən yanaşmaq mümkündür. Fəaliyyət məramı baxımdan dəyişən o qədər də çox şey yoxdur. Məsələn, 2003-cü ildə qəbul edilmiş «Azərbaycan Jurnalistlərinin Peşə Davranışı Qaydaları»nı götürək. Qaydalar prinsipial olaraq jurnalistdən nəyi tələb edir? Qərəzsizliyi, dəqiqliyi. Bu iki cəhət obyektivliyin təmin olunması üçündür. Obyektivliyi gözləyən jurnalist isə həm də peşəkardır. Üzərindən 13 deyil, 130 il keçsə də, düşünürəm ki, mövcud formul dəyişməz qalacaq.
Ancaq biz texnoloji yeniliklərin ortaya çıxardığı vəziyyəti də nəzərə almalıyıq. Yadınızdadırsa, onlayn media yeni-yeni meydana çıxanda onun təmsilçiləri belə təsəvvür formalaşdırırdılar ki, sanki başqa planetdən gəliblər. Bəzən ənənəvi mediaya, bəzən isə ümumən cəmiyyətə qarşı demarş ruhu var idi. Lakin tədricən sular durulmağa başladı. Məlum oldu ki, yeniliyin formalaşdırdığı media tipi bir çox hallarda siyasi məqsədlərin reallaşdırılması hədəfinə köklənib. Yaxın Şərqdə baş verən proseslərin fonunda mənzərə daha aydın nəzərə çarpdı. Xaos yarandı, ancaq tezliklə o xaosun da idarə olunan mahiyyəti üzə çıxdı. Belədə hər dövlət məsələyə öz maraqları çərçivəsindən yanaşmağa başladı. Deyək ki, müəyyən formullar hazırlandı. Özü də bu formullar təkcə internet medianın deyil, eyni zamanda onun məhsullarının başlıca yayılma arealı sayılan sosial şəbəkələri də əhatə etdi.
Əlbəttə, Azərbaycanda vəziyyət bir qədər fərqli oldu və yeniliyi şərtləndirən xüsusiyyət təkcə internet medianın inkişafı ilə əlaqədar olmadı. KİV-lə bağlı qanunvericilik bazası həm zənginləşdi, həm də təkmilləşdi. Bu, media fəaliyyətinin konturlarını dəqiqləşdirmək baxımından müstəsna əhəmiyyət daşıdı. Məsələn, 2005-ci ildə «İnformasiya əldə etmək haqqında» qanun qəbul edildi. Sənəd ümumən cəmiyyətin informasiya tələbatından, informasiyalı cəmiyyətin prinsiplərindən irəli gəlsə də, qanunun icra seqmenti kimi ictimai missiya məhz KİV-lərin üzərinə düşdü. Daha doğrusu, bu qanun KİV-in fəaliyyət intensivliyinin həyata keçirilməsindəki norma və prinsipləri bir növ leqallaşdırdı. Qanunun qəbulunadək biz bilirdik ki, hansısa dövlət qurumu və ya hüquqi şəxs KİV-ə informasiya verməlidir, ancaq bu, konkret məsuliyyət kateqoriyası kimi dəqiqləşməmişdi. Məsələ dəqiqləşdi və müvafiq olaraq medianın iş mütəhərrikliyi də artdı.
Başqa bir tərəfdən, mediamız texniki baxımdan da təkmilləşdi. Hazırda kifayət qədər müasir avadanlıqlarla təchiz olunmuş KİV-lərimiz var. Əlbəttə, problemləri də vurğulamaq lazımdır. Yəni ötən müddətdə nələrə nail olunub sualı verildikdə nələrin əldə edilmədiyi də ön planda olmalıdır. Təəssüf ki, mediamız hələ də iqtisadi münasibətlər sistemində özünə yer tapa bilməyib. Düşünürəm ki, qarşıdakı fəaliyyətimiz, yəni yeniliyimiz KİV-lərin iqtisadi əsasların möhkəmləndirmək olmalıdır. Bunun üçün kifayət qədər imkanımız, ən əsası istək və iradəmiz var.
 
– Ötən 13 ilin məntiqi yekununu Mətbuat Şurası sədrinin Milli Məclisin deputatı statusunu qazanması kimi dəyərləndirmək mümkündürmü?
– Düşünmürəm ki, Mətbuat Şurasının sədri deputatlıqdan kiçik missiyadır. Şuranın sədri olmağım mənə böyük mənəvi divident gətirdi. Şuraya rəhbərlik məsələlərə fərqli yanaşmağı öyrətdi, müəyyən təcrübə əldə etdim, qazandığım bilikləri zənginləşdirdim. Ancaq nəzərə alaq ki, Mətbuat Şurası kollegial qurumdur. Qurumda qərarlar kollegial qaydada qəbul edilir. Buna görə də düşünürəm ki, 13 ilin məntiqi yekununda təqdir ediləcək məqamlar varsa, bu, həm də Şuranın İdarə Heyətində təmsil olunanların hər birinin böyük uğurudur. Onlar özlərinin fərqli baxışları ilə ortaya konkret nümunə qoyublar. Fürsətdən istifadə edib müxtəlif illərdə Mətbuat Şurasının İdarə Heyətində təmsil olunan hər kəsə dərin təşəkkürümü bildirirəm.

Həmçinin oxuyun

Təcrübəsiz adamlar necə direktor olur? – “Dostluq, qohumluq əlaqələri…”

Son vaxtlar məktəb və kollec direktorlarının fəaliyyətində nöqsan aşkarlanması və bu səbəbdən həmin vəzifəli şəxslərin …

Bir cavab yazın