Ana səhifə / Cəmiyyət / ONLARI BAĞIŞLAMAQ OLARMI? – Əkbər QOŞALI yazır

ONLARI BAĞIŞLAMAQ OLARMI? – Əkbər QOŞALI yazır

Bugünlərdə Bakıda və Madriddə keçirilmiş “ingilis finalları” ( –29.05.2019/Bakı Olimpiya Stadionu/UEFA Avropa Liqasının finalı, “Arsenal” – “Çelsi”: 1-4; 01.06.2019/Mad­rid/ “Van­da Metropolitano” stadionu/Çempionlar Liqasının finalı, “Tottenhem” – “Liverpul”: 0-2) hələ medianın diqqə­tindədir, qarşı günlərdə ən azı idman nəşrlərinin diqqətində qalmaqda davam edəcəyi də şüb­həsizdir; bununla belə, ictimai-siyasi medianın da, haqlı olaraq, hər iki final oyununa diqqət ayırdığını görürük.

Futbol nərşlərini başa düşmək olar: hər iki finalda ingilis klubları mübarizə aparırdı, yığma komandası uzaq 66-cı ildən bəri dünya çempionu ola bilməzkən (Tofiq Bəhramovun ruhuna duaçı olsunlar), ingilis fut­bolunun bu yeni şahlanışı hansı əsaslara bağlıdır? – maraqlıdır. Bir radio aparıcısının üslubu ilə desək və və və məhz ingilislərin (dünya futbol təsərrüfatına bu və ya digər dərəcədə aid olan, bağlı olan ingilisdilli fəal kəsimin) hər ikisi İngiltərədən qıraqda keçirilən final oyunlarının təş­kilinə, Bakı və Madridə münasibəti (yaxud münasibətsizliyi), fərqləndirmələri, eyni­ləş­dirmələri və s. bizim­çün illa da ilgiçəkicidir. Niyə? – Çün “ilan vuran alaçatıdan da qorxar”; çün “iki bölün­məkdən elə qorxmuşam, çöpü də, ikiyə bölmərəm daha”; çün “qorxuram, insanlar yaşaya, in­salıq ölə”… – qorxu siyahısını bədii ricət qarışıq, hələ xeyli uzatmaq da olar. Rəhmətlik Arif Əmrahoğlu demiş, lakin amma və ancaq bizim qorxumuz (necə deyərlər), “dədə-baba qorxusu” deyil – sel, zəlzələ, yanğın, nə bilim, gürzə sancması-filan… deyil, məhz haqlıykən haqsız duruma “düşmək”, (bir baxıma) yaxşılıq edərkən, yamanlıq görməkdir bizim qor­xu­muz; bizim qorxumuz, anlanmaq, eşidilməmək dərdindən doğur bir xeyli; bəlkə xeyli də, çöldəki qanmazlara içəridə züy tutan, əlçalanların olmasıdı bizi rahatsız edən…

Qısa kəssək, o iradları, o çatışmazlıqları ki, Bakının ünvanına yazır, deyir, səs­lən­dirirdilər, onların aşağı-yuxarı hamısı və bir az da artığı Madriddə gerçək oldu: ba­hadan baha otellər, tıxaclar, ləngimələr, kobud polis müdaxilələri, bilet satışında saxtakarlıq, meydana kənar adamın girişi (o da ola erməni qızışdırmasına uyan yarılüt rus qadını), natəmizlik, daha nə, nə…

Anadolulular demiş, “bilməm, anlada bildimmi? – Bax, dostlar, futbolu danışmalıykən, futboldan zövq alıb, bir hovur futbol keyfi yaşamaqdansa, orda-burda nə qədər adam aşa ağu qatmağa, kefə soğan doğramağa, yaxşılığa yamanlıqla cavab verməyə “toplu-tüfəngli” hazır oldu… Rəhmətlik Üzeyir bəy Hacıbəylinin “Ordan-burdan”ı misalı olmasın, mediamız da, bizlər də, zorən “ordan-burdan” danışmaq durumuna düşdük. Amma beləmi olmalıydı?

