Ana səhifə / Cəbhə Xəbərləri / “Ondan qorxuram ki, səni bu Vətənə əsgər verə bilməyəcəm!” – Könül Quliyeva

“Ondan qorxuram ki, səni bu Vətənə əsgər verə bilməyəcəm!” – Könül Quliyeva

Salam mənim dəliqanlı Mustafam!
Ananın gözlərinin nuru balam, necəsən? Ürəyim sən sarıdan yaman narahatdır. De görüm ağrıyıb eləmirsən ki? Müalicələrin davamlı olaraq gedirmi? Hərdən yarımçıq qalmış həblərini qarşıma qoyub doyunca ağlayıram. Bəzən vaxtı keçmiş o köhnə həblərində özümə təskinlik tapıram. Heç qıymıram onları atmağa. İçdiyin həblərin adını unutmaqdan qorxduğum üçün atmıram. Həm onlar səndən mənə qalan ən acı xatirələrdir.
Canım Mustafam, de görüm ən sevimli həkimin Zöhrə xanımı xatırlayırsanmı? Üç-dörd gün öncə Facebook səhifəmə həkimin Qarayeva Zöhrənin profilindən dostluq təklifi göndərməklə bağlı bildirim gəldi. Dərhal həmin profilə dostluq göndərdim və dostluğum qəbul olundu. Neçə dəfə cəhd etdim ki, həkimə nəsə yazım. Bacarmadım ki, bacarmadım…  “Mən o, dəliqanlı Mustafanın anasıyam”-, deyə bilmədim. Bu dəliqanlı adını sənə Zöhrə həkim qoymuşdu. Səni dəhşət çox istəyirdi. Sağlamlığın üçün mənimlə birgə əziyyət çəkdi. Sənin qayğıkeş həkimin, mənə də ana-bacı oldu.

Hətta bir həkim kimi üzərinə düşəcək müalicə kursları ilə bərabər, sənə lazım olacaq bahalı vitaminləri də cox vaxt öz vəsaiti hesabına alıb hədiyyə edərdi. Hansı ki, o vitaminləri hər dəfə sənə almaq imkanım olmurdu. O zaman səni müayinə edən heç bir həkim-professorla anlaşmadığın halda “Ana, mən Zöhrə doktoru çox sevirəm” -,deyirdin. Sənin həkiminə olan sevgin onun sənə etdiyi bütün yaxşılıqlar idi ki, duyurdun, hiss edirdin. Sənin üçün çox narahat olanda mənə təskinliklər verər, “inanıram ki, heç vaxt bu əziyyətin yerdə qalmayacaq”- deyərdi. İndi mən o həkimdən niyə gizlənirəm, bilmirəm?
“Mustafanı qoruya bilmədim, artıq yanımda deyil, nə onun müalicəsi, nə də tərbiyəsi ilə məşğul ola bilmirəm” demək bir ana üçün çox böyük utanc və ölümə bərabərdir. Hər gün müalicə kursuna gedəndə oyuncaq avtomatını əlindən yerə qoymazdın. Döyüş səhnəsi yaratmaqla həkimlərin və tibb bacılarının diqqətini özünə çəkərdin. Öz aləmində mənfur düşmənlərimizi asıb-kəsərdin. Hələ beş yaşında olarkən “Ana, əgər bilsəm ki, ermənilər məni öldürsə torpaqlarımızı qaytaracaq, eybi yox mən ölərəm” deməyinlə məni kövrəltdiyin qədər də, qürurlandırmağını unuda bilmirəm. Rusiyada harda bayraq görsən “Azərbaycan” deyib ucadan səslənərdin.

Yenə bayraq görəndə elə haykırtı qopara bilirsənmi? Bayrağımıza olan sevgini yenə əzizləyirsənmi? İndi mən bir ana kimi çox qorxuram! Ondan qorxuram ki, sənin kimi milli ruhda tərbiyə olunmuş bir ovlad rus şovinistlərinin təsiri altına düşəcək, onların ruhunda böyüyəcək. Ondan qorxuram ki, mən bir ana kimi gələcəkdə səni bu Vətənə əsgər verə bilməyəcəm. Ondan qorxuram ki, “Azərbaycan” deyib hayqırdığın doğma Vətənini unudacaqsan. Heç bir zaman ölkənə dönməyəcəksən. Bu gün sənin yolunu mən anandan çox, qəlbi yaralı, ürəyi qübarlı, gözləri ağlar, köksü inildər, övlad həsrətli bu Vətən gözləyir. Bax artıq böyüyürsən. Sabah aprel ayının səkkizi on yaşın qeyd olunacaq. Yeni yaşın mübarək olsun məğrur balam! Səni bağrıma basıb, çoxlu-çoxlu öpüb, dünyanın ən xoş arzularını diləyirəm… İnşallah yeni yaşını bu vətəndə, məhz QARABAĞDA qeyd edək!

Azinforum.az

Həmçinin oxuyun

Təcrübəsiz adamlar necə direktor olur? – “Dostluq, qohumluq əlaqələri…”

Son vaxtlar məktəb və kollec direktorlarının fəaliyyətində nöqsan aşkarlanması və bu səbəbdən həmin vəzifəli şəxslərin …

Bir cavab yazın