Çərşənbə axşamı , Aprel 23 2024
Ana səhifə / Cəmiyyət / “O feministlərin özləri heç bilmir ki, feminizm nədir” – Novella Cəfəroğlu

“O feministlərin özləri heç bilmir ki, feminizm nədir” – Novella Cəfəroğlu

Hər il olduğu kimi bu il də ənənəvi olaraq 8 Mart – Beynəlxalq Qadınlar Günündə bir qrup feminist aksiya keçirdi. Əvvəlki illərdən fərqli olaraq bu dəfə aksiya iştirakçıları daha fərqli, konkret şüarlarla çıxış etdilər və gözləntilərdən fərqli olaraq bu dəfə polis də aksiyaya müdaxilə etmədi. Beləliklə, polis müdaxiləsi olmadan keçirilən aksiyada feministlər qadın qətllərinin dövlət orqanları tərəfindən “obyektiv araşdırılmamasına” etiraz edib, hökumətdən İstanbul konvensiyasını qəbul etməyi tələb etdilər. Maraqlıdır ki, kişilər də feministlərlə birgə aksiyada çıxış etdilər.

Builki feminist aksiyası səs-küysüz keçməsinə baxmayaraq, sosial şəbəkələrdə gedən müzakirələrdən belə məlum olur ki, cəmiyyətdə hələ də feministlərə qarşı düşüncə tərzi dəyişməyib, onlara qarşı bir qıcıq var. Bəs səbəb nədir? Ümumiyyətlə, cəmiyyətimiz feminizm anlayışını nə dərəcədə doğru qəbul edir və əslində gözləntiləri nədir?

İlk öncə xatırladaq ki, feminizm fransızca “femin”, latınca “femina”, yəni qadın sözündən götürülüb, burjua quruluşu çərçivəsində qadınlara kişilərlə bərabər hüquqlar verilməsi uğrunda mübarizə aparan ictimai hərəkat deməkdir. “Feminizm” termininin ixtiraçısı, ilk dəfə işlədən və “Qadının sosial vəziyyəti ictimai tərəqqinin meyarıdır” kəlamının müəllifi utopik sosializm nümayəndəsi Şarl Furyedir.

Feminizmin ilk dalğası XIX əsrin sonu-XX əsrin birinci yarısına təsadüf edir. Onun əsas məzmunu cinslərin hüquq bərabərliyinə nail olmaq uğrunda mübarizədən ibarətdir. XX əsrin ortalarından etibarən feminizmin ikinci dalğası başlayıb. Onun əsasında qadınların kişilərlə faktiki bərabərliyi uğrunda mübarizə dururdu. 70-ci illərin ortalarında və sonunda Qərbdə, xüsusilə ABŞ-da hərəkat daha kütləvi xarakter alıb. Bu çoxsaylı aksiyalarda bir sıra təşkilatların və bir çox lidersiz və öz ənənəvi anlamında nəzəri strategiyasız kiçik qrupların yaranmasında təzahür etdi. 80-ci illərin ortalarında feminizmin təsiri bir qədər azalır, tədqiqatçılar bunu qərb ölkələrində neokonservativ istiqamətin möhkəmlənməsi, həmçinin feminizmin öz daxilində yaranan kəskin özünütənqidlə izah edirlər. Son illər isə feminizm hərəkatı xeyli aktivləşib. Bu isə qadın qətllərinin, qadına qarşı zorakılığın artması ilə əlaqələndirilir.

