Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Cəmiyyət / “Nehrəm Holdinq” adı ilə müdhiş dələduzluq – Vətəndaşın halal mənzili ATV kanalına niyə verilib?

“Nehrəm Holdinq” adı ilə müdhiş dələduzluq – Vətəndaşın halal mənzili ATV kanalına niyə verilib?

Tikinti şirkətlərinin yarıtmaz fəaliyyətindən zərər çəkən daha bir şəxs dövlət rəhbərliyinə şikayət edib. Bu, Orucova Gülşən Gülmalı qızıdır. O, dövlət başçısına ünvanladığı şikayət məktubunda yazır:
“Hörmətli cənab Prezident!
Mən Orucuva Gülşən Gülmalı qızı, 2005-ci ildə Nərimanov rayonu Həsən Əliyev küçəsində yeni tikilən çoxmərtəbəli yaşayış binasının 2-ci blokunun 12-ci mərtəbəsində sahəsi 110 kv-lıq 3 otaqlı mənzil almışam. Həmin bina “Fəqan -1” MMC ilə “Nehrəm” MTK tərəfindən müştərək olaraq tikilirdi. Mənzili kreditlə götürdüyümdən, iki il müddətində 55 min manatlıq borcumu tam ödədim və 11 aprel 2006- cı il tarixində mənə məxsus olan mənzilin orderini aldım. Planda binanın 2007- ci ildə tikintisinin başa çatdırılacağı göstərilsə də, istismara verilmədi və bu günə kimi orada heç kim yaşamır. Mənzili aldığım müddətdən etibarən mən mütəmadi olaraq hər il tikinti ilə maraqlanırdım. 2009-cu ildə evimə baxmağa gedəndə gördüm ki, mənzilimin üzərində ATV yazılıb. Komendatdan soruşanda dedi ki, ev ATV-nindi. Məsələyə aydınlıq gətirmək üçün ATV kanalına getdim. Oradan dedilər ki, ev sizindi, narahat olmayın və yaza qədər gözləyin. Yazda isə son söz belə oldu: “İnciməyin, ev sizə çatmır, gedin, nə bilirsiz edin”. Belə olan halda problemimi həll etmək üçün Nərimanov Rayon Məhkəməsinə müraciət etdim. Məhkəmənin ilk 3 prosesində tikintini həyata keçirən qurumlar – “Nehrəm” MTK ilə “Fəqan” MMC-nin nümayəndələrinin iştirakı təmin olunmadı. Növbəti prosesdə isə mənim xeyrimə qərar çıxarılanda onlar vəsatət qaldıraraq, işə Binəqədi Rayon Məhkəməsinin baxmasını istədilər. Vəsatət təmin olundu. Mən həmin Məhkəmədə gedən ilk iki prosesdə də onları görmədim.
3-cü prosesdə “Fəqan” MMC- nin rəhbəri Rauf Hüseynov gələrək dedi ki, onlar “Nehrəm Holdinq” ilə 50/50 işləyir: “İndi biz ayrılmışıq, ona görə problemlər yaşanır. Biz iddiaçıdan 55 min manat məbləğində pul alaraq onu tikintiyə sərf etmişik. Amma “Nehrəm Holdinq” həmin mənzili başqa müştəriyə satıb. Biz xanıma başqa yerdən ev tikib verə bilərik” .
Bundan sonra, Binəqədi Rayon Məhkəməsi 55 min manat vəsaitin mənə geri qaytarılması ilə bağlı qərar çıxartdı. Təbii ki, mən bununla razı deyildim. Öz halal evimi istəyirdim. Ona görə də, Bakı Apelyasiya Məhkəməsinə müraciət etdim. Apelyasiya Məhkəməsi isə Binəqədi Rayon Məhkəməsinin qərarını qüvvədə saxladı. Mən növbəti instansya olan- Ali Məhkəməyə müraciət etdim.
Həmin instansiya da Məhkəmə qərarını qüvvədə saxlamaqla yanaşı, əlavə olaraq mənə 10 min manat mənəvi zərərin dəyməsini qət etdi. Son qərar 28 yanvar 2013-cü ildə verilsə də, iki ildir k, Məhkəmənin qərarı icra olunmur.
Cənab Prezident!
Mənim haqqımı, çətinliklər bahasına ailəmin boğazından kəsərək aldığım halal mülkümü əlimindən alaraq başqasına satıblar. Üstəlik, ödədiyim 55 min dolları da mənimsəyiblər. Məhkəmələrin qərarı olsa belə, bu pulu nə “Fəqan” MMC, nə də “Nehrəm” MTK ödəmək istəmir. Onlar dəfələrlə məhkəmələrə təzyiqlər edərək işi ya gecikdirir, ya da özlərinə sərf edəcək qərarlar çıxartdırırlar. Mənim bir vətəndaş olaraq son ümidim yalnız və yalnız sizədir. Hər dəfə bu problemlə maraqlanarkən mənə təhdidlər olunur. Şərlənəcəyimdən və yaxud da ölüdürüləcəyimdən qorxuram. O bina mənim kimi sakinlərin pulu ilə tikilib. Bu gün isə mənə yalnız o pulun qaytarılması ilə bağlı qərarlar çıxardırlar. Mən pulumu yox, haqqım olan evimi istəyirəm. “Nehrəm Holdinq” tərəfindən mənimsənilən evimin özümə qaytarılmasına köməklik göstərmənizi xahiş edirəm. Hesab edirəm ki, bir dövlət başçısı olaraq bu məsələni yalnız siz həll edə bilərsiniz “.

Həmçinin oxuyun

Bakı meriyasında müşavirə keçirilib, bu şəxsə şiddətli töhmət verilib

Bakı Şəhər İcra Hakimiyyətində martın 26-da Binəqədi rayonunda qadının liftin qapıları arasında qalaraq ölməsi faktı …

Bir cavab yazın