Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Cəmiyyət / “Onların şəkli şərəfsizlər lövhəsinə yapışdırılsın“

“Onların şəkli şərəfsizlər lövhəsinə yapışdırılsın“

Son dövrlər yeni doğulan körpələrin valideynləri tərəfindən küçəyə atıldığının tez-tez şahidi oluruq. Bu körpələr arasında qız uşaqları çoxluq təşkil edir. Bəzi valideynlər hələ də qız uşaqlarını övlad kimi qəbul etmək istəmirlər.

Nəyə görə bəzi Azərbaycan ailələrində qız uşaqlarına ikinci dərəcəli varlıq kimi baxırlar?

Yazıçı Seyran Səxavət mövzu ilə bağlı fikirlərini Yenisabah.az-la bölüşüb. O, məsələnin uşağın cinsi ilə bağlı olmadığını, həm qız, həm də oğlan uşağının Allahın payı olduğunu bildirib:

“Uşaqları küçəyə atmaq Allah qarşısında böyük günahdır.

Övladını küçəyə atan valideynlər müxtəlif səbəblər ortaya qoyurlar. Lakin yüz səbəb olsa belə yüzü də Allah, insanlıq və valideyinlik adı qarşısında böyük günahdır. Fərqi yoxdur körpə, orta yaşlı və ya böyük uşaqdır. İnsanın insanı atmağını nə Allah qəbul edir nə də yer, göy. Mən bu cür adamları həmişə lənətləyirəm.

Körpəsini atan anaları, ataları cəmiyyətdən kənarlaşdırıb, kənara atmaq lazımdır ki, başa düşsünlər o uşaqlar nələr çəkir. Bu ağlasığmaz bir şeydir. Mütləq nə isə tədbir görmək, maarifləndirmə işləri aparmaq lazımdır”.

Seyran Səxavət körpəsini atan valideynlərə ağır cəza verilməli olduğunu söyləyib:

“Həmin valideynlərə ən ağır cəza verilməlidir. Əvvəllər şərəf lövhələri var idi. Xeyirli, şəfərli iş görən insanların şəkillərini asırdılar şərəf  lövhələrinə. İndi bunun əksinə olaraq şərəfsizlər lövhəsi təşkil olunsun, uşaqlarını atan valideynlərin şəkilləri ora yapışdırılsın, gələn də, gedən də onların üzünə tüpürsün. 

Mənim 76 yaşım var. Ağlıma, hissiyatıma, ürəyimə sığışdıra bilmirəm ki, övladı necə küçəyə atmaq olar?

Kənddə bir quzumuz, qoyunumuz itirdi, dəli olurduq. Böyük maddi bir ziyan olduğu üçün deyil, sadəcə ona baxırdıq, yemək verirdik artıq ayrı qala bilmirdik.

Nə oldu bizim insanlara? Bir vaxtlar 7 qurbandan sonra tapılan uşaqlar var idi. İndi hər şey tərsinə dövran edir”.

Seyran Səxavət oğlanların qızlardan üstün tutulmasına da etiraz edib:

“Oğlan qız ayrıseçkiliyi nədir? Hər ikisi övladdır, qandır, candır. Bu düşüncə geridəqalmışlığın nümunəsidir. Mən inanmıram ki, uşaqları oğlan və ya qız olduğuna görə atsınlar. Bizim ölkədə son 15-20 ildir övladını küçəyə atmaq ənənəyə çevrilib. Allah bu ənənəni dağıtsın”.

Həmçinin oxuyun

Bu il Kann Film Festivalına ölkəmiz də qoşulur

77-ci Kann Film Festivalının qısa filmlər üzrə əsas müsabiqəsində Azərbaycan da yarışacaq. AzVision.az xəbər verir ki, …