Azərbaycanda isə feminizm hərəkatı isə hələ 19-cu əsrin sonu, 20-ci əsrin əvvəllərində başlayıb. Maraqlıdır ki, azərbaycanlı qadınların hüquqları uğrunda ilk hərəkatı başladanlar isə kişilər olub, hansı ki, onlar Qərbin humanist dəyərlərindən təsirlənmişdilər. Məsələn, 20-ci əsrin əvvəlində Azərbaycanda müsəlman qızların oxuma, yazma, elm, fəlsəfə, mədəniyyət öyrətmək üçün “Nicat” qadın maarifçilik cəmiyyəti yaradılmışdı və məlum olduğu kimi bu qurum yaradılmasının təşəbbüskarı Həsən bəy Zərdabi olmuşdu. Cəlil Məmmədquluzadə isə öz əsərlərində qadın azadlığı, onun hüquqlarından bəhs edib və ilk qadın jurnalı olan “İşıq”ın işıq üzü görməsi üçün çalışıb. Cəfər Cabbarlı Azərbaycanda feminist klubun yaradılması təşəbbüsü ilə çıxış edib. Onun “Sevil” əsəri və bu əsərin teatrda səhnəyə qoyulması, film çəkilməsi isə feminist hərəkatına xüsusi təsir göstərib. Əhməd bəy Ağaoğlu isə Azərbaycanda qadın haqları probleminin nəzəri əsasını qoyub.

İndi müasir dövrdə cəmiyyətimizin feministləri qıcıqla qarşılanması məsələsinə gəldikdə Hüquq müdafiəçisi və Dilarə Əliyeva adına Azərbaycan Qadın Hüquqlarını Müdafiə Cəmiyyətinin sədri Novella Cəfəroğlu “Yeni Müsavat”a açıqlamasında bildirib ki, bunun əsas səbəbi elə feministlərin davranışıdır: “O aksiyalarda iştirak edənlərin özləri heç bilmir ki, feminizm nədir. Xatırlayırsınızsa aksiyalarda feministlər ”kiminlə istəyirəmsə yatıram” kimi şüarlar ilə çıxmışdılar. Buradan da onlar Azərbaycanda feminizmin kökünü bağladılar. Əslində isə feminizm insan haqlarının, o cümlədən qadın hüquqlarının qorunması uğrunda mübarizə deməkdir. Sadəcə bizdə feminizmi elə bir formada ortaya çıxartdılar ki, cəmiyyətdə ona qarşı nifrət yarandı və başqa cür qarşılandı. Aksiyalarda o cür şüarlar səsləndirənlər bilməli idilər ki, feminizmə nə üçün və nə ilə gəliblər, nə işlə məşğuldurlar, nə üçün özlərini feminist adlandırırlar və sairə. Ümumilikdə isə qadın haqlarını qoruyan təşkilatlar, qurumlar birbaşa feminizmin bünövrəsini qoyanlardır. Feminizm çox gözəl anlayışdır, hərəkatdır. Bura həm insan haqları, həm də qadın azadlığı, qadın hüquqlarının qorunması daxildir. Lakin bunu bizim müsəlman cəmiyyətə başqa cür vermək lazımdır. Əlbəttə ki, ölkəmiz əvvəldən hər müasir amili qəbul etmir. Sadəcə olaraq bizim özümüzə məxsus azad ənənələrimiz var və bunun üçün cızıqdan çıxmaq qeyri-mümkündür. Bir daha qeyd edirəm ki, həmin feministlər səsləndirdikləri çıxışlar, şüarlar ilə özlərini kənarda qoymuş oldular. Halbuki cəmiyyətlə danışmaq, ona fikirləri elə yeritmək lazım idi ki, o başa düşsün ki, feminizm nə istəyir, özünü nə cür təqdim etməyə çalışır. Lakin onlar çıxıb biabırçı şüarlar səsləndirdilər. Buna görə də onları nəinki bizim, müsəlman cəmiyyəti, ümumiyyətlə heç bir cəmiyyət qəbul etmir”.

Həmçinin oxuyun

Abel Məhərrəmov polkovnik-leytenantın torpağını zəbt edib?

Bakı Dövlət Universitetinin (BDU) keçmiş rektoru, Milli Məclisin üçüncü və dördüncü çağırış deputatı Abel Məhərrəmovun …