Çərşənbə axşamı , Aprel 23 2024
Ana səhifə / Cəmiyyət / Ölü yerindən yemək aparanlar

Ölü yerindən yemək aparanlar

Raminə Eyvazqızı

Allah heç kəsə yas qismət eləməsin. Amma ölüm adlı yox olmanı nəzərə alanda hamımızın bu sınaqdan keçəcəyini yaxşı bilirik. Yalnız birinin ölümünü eşidəndə qısa müddətdə ölüm, fanilik haqda düşünürük. Az sonra həmin adam kimi ölüm məsələsini də düşüncəmizin deposuna atırıq. Tez-tez xatırlanan və məlumat mübadiləsi isə yas mərasiminin xərci ilə bağlı olur. Ölü yiyələri qiymət fərqləri ilə maraqlanmalı olurlar. Axı bizim diyarda yas xərci hardasa 2 min manatı (və daha çox-çox) yığıb yığışdırır. 

Hər il ölkədə orta hesabla qadınlı, kişili, uşaqlı 50 mindən çox insan ölür. Rəsmi statistikanın son on ilini nəzərdən keçirəndə, ölüm sayının artdığını görmək olar. Misal üçün, 2006-cı ildə ölkədə 52248 nəfər ölmüşdüsə, 2016-cı ildə bu rəqəm 56648 olub. Ölüm sayı da elə 2006-cı ildə ən az, ötən ildə ən çoxdur. Rəqəmləri qeyd etməkdə məqsədim odur ki, hər öləni təqribən bir ailənin üzvü kimi götürsək, bu ölü yiyələrinin düşdüyü xərci də təxmin etmək olar.  Ölən adam arxasında yaxınları üçün dəfn xərcləri, yas məclisi kimi yüklü öhdəliklər qoyub gedir. Bu öhdəliklər ölü yiyəsinə cəmiyyət tərəfindən yüklənib. Elə bir yükdür ki, hünəri nədir etiraz etsin.

Söz yox, hər ölkə, hər millət, xalq üçün əzizini dəfn etmək, yas saxlamaq mədəniyyəti var. Amma heç yerdə bizdəki kimi hüzr yerinə  başsağlığı verməyə gələnlər saatlarla oturmurlar,  yeməyini yeyib əlavə nələrsə sifariş etmirlər. Bizim yas mədəniyyəti bahalı, göstərişli, zülmkardır. Ona görə ki, ölüsü düşən kimi haraya gələn qohum-əqrəba hələ meyiti yumağa aparmamış, əldə-ovucda olan pulu hesablayır. Məclis aparan mollanın çağırışının qiyməti 100 manatdan başlamış digər xərclər gözdən keçirilir. Ölü yiyəsinin itirdiyi, həyatdan köçdüyü insan tamam yadından çıxır, hətta ağlamağa, köks ötürməyə də fürsət tapmır. Dəfələrlə doğmasını itirənlərlə qarşılaşanda bu sözləri eşitmişəm: “Gələn gedənə başım elə qarışdı ki, ölümü unutdum. Hələ indi özümə gəlirəm”.

Gələn-gedənin dəstək verməsi, ölü yiyəsinə dərdini unutdurması gözəl işdi. Amma bu “dəstək” bəzən əlavə yüklərə səbəb olur. Bir də yasın baş sındırılacaq məqamları var. Meyiti yuyandan sonra basdırılacağı qəbir (güya dövlət rüsumu 1 ölü üçün 63 manatdır, halbuki qəbir yeri almaq yerindən asılı olaraq 400 manata başa gəlir) yerinin alınması, yas çadırının sifarişi( hüzr, mərasim evləri də var), ehsan deyilən süfrələrin qurulması, qonaqların könlünün xoş tutulması(sözbazlara fürsət verməmək), borca düşməmək üçün cəhdlər və sairə. Bəzi insanlarsa, pis çıxmasın, yas yerinə elə-bil yeməyə gəlirlər. Son illər yaman iştəhalı yas qonaqlarını görürəm. Bəzən evi üçün “ehsan yeməyini yemək savabdır” adı ilə halva, bir boşqab xörək yığanlarla da tanış olmuşam. İnsanları öz ölüsü üçün yas tutmağa belə imkan vermirik. Vallah vermirik. Bizdən başqa hansı yerdə, ölkədə  belə zülm var, görəsən? Əzizini itirmiş bilmir mənəvi itkisinə yansın, ya maddi məsələləri həll etsin.

P.S. Bakı Şəhər Mənzil Kommunal Təsərrüfatı Departamentinin Əhaliyə Vətəndaşlıq Xidməti Trestininsə, illərdir, “qəbir yerləri pulla satılmır” nağılı bitməyib hələ. Hətta trestin “qaynar xətt” xidməti də var. Özü də, 7 rəqəmdən ibarət: 510 83 08 .

Həmçinin oxuyun

Abel Məhərrəmov polkovnik-leytenantın torpağını zəbt edib?

Bakı Dövlət Universitetinin (BDU) keçmiş rektoru, Milli Məclisin üçüncü və dördüncü çağırış deputatı Abel Məhərrəmovun …