Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Cəmiyyət / Naxçıvanda Sosialist Əməyi Qəhrəmanı Bahar Talıbovanın 90 illik yubileyi qeyd olunub

Naxçıvanda Sosialist Əməyi Qəhrəmanı Bahar Talıbovanın 90 illik yubileyi qeyd olunub

Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsində Sosialist Əməyi Qəhrəmanı Bahar Talıbovanın 90 illik yubileyi münasibətilə tədbir keçirilib.

Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Ramilə Seyidova bildirib ki, xalqına, millətinə xidmət etməyi özünə həyat amalı seçən ictimai xadim və əmək qəhrəmanı Bahar Talıbova 1927-ci il martın 17-də Şərur rayonunun Aşağı Aralıq kəndində dünyaya göz açıb. 1943-cü ildə Zəhmət kolxozunda fəaliyyət göstərib, 1951-ci ildən isə Mehdi Hüseynzadə adına kolxozda manqa başçısı işləyib. Halal əməyi ömrünün mahiyyətinə çevirməyi bacaran Bahar Talıbova işlədiyi dövrdə öz bacarığı, işgüzarlığı ilə seçilib, gərgin zəhmətlə, fədakar əməklə qısa müddətdə qabaqcıl təsərrüfatçı kimi tanınıb. Əbəs yerə deyil ki, hələ 16 yaşında ikən, 1943-cü ildə adına ilk əmək kitabçası yazılıb, az sonra ilk dövlət təltifi olan “Rəşadətli əməyinə görə” medalına layiq görülüb. 1959-cu ildə isə “Naxçıvan MSSR-nin pambıq ustası” adını alıb. Bir il sonra, SSRİ Ali Soveti Rəyasət Heyətinin fərmanı ilə Bahar Talıbovaya SSRİ-də ən yüksək ad olan Sosialist Əməyi Qəhrəmanı adı verilib, “Lenin” ordeni və “Oraq və çəkic” qızıl medalı ilə təltif olunub.

Qeyd olunub ki, Bahar xanım Talıbova Naxçıvan Muxtar Respublikasında 33 yaşında bu yüksək ada layiq görülən birinci qadın idi. Sonrakı dövrdə onun əmək uğurları yeni təltiflərlə qeyd olunub, 1964-cü ildə “Azərbaycan SSRİ-nin əməkdar pambıqçısı” fəxri adı, 1966-cı ildə isə “Qırmızı əmək bayrağı” ordeni ilə təltif edilib. Bahar Talıbovanı başqalarından fərqləndirən ən yüksək məziyyət özünəməxsus təşkilatçılıq qabiliyyəti və hər bir manqa üzvünün qüvvəsinin həlli vacib olan məsələlərə səfərbər etmək bacarığı idi.

“Bahar Talıbovanın ictimai fəaliyyəti təkcə çalışdığı kolxozda məhdudlaşmırdı”,-deyən Ramilə Seyidova bildirib ki, o, həm də rayon Qadınlar Şurasının sədri kimi fəaliyyət göstərir, Şərur rayon partiya komitəsinin, Naxçıvan Vilayət Partiya Təşkilatının konfrsanlarında, Azərbaycan Kommunist Partiyasının qurultaylarında nümayəndə kimi iştirak edirdi. 1971-ci ildə Bahar Talıbovanın əməyi dövlət tərəfindən yenidən qiymətləndirilib və o, “Oktyabr inqilabı” ordeni ilə təltif olunub. Uğurlarla dolu bu ömrə 16 il SSRİ Ali Sovetinin, 12 il Naxçıvan MSSRİ Ali Sovetinin deputatı olmaq yazısı da yazılıb.

Deputat kimi fəaliyyət göstərdiyi dövrdə onun təşəbbüsü ilə Şərur rayonunda neçə-neçə məişət xidmət obyektləri, xəstəxanalar, təhsil ocaqları tikilib istifadəyə verilib.

Azərbaycan qadınına xas olan bütün cəhətləri özündə birləşdirən Bahar Talıbovanın həyat yolunu göz önünə gətirdikcə onun nəcib, xeyirxah insan olduğunu, xalqını, vətənini dərin məhəbbətlə sevdiyini görürük. Bahar xanımın əldə etdiyi bütün uğurların təməlində torpaq sevgisi, torpağa bağlılıq, zəhmətə qatlaşmaq dayanır. Əmək qəhrəmanı Bahar Talıbovanın fəaliyyəti Azərbaycanın müstəqillik illərində də yüksək qiymətləndirilib. Ümummilli liderimiz Heydər Əliyevin 2002-ci il 2 oktyabr tarixli sərəncamı ilə Prezident təqaüdünə layiq görülüb.

Sosialist Əməyi Qəhrəmanı Həvayət Qurbanova, Şərur rayon Birləşmiş Həmkarlar İttifaqı Komitəsinin sədri Ünbülbəni Musayeva çıxışlarında bildiriblər ki, Bahar xanımın sağlam vətəndaş mövqeyi, ləyaqətli ömür yolu bugünkü və gələcək nəsillər üçün böyük tərbiyə və təsir gücünə malikdir. Onun istiqamət verdiyi, yol göstərdiyi insanların müstəqil ölkəmiz, Vətənimiz qarşısındakı xidmətlərini heç nə ilə müqayisə etmək olmaz. Bu məğrur və fədakar insan doğma vətəni qarşısındakı xidmətləri ilə onu tanıyanların qəlbində özünə əbədi yer tutub.

Sonra Naxçıvan Muxtar Respublikası Yazıçılar Birliyinin sədri Asim Yadigar və Naxçıvan Dövlət Universitetinin tələbəsi Röya İsmayılova “Bahar” poemasından bir hissəni bədii qiraət ediblər.

Sonda Sosialist Əməyi Qəhrəmanı Bahar Talıbovanın həyat və fəaliyyətini əks etdirən Naxçıvan televiziyasının “Qayğı dolu ömür yolu” filmi nümayiş olunub. “Naxcivantv.az”

Həmçinin oxuyun

“Videomu paylaşıblar, məni biabır etmək istəyirlər?” – Cahangir Əsgərov DANIŞDI

“Mən artıq təqaüdə çıxmışam. Hazırda pensiya alıram”. Bunu “Unikal”a açıqlamasında “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) …

Bir cavab yazın