Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Cəmiyyət / Ölümündə Ziya Məmmədovun adı hallanan sahibkarın karxanası uğrunda yeni savaş

Ölümündə Ziya Məmmədovun adı hallanan sahibkarın karxanası uğrunda yeni savaş

Ziya Məmmədov nəqliyyat naziri olduğu günlərdə onun “ZQAN” holdindi (indiki “Garant holdinq”- E.M.) sahibkarların lənətinə çevrilmişdi.

Ziya Məmmədov gözünə xoş görünən əmlakı sahibkarın əlindən zorla alıb özünün “ölçüsüz corab”ı “ZQAN”a qatırdı. 

Onun iştahının qurbanlarından biri də 1-ci Qarabağ müharibəsi döyüşçüsü Füzuli Şubay oğlu Qasımov idi.

Ziya Məmmədov 2006-cı ildən başlayaraq Füzuli Qasımov və qardaşı Aydın Qasımova məxsus “Goranboy Gips” MMC-ni əllərindən almaq üçün hərəkətə keçmişdi. 2011-ci ildə isə MMC uğrunda savaş amansız fazaya adlamışdı. Sabiq nazir qardaşlara qarşı qanunsuz dəstələrdən tutmuş, o zaman qeyri-rəsmi kuratorluğunda olan Goranboyun icra başçısı Nizaməddin Quliyevi də başının dəstəsi ilə birgə səfərbər etmişdi.

Qasımovlar məhkəmələrə çəkilir, qorxudulur, həbsə alınacaqları ilə təhdid olunurdular. O zaman zorakı və inzibati üsullarla Aydın Qasımovu geri addım atmağa məcbur etdilər. O, Ziya Məmmədovun tələbləri ilə razılaşmaq məcburiyyəti ilə üz-üzə qoyuldu. Onun MMC-dəki payına qanunsuz yollarla sahibləndikdən sonra qardaşı Füzuli Qasımova qarşı əsl səlib yürüşü başladı. 

2012-ci ilin martında Füzili Qasımov “Yeni Müsavat”a müraciət edərək üzləşdiyi haqsızlıqlarla bağlı yazı hazırlamağımızı xahiş etmiş, əməkdaşlarımızı Goranboya dəvət etmişdi. İstəyi bu idi ki, o vaxt nəqliyyat naziri olan Ziya Məmmədovun ona qarşı qanunsuzluqları ictimailəşsin, məsələ ölkə rəhbərliyinin diqqətinə çatdırılsın. Həmin vaxt iş adamının dəvətini qəbul edib Goranboya getmişdik və “Yeni Müsavat”ın 2012-ci il aprelin 1-dəki sayında “Nəqliyyat naziri Qarabağ veteranının əmlakını əlindən alır” sərlövhəli yazı dərc etmişdik. Füzuli Qasımov Ziya Məmmədovun “Goranboy Girp”sə məxsus olan və rayonun Yuxarı Ağcakənd kəndindəki karxanalarını nəyin bahasına olursa-olsun əllərindən almağa çalışdığını açıqlamışdı.

Həmin yazıdan sitat:

“2000-ci ildə I Özəlləşdirmə Proqramı çərçivəsində Goranboy rayonunun Yuxarı Ağcakənd kəndində yerləşən gips karxanalarının bir çoxu özəlləşdirilib.  Biz də özəlləşmədə iştirak edərək gips karxanalardan birini özəlləşdirdik. Sovet vaxtı ”Goranboy Gips” ASC Yuxarı Ağcakənd Gips Kombinatı adlanırdı. Kombinatın rəhbərliyi və işçilərinin 90 faizi ermənilər idi. Qarabağ müharibəsi başlayandan sonra Goranboyda könüllü özünümüdafiə batalyonu yarandı. Ermənilər kombinatı qoyub qaçdılar. Bizlər dədə-babamızdan qalan silahlarla torpaqlarımızı ermənilərdən müdafiə etdik. Həmin karxanalar düşmən sərhədinin 1 kilometrliyində yerləşir. 1995-ci ilə kimi döyüşdük. Biz olmasaydıq, indi Ziya Məmmədovun bizdən almaq istədiyi torpaqlar erməninin tapdağı altında idi. “Goranboy Gips” ASC-nin özəlləşdirilməsi 2003-cü ildə başa çatıb. ASC-nin 58,4 faiz səhm paketi mənə, 32,5 faizi isə qardaşım Aydına məxsusdur. Hazırda müəssisədə 85 nəfər işləyir. Burada işləyənlərin böyük əksəriyyəti bu torpaqların ermənilərdən azad olunmasında iştirak edən Qarabağ veteranlarıdır. 2006-cı ildə nəqliyyat naziri Ziya Məmmədovun adamları mənə ölkə rəhbərliyinin adından təzyiqlər etdilər ki, karxananı onlara verim. Vermədim. Bundan sonra qurğu qurub məni həbs etdirdilər. Həbsdə olanda təklif etdilər ki, müəssisənin 50 faizini onlara – yəni Ziya Məmmədova verim. Dedilər ki, bu bizim yazılmamış qanunumuzdur. Məcbur olub “Goranboy Gips” ASC-nin səhmlərinin 50 faizini onlara etibarnamə ilə verdim. İndi də bütün səhmlərimi əlimdən almaq istəyirlər”.

