Cümə , Aprel 19 2024
Ana səhifə / Cəmiyyət / Novruz yarmarkaları və supermarketlər: hansında ucuzluqdu? – Fotolar

Novruz yarmarkaları və supermarketlər: hansında ucuzluqdu? – Fotolar

Martın 2-dən Bakıda Novruz bayramına görə kənd təsərrüfatı yarmarkaları təşkil olunub. Yarmarkalar əsasən metro stansiyalarının qarşısında yaradılıb.

Belə ki, “Gənclik”, “Nərimanov”, “28 may”, “İnşaatçılar” və “Koroğlu” metro stansiyalarının yaxınlığında çadırlar qurularaq meyvə, çərəz və digər bu kimi insanların Novruz bayramı ərəfəsində ən çox istehlak etdikləri məhsullar satışa çıxarılıb.

Bildirildiyinə görə, yarmarkaların təşkil olunmasının səbəbi odur ki, Bakının hər yerində hərə bir bazar açmasın, küçə ticarəti məhdudlaşsın, anti-sanitariya olmasın və vahid qiymətlər tətbiq edilsin.

Bakı Şəhər İcra Hakimiyyətindən musavat.com-a verilən məlumata görə, yarmarkaların sayı artırılacaq və martın 25-nə qədər fəaliyyət göstərəcəklər.

Bəs yarmarkalarda qiymətlər necədir və bu qiymətlər iri mağazalarda satılan eyni adlı məhsulların dəyəri ilə müqayisədə ucuzdurmu?

Suala cavab tapmaq üçün öncə metronun “Nəriman Nərimanov” stansiyası yaxınlığında qurulan satış yarmarkasında olduq. Hələ satıcılara yaxınlaşmadan müşahidə etdik ki, insanların bu yarmarkalara marağı böyükdür. Piştaxtaların önündən demək olar ki, müştəri əksik olmurdu. Yarmarkalarda, bütün növ çərəzlərə rast gəlmək olar. Meyvə çeşidi isə elə də zəngin deyil. Bildirildi ki, növbəti günlərdə meyvə çeşidini artıracaqlar.

Məhsulların qiymətinin mağazalardakı qiymətlərlə fərqinə gəlincə isə onlar aşağıdakı kimidir:

Qoz ləpəsi mağazada 22 manat və daha baha qiymətə, yarmarkada isə 18-22 manata satılır. Eyni zamanda qabıqlı qozu yarmarkalardan 7 manatdan 15 manata qədər qiymətə əldə etmək olar. Fındıq mağazalarda yarmarkaya nisbətən 2-3 manat ucuzdur. Belə ki, mağazada 12 manata olan fındıq ləpəsini yarmarkadan 14-15 manata tapmaq mümkündür. Badam ləpəsinin qiymətində də fərq var. Yarmarkda 18 manata olan badam, mağazada 26 manatadır. Meyvə quruları da bayramda ən çox alınan məhsullardandır və onların da yarmarka qiyməti daha ucuzdur. Məsələn, qaysı qurusunun yarmarka qiyməti 8 manat, mağaza qiyməti isə 10-11 manatdır. İydəni yarmarkadan növündən asılı olaraq 5 manatdan 18 manatadək müxtəlif qiymətlərə əldə etmək olar. Mağazada əncir qurusu 14.90, xurma müxtəlif qiymətlərə var – 6.69, 22.99, 23.93, kişmiş 4.99, 14.79, albuxara 8.99, ananas qurusu 7.99 manata satılır.

Meyvələrə gəlincə isə yarmarkada yaşıl alma 1.50 manata yaxın, mağazada isə 2-3 manatdır. Mandarinin kiloqramı mağazada 2.50 manat, yarmarkada isə 2 manatadır.Kivi mağazada 2.60, yarmarkada 2.80 manatadır. Mağazada armud 4.30, heyva 3.50, ananas 5.50(yarmarkada daha ucuzdu) çiyələk 12 manatadır. Bayramın simvolu olan səməni isə mağazada yarmarkaya nisbətən ucuzdur. Məsələn, mağazalardan kiçik ölçülü səmənini 60 qəpik, orta boyu isə 90 qəpiyə əldə edə bilərsiniz. Yarmarkalarda isə səməninin qiyməti 1 manatdan 10 manata qədər dəyişən qiymətlərlə satılır.

Həmçinin oxuyun

İqtisadi və Sosial İnkişaf Mərkəzi (CESD) məktəb turunu yekunlaşdırıb

İqtisadi və Sosial İnkişaf Mərkəzi (CESD) Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi və Naxçıvan Muxtar …