Ana səhifə / Cəmiyyət / Nazirliyin bağlatdırmaq istədiyi restoranlardan cavab: “Onsuz da toy yoxdur…”

Nazirliyin bağlatdırmaq istədiyi restoranlardan cavab: “Onsuz da toy yoxdur…”

Xəbər verdiyimiz kimi , Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) 9 iaşə obyektinin fəaliyyətinin dayandırılması üçün məhkəmə orqanları qarşısında vəsatət qaldıracaq.
Ətraf Mühit üzrə Milli Monitorinq Departamentinin direktoru Ramal Bağırovun sözlərinə görə, nazirlik tərəfindən müasir standartlara cavab verən təmizləyici qurğuları olmayan iaşə obyektlərinin sahiblərinə havaya atdıqları tüstü və qoxuya görə verilən vaxtdan artıq 5 ay keçib. Lakin buna baxmayaraq, bəzi obyektlər nazirliyin tələbini indiyədək yerinə yetirməyib.
Bağlanması planlaşdırılan 9 iaşə obyekti bunlardır: Yasamal rayonunda yerləşən “Filiz Palace”, Binəqədi rayonundakı “Tərlan”, “Wite Palace”, Nizami rayonundalı “Milord”, “Xəmsə”, “Dan ulduzu”, Xətai rayonundakı “Neapol”, Suraxanı rayonundakı “Turan”, Sabunçu rayonundakı “Arzu” .
Azvision.az nazirliyin bağlatdırmaq istədiyi iaşə obyektlərindən bir neçəsi ilə əlaqə saxlayaraq məsələyə münasibət öyrənib.
“Xəmsə” şadlıq sarayının icraçı direktoru Bəxtiyar Fətullayev bildirib ki, ayın sonuna kimi təmizləyici qurğular işə salınacaq:
“Bir neçə yerə zəng vurmuşam, araşdırırlar. Nazirliyinin nümayəndələri burada olublar. Biz bağlanmış müqavilənin surətini onlara göstərmişik. Artıq pul da ödəmişik, qurğular yoldadır, ayın sonuna kimi Bakıya çatmalıdır. Noyabrın 9-na kimi quraşdırılmalıdır. Bu, onları qane etməyibsə, bir şey deyə bilmərəm. Bağlamaq üçün heç bir əsas yoxdur. Onsuz da iki aydır toylar yoxdur”.
“Wite Palace” restoranından da oxşar cavab verilib: “Bizdə müqavilə var, qurğunun quraşdırılması üçün iş gedir. Restoranın bağlanması ilə bağlı bizə hansısa məlumat verilməyib”.
“Milord” restoranının icraçı direktoru Rafiq Əhmədov: “Müqavilə bağlanıb. Lazımi orqanlara bununla bağlı məlumat verilib ki, ayın 15-20-si arası bizdə filtrlər quraşdırılacaq. Sahibkarla danışmışıq. Bu dəqiqə Bakıda şadlıq saraylarının 20-30 faizi müasir təmizləyici qurğularla işləyir. Qalan hamı malın gəlməsini gözləyir”.
“Neapol” restoranının icraçı direktoru Elşən İmanov isə nazirliyi məhkəməyə verəcəyini deyib: “Nəyə görə mənim obyektimi bağlayırlar? Təmizləyici qurğular yerindədir. Nazirliyin nümayəndəsi dünən yanıma gəldi, əlində də mənim aktımı gətirdi. Aktda yazılıb ki, istənilən obyekt noyabrın birinə qədər nə qüsurları varsa, aradan qaldırsın və departamentə bununla bağlı məlumat versin. Mənim stolumun üstünə bunu qoyurlar, sonra da gedib məni məhkəməyə verirlər? Mən özüm onları məhkəməyə verəcəyəm. Məni cərimə etməyə ixtiyarları yoxdur. Obyekti hələ heç istismara verməmişəm. Fəaliyyətimi dayandırmışam”.

Həmçinin oxuyun

Təcrübəsiz adamlar necə direktor olur? – “Dostluq, qohumluq əlaqələri…”

Son vaxtlar məktəb və kollec direktorlarının fəaliyyətində nöqsan aşkarlanması və bu səbəbdən həmin vəzifəli şəxslərin …