Cümə axşamı , Aprel 18 2024
Ana səhifə / Cəmiyyət / NAXÇIVANIN MÜDAXİLƏSİ ERMİTAJI QƏRƏZLİ MÜZAKİRƏDƏN İMTİNA ETDİRDİ

NAXÇIVANIN MÜDAXİLƏSİ ERMİTAJI QƏRƏZLİ MÜZAKİRƏDƏN İMTİNA ETDİRDİ

Azinforum.az “Şərq qapısı”na istinadən xəbər verir ki, 26-29 sentyabr tarixində Rusiya Federasiyasının Dövlət Ermitajında şərq numizmatikasına (ICON II) həsr olunmuş ikinci beynəlxalq konfrans keçirilmişdir. Konfransın sentyabrın 29-a nəzərdə tutulan iclasında erməni alimi A.Akopyan (Moskva) və P.Petrovun (Kazan) “Şərqi Ermənistan xanlıqlarının (İrəvan, Naxçıvan, Gəncə, Qarabağ) 1747-1827-ci illərdə sikkə zərbi” mövzusunda məruzələrinin dinlənilməsi nəzərdə tutulmuşdu.
Məsələ ilə bağlı Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Aparatı Sankt-Peterburq şəhərində yaşayan azərbaycanlıları məlumatlandırmış, burada fəaliyyət göstərən “Naxçıvan cəmiyyəti”nin üzvləri və Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsinin alim və tədqiqatçıları “Şərq numizmatikası üzrə “İCON” 2-ci Beynəlxalq Konfrans”ın Təşkilat Komitəsinə məktub göndərərək qərəzli yanaşmaya kəskin etirazlarını bildirmiş, “Şərqi Ermənistan xanlıqlarının (İrəvan, Naxçıvan, Gəncə, Qarabağ) 1747-1827-ci illərdə sikkə zərbi” adlı məruzənin konfransın gündəliyindən çıxarılmasını tələb etmişlər.

Etiraz məktublarında qədim Azərbaycan torpaqlarının “Şərqi Ermənistan” kimi qələmə verilməsinin elmi və tarixilik baxımından kobud səhv olduğu, ermənilərin Azərbaycan torpaqlarına, xüsusilə adları qeyd olunan xanlıqların ərazisinə 1828-ci il tarixli Türkmənçay müqaviləsindən sonra köçürüldüyü diqqətə çatdırılmışdır. Qeyd olunmuşdur ki, 1747-1828-ci illərdə Nadir şah imperiyasının süqutundan sonra Azərbaycan ərazilərində 21 xanlıq yaranmış, həmin dövrdə nə Ermənistan adlı dövlət, nə də “Şərqi Ermənistan” adlı coğrafi ərazi olmamışdır. Adları çəkilən xanlıqları isə Azərbaycan türkləri olan Qacarlar, Kəngərlilər, Ziyadoğlular, Cavanşirlər sülaləsi idarə etmişlər. Həmin dövrdə Ermənistan dövləti olmadığı üçün bu dövlət adından pul kəsilməsinin mümkünsüzlüyü faktlarla konfransın təşkilat komitəsinin nəzərinə çatdırılmışdır.
Qeyd edək ki, bu məsələ bir dəfə də keçmiş Sovetlər Birliyi dövründə – 1971-ci ildə gündəliyə gətirilmişdi. Həmin dövrdə Rusiya Dövlət Ermitajının hazırkı direktoru akademik M.B.Piotrovskinin atası B.Piotrovski “Redaksiyaya məktub” sərlövhəli məqaləsində Azərbaycan xanlıqlarına məxsus pul sikkələrinin mənimsənilməsini mümkünsüz və elmi yanlışlıq hesab etmişdi.

Məsələnin ikinci dəfə gündəliyə gətirilməsi Rusiya Dövlət Ermitajının və şəxsən onun direktoru akademik M.B.Piotrovski­nin tarixə saxtakar münasibətinin və açıq-aşkar ermənipərəst mövqeyinin nəticəsi idi.
Haqlı tələb və etirazlardan sonra “Şərq numizmatikası üzrə “İCON” 2-ci Beynəlxalq Konfrans”ın Təşkilat Komitəsi A.V.Akopyanın və P.N.Petrovun təqdim etdikləri “Şərqi Ermənistan xanlıqlarının (İrəvan, Naxçıvan, Gəncə, Qarabağ) 1747-1827-ci illərdə sikkə zərbi” adlı mövzunu konfransın gündəliyindən çıxarmışdır.
Bu, ermənilərin öz havadarlarının dəstəyi ilə saxta tarix yaratmaq cəhdinin növbəti dəfə iflasa uğramasıdır.

Həmçinin oxuyun

İqtisadi və Sosial İnkişaf Mərkəzi (CESD) məktəb turunu yekunlaşdırıb

İqtisadi və Sosial İnkişaf Mərkəzi (CESD) Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi və Naxçıvan Muxtar …

Bir cavab yazın