Ana səhifə / Cəmiyyət / “Ona dəli demək olmaz, bilirsiniz necə yaxşı uşaqdır” – Direktor

“Ona dəli demək olmaz, bilirsiniz necə yaxşı uşaqdır” – Direktor

Bir neçə gündür ki, 1 saylı Psixiatriya Xəstəxanasında saxlanılan Bakının Xətai rayonundakı 3 saylı Uşaq Evinin 17 yaşlı sakinlərindən biri M.H. çərşənbə günü xəstəxanadan buraxılıb, bu barədə Səhiyyə Nazirliyindən BBC-yə məlumat verilib.

17 yaşlı yeniyetmə sosial mediada yayılmış bir videoda yaşadığı Uşaq Evində “ərzaq yeyintisi ilə” bağlı tənqidi fikirlər səsləndirmişdi. Video yayıldıqdan bir qədər sonra yeniyetmənin psixiatriya xəstəxanasına yerləşdirilməsi xəbəri yayılıb.

Lakin onun yerləşdirildiyi xəstəxananın Baş həkimi yeniyetmənin psixi pozğunluğunun olmadığını, buna görə də onu müəssisədə saxlamağın uyğun olmadığını bildirib. Bu açıqlamadan bir gün sonra, çərşənbə günü Baş həkim Ağahəsən Rəsulov işdən azad olunub.

Bakının Xətai rayonunda yerləşən 3 saylı Uşaq Evinin sakinlərindən olan 17 yaşlı yeniyetmə bir neçə gün əvvəl yaşadığı uşaq evindən qaçıb. 

Sosial mediada yayılmış videoda yeniyetmə Uşaq Evində yeyinti olduğunu deyir: “Ətin sümüyünü bişirir, özünü aparırlar, meyvələri, südü, ərzağı aparırlar, mənimsəmə var”.

Uşaq Evinin direktoru BBC-yə açıqlamasında həmin video-müsahibənin “uşağın qaçmasından sonra” yayıldığını deyib və əlavə edib ki, sonuncu dəfə polis onu tapıb uşaq evinə təhvil vermək istəyəndə o yenə qaçıb.

“Deyirlər ki, mən onu yatızdırıram xəstəxanada, mənim imzam da var orda, lakin qardaşının özünün də imzası var orda. Qardaşının özü Komitəyə (Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi-red.) müraciət edib ki, (M.H.-nin) əsəbləri yerində deyil, qoy bir müddət müalicə alsın”, – Məhbubə Hüseynova deyir.

“Onda davranış pozuntusu var. Üstəlik, danlanmağı da sevmir. Biz ona etdiyi hərəkətlərin səhv olduğunu deyəndə, onun xoşuna gəlmir. Balacalara pis örnək olur. Biz də polisə müraciət etdik, polis gəldi, apardı yerləşdirdi psixiatriyaya”, – Uşaq Evinin direktoru Məhbubə Hüseynova iddia edib.

Daxili İşlər Nazirliyi isə polisin belə bir tədbir görməsindən xəbərsizdir. DİN sözçüsü Elşad Hacıyev BBC-yə deyib ki, yeniyetməni Psixiatriya Xəstəxanasına polisin yerləşdirməsi ilə bağlı qurumda məlumat yoxdur.

“Sığınacaqdan qaçdığı üçün polis onu aşkarlayıb, xəstəxanaya yox, 3 saylı Uşaq Evinə təhvil verib”, – Daxili İşlər Nazirliyindən BBC-yə bildiriblər.

Məhbubə Hüseynovanın iddiasına görə, yeniyetmə indiyədək “3 dəfə xəstəxanada müalicə alıb”: “Lakin buna səbəb onun “davranış, emosiya pozuntusuna görədir, mütəmadi gedib 4-5 gün yatıb, qayıdır. Ona dəli demək olmaz, əsəbləri sakit olanda bilirsiniz necə yaxşı uşaqdır”. .

Lakin həm xəstəxananın işdən çıxarılmış Baş həkiminin, həm də Uşaq Evinin direktorunun M.H.-nin psixi probleminin olmadığını deməsinə rəğmən, Səhiyyə Nazirliyinin məlumatına görə, yeniyetmə “Azərbaycan Respublikasının “Psixiatriya yardımı haqqında” Qanununa əsasən xəstəxananın yeniyetmə şöbəsinə yerləşdirilib”.

“Hazırda aparılan stasionar müalicə nəticəsində yeniyetmənin psixi vəziyyəti stabilləşir. Mütəxəssislər tərəfindən yeniyetmənin psixi durumundakı stabilləşmənin tam möhkəmləndirilməsi üçün 2-3 gün müvafiq müalicənin davam edilməsinə qərar verilib. Stasionar müalicə kursu başa çatdıqdan sonra o, evə – ambulator müalicəyə, qardaşının himayəsinə veriləcək”, – Səhiyyə Nazirliyinin çərşənbə axşamı – yenyetmənin xəstəxanadan çıxarılmadan öncə verdiyi açıqlamasında deyilir.

Həmin xəstəxananın Baş həkiminin işdən çıxarılmasına gəldikdə isə, Nazirlik deyir ki, o Uşaq Evində yeyinti olmasına dair ittihamlar səsləndirən M.H.-nin psixi pozğunluğunun olmamasına dair açıqlamasına görə yox, “yaşa görə işdən azad olunub”.

Lakin qurumdan onun neçə yaşının olmasını açıqlamayıblar və Baş həkimin işdən çıxarılmasının açıqlaması ilə eyi vaxta təsadüf etməsi barədə şərh verməyiblər. Yerli media Ağahəsən Rəsulovun 68 yaşının olduğunu yazır.

Yerli mediaya verdiyi açıqlamasında Ağahəsən Rəsulov “uşaq haqqında nə demişəmsə, düz demişəm. Burada nə var ki?! Onun haqqında dediklərimi yenə də təkrarlaya bilərəm” deyib.

Xətaidəki 3 saylı Uşaq Evinin adı ötən il də mediada yeyinti iddiaları ilə bağlı gündəmə gəlmişdi. Yerli medianın xəbərlərində iddia olunub ki, müəssisəyə gətirilən qurbanlıq ət və heyvanlar rəhbərlik tərəfindən “direktor Məhbubə Hüseynovanın tapşırığı ilə satdırılıb”, eyni zamanda, Respublika Gigiyena və Epidemiologiya Mərkəzi bu Uşaq Evində aparılmış araşdırmaların nəticəsində bəzi nöqsanlar aşkarladığı üçün Məhbubə Hüseynovaya töhmət verilib və o cərimələnib.

Həmçinin oxuyun

Təcrübəsiz adamlar necə direktor olur? – “Dostluq, qohumluq əlaqələri…”

Son vaxtlar məktəb və kollec direktorlarının fəaliyyətində nöqsan aşkarlanması və bu səbəbdən həmin vəzifəli şəxslərin …