Şənbə , Aprel 20 2024
Ana səhifə / Cəmiyyət / Naxçıvanda təhsil quruculuğu –Şərurda Fizika-Riyaziyyat təmayüllü lisey kompleksi istifadəyə verilib

Naxçıvanda təhsil quruculuğu –Şərurda Fizika-Riyaziyyat təmayüllü lisey kompleksi istifadəyə verilib

Ölkə başçısı cənab İlham Əliyev deyib: “Azərbaycan çox zəngin  ölkədir. Bizim  böyük  təbii  resurslarımız vardır. Ancaq  bizim ən böyük  resursumuz  insanlarımızın  biliyidir, savadıdır”.

 

 

“Təhsil millətin gələcəyidir” prinsipi dövlətin yürütdüyü siyasətin prioritet istiqamətlərindən biri olduğundan, bu sahə son illər böyük inkişaf yolu keçib. Ulu öndər Heydər Əliyevin təhsil strategiyası muxtar respublikada da uğurla və inamla davam etdirilir. Nəticə isə göz qabağındadır. Hər il yeni məktəb binaları istifadəyə verilir, maddi-texniki bazası möhkəmləndirilir, informasiya-kommunikasiya texnologiyaları ilə təchizatı ən yüksək səviyyədə həyata keçirilir. Təhsil ocaqları bir məbədgah kimi qorunur, gələcəyimiz olan uşaqların təhsili və müəllimlər üçün iş şəraiti yaradılır. İndi ən ucqar dağ və sərhəd kəndlərində müasir memarlıq üslubunda inşa olunan məktəb binaları nə quruluşuna, nə də maddi-texniki təcizatına görə şəhər məktəblərindən fərqlənmir.

Son illər muxtar respublikamızda  200-dən çox təhsil müəssisəsi tikilmiş  və ya əsaslı şəkildə yenidən qurulmuş, bütün təhsil müəssisələrinin maddi-texniki bazası möhkəmləndirilmiş, məktəblər ən müasir informasiya-kommunikasiya texnologiyaları ilə təchiz olunmuşdur. Ümumtəhsil məktəblərində 623 elektron lövhə quraşdırılmış və təhsil müəssisələrinə 3725 dəst kompüter verilmiş və onların  internet şəbəkəsinə qoşulması təmin edilmişdir.

Təhsilin məzmununa yeni pedaqoji təfəkkür baxımından yanaşılması, fənn kurikulumları və təhsil standartlarının tətbiqi, informasiya kommunikasiya texnologiyalarına təlim prosesində geniş yer ayrılması, milli-mənəvi irsimizin öyrənilməsi üçün muzeylərlə interaktiv əlaqələrin təşkili, alimlərin iştirakı ilə nümunəvi dərslərin tədrisi, distant təhsilin reallaşdırılması, beynəlxalq təcrübədən yaradıcı şəkildə istifadə olunması təhsil sahəsində uğurların qazanılmasına şərait yaratmışdır.

Müasir maddi-texniki bazanın formalaşdırılması təhsildə mütərəqqi üsulların tətbiqinə geniş imkanlar açmışdır. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan Muxtar Respublikasının təhsil müəssisələrində elektron təhsilin təşkili ilə bağlı əlavə tədbirlər haqqında” 2014-cü il 20 iyun tarixli Sərəncamının icrası artıq öz bəhrəsini verir. Bu istiqamətdə həyata keçirilən tədbirlər nəticəsində Azərbaycanın tarixi, mədəniyyəti ilə bağlı fənlərin tədrisi prosesində muzeylərlə təhsil müəssisələri arasında interaktiv əlaqələr təşkil edilir. Deyək ki, Şahbuz rayonunun Nursu kəndində oxuyan məktəbli distant təhsilin verdiyi imkanlardan bəhrələnərək Ordubad şəhərində yerləşən muzeylər haqında müfəssəl məlumata sahib olur. Eləcə də Ordubadın təhsil ocaqlarının məktəbliləri M.Arazın Nursu kəndindəki ev muzeyinə qiyabi də olsa səyahət edir, xalq şairi ilə bağlı bilikləri möhkəmlənir. Bu da şagirdlərin vətənpərvərlik ruhunda təlim-tərbiyəsinə müsbət təsir göstərir.