Füzuli Qasımov 2015-ci ilin martınadək MMC-dəki payını özündə saxlamaq üçün mübarizə apardı. Həmin ilin martında isə Bakıda, Yasamal rayonu ərazisində icarəyə götürdüyü ofisdə meyiti aşkarlandı. Onun müəmmalı ölümü ilə bağlı o dövrdə Baş Prokurorluğun mətbuat xidmətinin yaydığı məlumatda deyilirdi:

“1970-ci il təvəllüdlü Füzuli Şubay oğlu Qasımovun meyiti martın 11-də, səhər saat 11 radələrində paytaxtın Yasamal rayonu ərazisində icarəyə götürdüyü ofisdəki iş otağında aşkar olunub. Odlu silahdan ürək nahiyəsinə açılmış bir atəş nəticəsində ölməsi ilə əlaqədar Yasamal Rayon Prokuroru, prokurorluğun əməkdaşları, prokuror-kriminalist, məhkəmə-tibbi ekspertin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçiriblər. Hadisə zamanı qapı içəridən bağlı vəziyyətdə olub. Şirkətin digər əməkdaşları isə iş otaqlarında olublar. Faktla bağlı Yasamal Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb. İş üzrə müvafiq ekspertizalar təyin edilib, hadisənin motivləri və başvermə səbəbləri istintaq yolu ilə araşdırılır”.

Füzuli Qasımov

İstintaq Füzuli Qasımovun intihar etməsi qənaətinə gəldi, elə bu “əsas”la da cinayət işi bağlandı.

Sahibkarın “Goranboy Gips”dəki payı uğrunda mübarizədə Ziya Məmmədov istəyinə çatdı. Füzuli Qasımovun əlində silah erməniyə vermədiyi gips yataqları onun meyiti üzərindən Ziya Məmmədovun əlinə keçdi.

Hazırda mərhum sahibkarın qardaşı Aydın Qasımov  Gəncə Apelyasiya Məhkəməsinin inzibati-iqtisad kollegiyasında haqqını bərpa etməyə çalışır. Ona və mərhum qardaşı Füzuli Qasımova məxsus paylar üzrə dividend ödənilməsinə nail olmağa, yataqların cinayətkarcasına istismarının önlənməsinə xidmət edən məhkəmə qərarının verilməsini istəyir.

Xatırladaq ki, “Goranboy Gips” Qasımovlardan zor gücünə alınandan sonra bu gün “Fortis” adı ilə fəaliyyətdə olan, o zaman  “ZQAN”a daxil olan “Azbentonit”ə ötürülüb. Hazırda mərhumun “Goranboy Gips”dəki payı Ziya Məmmədovun qardaşı qızının sərəncamındadır. Bu gün Yuxarı Ağcakənddə yerləşən respublikanın ən böyük gips yataqları çox geniş şəkildə istismar olunur. Hətta istismar olunan yataqlarda ekoloji tələblərin çox kobud şəkildə pozulması və talançılıq hallarının olması ilə bağlı istismarçıların cərimələndikləri də bildirilir. Belə aydın olur ki, Ziya Məmmədov vəzifədən çıxarılsa da, Azərbaycanın gips sahəsinə öz yaxın qohumları üzərindən nəzarəti əlində saxlaya bilir… Musavat.com

Həmçinin oxuyun

Əmrullayevin gülməli QƏBUL ŞOUSU – Rəsmi qəbullar, yoxsa gözə kül üfürmək…

“Ötən aydan deyirdilər ki, nazir bu tərəflərə gələcək, vətəndaşları qəbul edəcək. Mən də fürsəti əldən …