“Yeni Müsavat”ın usta qələmlərindən Aygün Muradxanlı Bakıdakı ingilis finalının ar­dından öz Kiyev izlənimlərini paylaşmışdı bugünlərdə. (Əlbəttə, məlum mövzuda xeyli yaxşı yazı oldu, bugünkü yazının fakturasına Aygün xanımın məqaləsi daha ziyadə uyğun gəldiyi üçün məhz onu fərqləndirərəm). Çox xoşuma gəldi – xanıməfəndi öz sadə, dürüst cümlələri ilə son günlərin “uluslararası futbol söhbətləri”nə ayar verib sanki. “Maydansız Mxi­taryanın avtoqolu” adlı yazını bura köçürmədən, yalnız onu özətləyim ki, xanım Muradxanlı keçən il Kiyevdəki UEFA finalı günlərinin anrısını-bərisini, qiymətlərin kəllə-çarxa qalxmasını, ən yumşaq şəkli ilə desək, şəhərdəki pintilikləri, küçədə yatan əli pivəli azarkeşləri xatırladaraq, dostumuz Ukrayna paytaxtının UEFA finalını vecsiz yola verdiyini və nə dünyanın, nə ukray­nalıların buna görə Ukrayna hakimiyyətini “topa-tüfəngə” tut­madığını vurğulayıb…

Bizdəki “ingilis finalı” öncəsi, final günü, finalsonrası mərəkə qoparanlar, çox demirəm, bir il irəli Kiyevə və azca bəriyə – Madridə baxsınlar… Baxsınlar və Bakı üçün, eləcə də (uluslararsı rəsmi istilahnan desək), rəsmi Bakı üçün deyilənlərə bir də, bir də, diqqət et­sinlər…

Əlbəttə, haqq sözü deyənlər oldu, sağ olsunlar; əlbəttə, mülki Bakıya, rəsmi Bakıya, niyəsiz, necəsiz paytaxt Bakıya övgü yağdıranlar, olanları olduğu kimi deyənlər, yazanlar oldu; amma nə üçün olmazlar da o qədər tirajlandı? Nə üçün Bakının üzərinə qaramat yağdırmaq istədilər? Necə oldu da, ispanlar bərbad Madrid finalından sonra öz dövlət, haki­miyyət orqanlarına od püskürmədi? Artıq standart sözünü çox incitməməkçün tez-tez iş­lətməyə belə dilimiz dönməyən İKİLİ STANDARTLAR dübarə bayağı, ucuz və çox açıq-aşikar hala gəlin­cəyədək sürdürülür, sürdürülür?!. – Bakı edibsə, üstünə gedilməlidir, (məsələn, indki halda) Madrid edibsə, üstdən keçəlim; Madridin uğurlarını görəlim, Bakıya uğursuzluqlar qon­da­ralım; Madridə susalım, Bakıdan tələb edəlim və sair və ilaxır…

Amma ancaq və lakin hamıya, hamıya, hamıya eyni sözü dedirtmək mümkün olmur; hamını, hamını təsirə salmaq, hamını, hamını aldatmaq, bütün gözləri qapamaq, bütün qu­laqları tutmaq, bütün dilləri lal etmək mümkün olmur, şükür Tanrıya! Budur, xarici, yerli medianı etiraflar, ədalətli müqayisələr başına götürüb və Bakı önplana çıxır! Bu yerdə bu sözü deməsəm olmaz: Qadan alım, Bakı! Canım, Azərbaycanım!

Bakının evitiklisin, bağışlayandı, anlayış göstərəndi, məruz qaldığı pislikləri, özünün etdi­yi yaxşılıqları tez unudan, qarşılaşdığı yaxşılıqları ömrü boyu unutmayandır! Deyirəm, 2020-ci ildə Avropa çem­pi­o­natının Bakıda keçiriləcək 4 oyunu olacaq ha, o zaman da, bu ilki kimi qaramat üzərimizə gələcəkmi, əcaba? Bizdə artıq yaramazlıqlara qarşı immunitet yaranıbmı, görəsən? Yoxsa, yoxsa, yoxsa… zamanın axarınamı buraxaq bu gedişatı – ta ki qafil(lər) oya­na..?

Madridlə Bakının müqayisəsini aparan Avropalı bir futbol azarkeşinin sözünü paylaşıram oxu­cu­larla – o sözü ki, elə başa düşürəm, minlərlə müqayisə aparnın fikrini də ifadə edir:

BAKI, BA­ĞIŞLAYIN Kİ, SİZƏ GÜLDÜK. SİZ… DAHA YAXŞI İDİNİZ.”

Belə… Əsas məsələ sonda kimin gülməsidi. Gerisi təfərrüatdı bəlkə də…

Həmçinin oxuyun

Kamran Əliyev təqaüdə göndərildi, bəs 73 yaşlı Ramiz Zeynalov?

“Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin rəisi Ramiz Zeynalovun təqaüdə gedib-getməməsi məsələsi çoxdan …