Həyata keçirilən tədbirlər muxtar respublikanın bütün bölgələrini bərabər şəklildə əhatə etdiyindən ali məktəblərə qəbulun nəticələrində də ilbəil həm kəmiyyət, həm də keyfiyyət dəyişikliyi özünü büruzə verir. Məsələn, ötən tədris ilində Şərur rayonunun Gümüşlü, Havuş, Dərvişlər, Ordubad rayonunun Kotam, Gilançay, Culfa rayonunun Şurud, Teyvaz, Şahbuz rayonunun Badamlı, Mahmudoba kənd tam orta məktəblərinin bütün məzunları tələbə adını qazanmışdır.

Bu il universitetlərə qəbul olmaq üçün sənəd verən 2469 nəfər məzundan 1538 nəfəri tələbə adını qazanıb. Onların 338-nəfəri 500-700 intervalında keyfiyyət balı toplayanlardır. Bu göstərici ötən il üçün 313 nəfər təşkil edib. 

Heydər Əliyev adına Hərbi Liseyin məzunlarından 199-u ölkənin müxtəlif ali hərbi məktəblərinə qəbul olunmuşdur. Xatırladaq ki, 1998-ci ildə Naxçıvanda hərbi təmayüllü lisey yaradılanda cəmi 56 nəfər kursantla fəaliyyətə başlamışdı.

1999-cu il oktyabrın 13-də filialın, onun yeni tədris korpusunun açılışında işrtirak  edən ulu öndər Heydər Əliyev demişdir: “Mən özünü bu peşəyə həsr edənləri yüksək qiymətləndirirəm. Ümidvaram ki, Naxçıvan filialı qısa müddətdə genişlənəcəkdir. Buraya 100 yox, 200 bəlkə də ondan daha artıq gənc qəbul edib hazırlamaq mümkündür ki bizim zabit kadrlarımız daha çox olsun”.Hərbi liseyin gələcəyinə böyük ümidlərlə səsləndirilən bu fikir çox keçmədi ki, reallığa çevrildi.  Qəbul sayı orta hesabla 2 dəfə artan filial ölkə başçısı, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin 27 fevral 2004-cü il tarixli sərəncamı ilə  ləğv edilərək onun əsasında Heydər Əliyev adına Hərbi Lisey yaradıldı. Bu gün Hərbi liseyin minə yaxın məzunu Silahlı Qüvvələrdə peşəkar zabit kimi xidmətlərini davam etdirirlər.

Liseydə yaradılan şərait bu təhsil ocağına marağı artırıb. Lisey nəinki muxtar respublika üzrə, həmçinin ölkənin digər bölgələrindən də bu ünvana üz tutan gəncləri öz ətrafına toplayıb.

Bu gün inkişaf edən və inkişafı zəruri sayılan yalnız hərbi təhsil sahəsi deyil. Ölkənin dinamik inkişafı cəmiyyət həyatının bütün sahələrində ixtisaslı kadrların olmasını şərtləndirir. Hardasa təxminən 10-15 il bundan öncə humanitar ixtisas qruplarına maraq özünü daha çox göstərirdi. Humanitar fənlərə olan meyllilik bir neçə ildir ki, kökündən dəyişib. Bu bir tərəfdən ölkə iqtisadiyyatının, xüsusən də sənayenin inkişafı ilə əlaqədardısa, digər tərəfdən təhsildə tətbiq olunan yeniliklərin, informasiya-kommunikasiya texnologiyalarının tətbiqinin bəhrəsidir. Muxtar respublikada kənd təsərrüfatının ayrı-ayrı sahələrinin, sənaye və xidmət sektorunun, İKT-nin inkişafı ixtisaslı kadrlara olan tələbatı birə-beş artırır. Bu baxımdan Ali Məclis Sədrinin 14 aprel 2015-ci il tarixli sərəncamı ilə texniki fənlər üzrə şagirdlərin istedad və bacarıqlarının aşkara çıxarılması üçün yaradılan yeni tipli təhsil müəssisəsinin – Şərur şəhərindəki fizika-riyaziyyat təmayüllü liseyin fəaliyyəti də yaxın və uzaq gələcəyə hesablanıb.

