Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Cəmiyyət / Ölüm ayağında olarkən həbs edilən məhkum: “Elə oynadım ki, hər kəs ağladı” (VİDEO)

Ölüm ayağında olarkən həbs edilən məhkum: “Elə oynadım ki, hər kəs ağladı” (VİDEO)

ARB TV-nin “Rezonans” proqramında bu dəfə 1958-ci il təvəllüdlü, Şabran rayon sakini Musayev Atakişi Ramazan oğlu öz həyat hekayəsini danışıb.
Musayev Atakişi Ramazan oğlu – Məhkum (6 il): “İki oğlum, bir qızım, iki də nəvəm var. Balaca oğlum 3 gün bundan öncə hərbi xidmətə yollanıb, Goranboyda xidmətdədir.  
20 illik dostum məndən xahiş etdi ki, onu Gəndaba aparım. Gəndəbda körpüyə qalxan yerdə, yolayırıcında gördüm böyük bir maşın vurdu məni. Özümü itirdim, “Ay Allah” deyib əlimi qaldırdım. Mənim “VAZ 21011” markalı maşınımı qapı tərəfdən vurdu, qapı girdi ayağıma, ayağım 3 yerdən sındı, qarnım cırıldı, qolum 3 yerdən sındı, başım deşildi. Əslində orda ölməli mən idim. Qəza zamanı yanımdakı sərnişinləri maşından çıxarıblar, onlar da sağ-salamat deyiblər ki, biz yaxşıyıq, müəllimin vəziyyəti pisdir, onu çıxardın. Maşını doğrayıb məni çıxarıblar, aparıblar xəstəxanaya. Sağ olsun həkimlər, gecəni səhərə qədər 8 nəfər həkim məni ölümün əlindən alıb sağaldıblar. Amma yanımda oturan, 20 illik dostum Dəvəçidə xəstəxanada, 3 gündən sonra öldü. Daxili qanaxmadan ölüb, amma onun təkcə burnu yaralanmışdı.
2017-ci ilin avqust ayının ortaları idi, mən ölüm ayağında idim deyə cinayət işi açıb-bağlayırdılar. Sonra bir müstəntiq gəldi polis maşınında, dedi ki, sənə 4 il ev dustaqlığı ilə məhkum ediblər, bu sənədlərə imza at. 10 gündən sonra isə mənə Bakı Ağır Cinayətlər məhkəməsindən zəng gəlir ki, durum gəlin məhkəməyə. Mən də ağır vəziyyətdə, taksiyə 40 manat verdim getdim məhkəməyə, orada məlum oldu ki, günahkar mənəm. Onda gördüm polis nədir, məhkəmə nədir. Məhkəmə prosesi 5 ay çəkdi, 5 aydan sonra mənə hökm oxundu, götürüb məni gətirdilər cəzaçəkmə müəssisəsinə.
Mənim vəfat edən dostumun yoldaşı şikayətçi deyildi, qalxdım ayağa, dedim gedim üzrhaqlıq edim. Dedim ki, başımıza belə hadisə gəlib, sizə nə cür lazımdı köməklik edəcəm, dedim bir camış, bir inək, min manat da pul verəcəm. Qadın mənə dedi ki, bizə nə sənin malın, nə də pulun lazım deyil. Sonra arvad dedi ki, bizə üzrhaqlığa gec gəldilər, ondan sonra şikayətçi olduq.
Mən hara, cinayət hara? Mən heç siqaret çəkən adam deyiləm, içki belə içmirəm. 1986-cı ildə səhhətimlə bağlı problem yarandı, həkim dedi ki, yaşamaq istəyirsənsə içki ilə siqaretdən uzaq durmalısan. Ondan sonra nə içki, nə də siqaretə yaxın durmuram.
Həmişə xeyirxah biri olmuşam, bundan sonra da belə olacam, heç kim məni dəyişə bilməz. Azadlıqda olanda mən tərəvəzçiliklə məşğul olmuşam, əkdiyimi heç vaxt tək yeməmişəm, kimin ehtiyacı olubsa ona da vermişəm. Mədəniyyət evində də işləyirəm, QAZ-31-i satandan sonra “VAZ 21011” aldım ki, işə gedim gəlim. Eyni zamanda da bərbər işləmişəm. 20 il təcrübəm var bu sahədə.
Fevralın 26-sı Xocalı hadisəsinin ildönümünə hazırlaşırdıq, 19-u həbs olundum. Aktyor kimi şəhid atası rolunu canlandırırdım. Şəhid atası rolunu canlandırıb məşqdən çıxıb məhkəməyə gəldim, məni həbs etdilər. Onlara xahiş etdim ki, 1 həftə möhlət versinlər 26-sı iştirak edim teatrda sonra nə edirlər etsinlər, imkan vermədilər. 1997-ci ildən həbs olunana qədər bütün tədbirlərdə aktyorluq etmişəm. Şəhid atası rolunda idim, yaralı uşaqla dialoqu mən elə canlandırdım ki, bütün zal ağlayırdı. Mənim özümün dərnəklərim var, 8 musiqi alətində ifa etməyi bacarıram.
Həyatda hamıya arzulayardım ki, ümumiyyətlə heç vaxt həbsxanaya düşməsinlər. Hamımız bir-birimizlə mehriban olmalıyıq, nəinki cinayət törətmək. Qəsdən cinayət törədənlərə yaxşı baxmıram, amma həbsdə olan bütün insanlara azadlıq arzulayıram, Allah qapılarını açsın, ailələrinə qovuşub bir də cinayət törətməsinlər.
Uzun illər dostluq edirdim rəhmətlik ilə. Hərəmizin öz yolu var idi, amma heç vaxt bir-birimizə yalan satmırdıq. Dürüst idik, münasibətimiz tuturdu. Hörmətimi saxlayırdı, müəllim deyirdi mənə. Yaxşı insan idi, yaxşı işlər görürdü.
Allah bizə gözəl nemətlər verib, o gözəl nemətlərdən biri də azadlıqdır. Allahı çox sevirəm, Allah da məni sevir ki, o qəzadan məni sağ çıxartdı. Namaz qılmıram, oruc tutmuram, amma bura da özümlə gətirmişəm, Quran oxuyuram”.

Həmçinin oxuyun

İrana gedən azərbaycanlıların sayı 42% artıb – Rəsmi

Bu ilin ilk 3 ayı ərzində İrana 40,6 min Azərbaycan vətəndaşı səfər edib.Yeniavaz.com-un açıqlanan rəsmi …