2015-2016-cı tədris ilindən fəaliyyətə başlayan liseyin VII-X siniflərinə ötən il muxtar respublika ümumtəhsil məktəblərindən qəbul aparılmış, onlardan 150-si haliyədə təhsilini davam etdirir. Cari tədris ilində liseyin VII siniflərinə qəbul üçün 474 şagird müraciət etmiş, imtahanların nəticələrinə əsasən 54 şagird liseyə qəbul olunmuşdur. Bu tədris ilində liseydə 204 şagird təhsilini davam etdirir.

Sentyabrın 15-də – Bilik Günündə Şərur şəhərində Fizika-Riyaziyyat Təmayüllü Lisey kompleksinin açılışı olmuşdur. Bu ildən şagirdlər yeni lisey kompleksində təhsillərini davam etdirirlər. Yeni istifadəyə verilən lisey hər biri zirzəmi qatı ilə birlikdə 5 mərtəbədən ibarət tədris və yataqxana binalarından ibarətdir. 380 şagird yerlik tədris binasında 5-i elektron lövhəli olmaqla, 19 sinif otağı, kimya, biologiya və fizika laboratoriyaları, hərbi kabinə, şahmat otağı, 2 kompüter otağı, kitabxana vardır. Liseydə internetə qoşulmuş 42 kompüter quraşdırılmışdır. Lisey muxtar respublikanın distant təhsil şəbəkəsinə qoşulmuş, 2 mindən artıq elektron dərsliklə təmin edilmişdir.  Yaradılan şərait dəqiq fənlərin dərinləşdirilmiş proqram əsasında yüksək tədrisinə imkan verəcəkdir.

273 yerlik yataqxana binasında 5 və 3 yerlik 87 yataq otağının hər biri zəruri mebel avadanlıqları ilə təchiz olunmuşdur.  Yataqxanada həmçinin istirahət otaqları, həkim və müayinə otaqları, idman zalı, yeməkxana, mətbəx, bərbərxana da vardır. Yaradılan yüksək tədris və məişət şəraiti nəinki muxtar respublika üzrə, eləcə də, ölkənin digər bölgələrindən olan  şagirdlərin bu liseydə oxuması üçün geniş imkanlar açır.

Lisey Kompleksinin açılışı mərasimində çıxış edən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri demişdir: “Təhsil islahatları o zaman fayda verir ki, o, cəmiyyətin konkret ehtiyaclarına uyğunlaşdırılsın. Şərur şəhərində Fizika-Riyaziyyat Təmayüllü Lisey də bu zərurətdən yaradılmışdır. Muxtar respublikada texniki fənlər üzrə şagirdlərin istedad və bacarıqlarının aşkara çıxarılmasında liseyin üzərinə mühüm vəzifələr düşür”.

Dəqiq elmlər sahəsinin inkişafına xidmət edən liseydə hazırda təhsil alan 204 şagird yaxın gələcək üçün 204 savadlı mütəxəssis deməkdir. Həyata keçirilən tədbirlər  Azərbaycanda insan kapitalının daha da inkişaf etdirilməsi məqsədinə xidmət edir. Ölkə başçısı cənab İlham Əliyevin də dediyi kimi,  maddi kapitalı insan kapitalına çevirməliyik. Çünki inkişafın əsas hərəkətverici qüvvəsi elə insan kapitalıdır.

Ruhiyyə Rəsulova

Naxçıvan televiziyasının baş redaktoru

Həmçinin oxuyun

“Baboşlar efirə çıxarılır, kişi kişiylə evlənir, çünki…” – Rasim Balayev

Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri, Xalq artisti Rasim Balayev  “TV Müsavat”-a müsahibə verib. AKİ sədri  ittifaq …

Bir cavab yazın