Cümə axşamı , Aprel 18 2024
Ana səhifə / Cəbhə Xəbərləri / NAXÇIVANDA ÇİLLƏ MƏRASİMİ – ƏPOŞ VƏLİYEV

NAXÇIVANDA ÇİLLƏ MƏRASİMİ – ƏPOŞ VƏLİYEV

Naxçıvanın qışı çox soyuq, qarlı-boranlı, gecələri ayazlı olur. Ona görə də bu qədim diyarda qış fəslinə ehtiyat ərzaq, azuqə hazırlığı hələ yaydan, payızdan başlayar. Hər bir ailə qışa çatacaq qədər bütün azuqələri alar. Bağlardan yetişmiş meyvələr və tumları təmizlənib qurudular, onlardan xüsusi meyvə şirələri, kompotlar, mürəbbələr bişirilər. Bostan-tərəvəz məhsullarından və meyvələrdən hazırlanmış qax (meyvələrin ehtiyat ərzaq məhsulu kimi tədarükünün ən münasib yolu onların qurudulması idi və xalq arasında meyvələrin qurudulmuşu “qax” adlanır), qoz, fındıq, badam, kişmiş, innab, yemişan, alça qurusu, ərik tumları, dənli bitkilər, maldarlıq məhsulları, doşab, tutmalar, şorabalar, müalicəvi otlar xüsusi kisələrə yığılaraq, qışa tədarük görülən əsas qida məhsullarıdır. Qatıqdan qurut, pendiri isə ovub motal pendiri hazırlayarlar. Alça qaynadılar, onun şirəsini çıxardıb, lavaşa düzəldərlər. Qonşular bir-birinə kömək edərək, üç ay qışı görsün deyə, bir neçə kisə undan əsas azuqə olan lavaş bişirərlər. Qışda xəmir xörəklərinə çox üstünlük verildiyi uçün əriştə də kəsərlər. Mal-qaradan kəsib qovurma hazırlayarlar. Onu da qeyd edim ki, bu azuqələr yüksək dərəcədə soyuqdan və xəstəliklərdən qoruyucu xüsusiyyətə malikdir.
Dekabrın iyirmi biri qış fəslinin ilk günü olan ilk çillənin başlandığı gün yəni, Böyük çillə gecəsi Naxçıvan MR-da xüsusilə təmtəraqlı qeyd edilir. Bu bayrama hələ bir neçə gün əvvəldən hazırlıq görülür. Azuqələr, meyvələr, çərəzlər, meyvə şirələri zirzəmilərdən, saxlanclardan çıxardılar, təmizlənib hazırlanar. Qədim türklərin inanclarına görə bayramın əsas ideyası işığın qaranlıq üzərində simvolik qələbəsidir. Qədim inanclara görə, həmin gecə xeyirlə (Axura Mazda) ilə şər (Əhrimən) güclü mübarizə aparır. Həmin gün çoxlu qar yağarsa, sonrakı fəsillərdə məhsulun bol olacağını düşünərlər. İnanclaraa görə, bahar öz barını-bərəkətini qışdan alır. Qış nə qədər qarlı olarsa, bahar da bir o qədər bol-bərəkətli, məhsullu olar.

Naxçıvanda insanlar Çillə axşamı qarpız kəsmək kimi dədə-baba adət-ənənəsinə bu gün də sadiq qalırlar. Çillə axşamı ailə üzvləri, qohum-əqraba bir yerə yığışar və ilin ən uzun gecəsini süfrəyə düzülmüş çoxlu meyvə, şirniyyat, quru meyvələr, çərəzlər, meyvə şirələri və əsasən də xəmirdən hazırlanmış xörəklərlə qeyd edirlər. Bu gecənin ən əhəmiyyətli atributlarından biri də qarpızdır. Hər bir ailə həmin gecə mütləq bir qarpız kəsməyə çalışar. Bu qarpızı isə hələ bir neçə ay əvvəldən, qarpız mövsümünün sonlarından xüsusilə çillə üçün saxlayırlar. Çillə qarpızı xüsusi növ qarpızdır, qabığı qalın olduğu üçün soyuğa davamlı olur və uzun müddət saxlamaq olur. Onu tayalarda samanın içərisində və ya zirzəmilərdə saxlayırlar. Çillə axşamı süfrəyə ən sonda qarpız gətirilir və ailənin ağsaqqalı, böyüyü tərəfindən kəsilərək dilimlənir və paylanılır. Əgər çillə üçün bir neçə qarpız saxlanılıbsa, onda onları kəsilib pay göndərilirdi. Bu ona görə belə edilirdi ki, ola bilsin qohum-əqrabadan, qonşulardan kiminsə çillə qarpızı almağa imkanı çatmasın. Bu adət həm də qohum-əqraba, qonşular arasında mehribanlığı, qohumluq bağlarının möhkəmliyini də göstərirdi.

 

c

Naxçıvanda Çillə bayramı günü nişanlı qızların, təzə gəlinlərin Çillə bayramına da gedirlər. Aparılan xonçalar içərisində çillə qarpızı xüsusi yer tutur. Qarpız xonçasına dəstəyinə qırmızı lent bağlanmış bir bıçaq da qoyulur. Qarpız oğlan evindən aparılan həmin bıçaqla kəsilir və sonra bıçaq oğlan evinə qaytarılır. Yeni ailə quran gənclərə isə qızın valideynləri tərəfindən qarpız pay göndərilir.
Naxçıvanda Çillə axşamı “niyyətetmə” də icra edilir. Belə ki, Çillə qarpızının baş tərəfi kəsilərək dörd yerə bölünür. Niyyəti tutan şəxs qarpızın kəsilən həmin dörd tikəsini başının üstündən arxaya atır. Əgər ikisi ağ və ikisi də yaşıl olarsa, demək ki, niyyət qəbul ediləcək. Yox əgər hamısı yaşıl və ya üçü yaşıl biri ağ, ya da üçü ağ biri yaşıl olarsa hesab olunur ki, niyyət baş tutmayacaq. Çillə qarpızının içinin tünd qırmızı və ya ağlı qırmızılı olması da qışın sərt və ya mülayim keçəcəyinə yozular. Çillə qarpızının tumlarını toxumluq götürərlər və inanca görə bu tumlardan gələcək il bol məhsul alınar. Qarpızın qabıqlarından isə mürəbbə bişirilər.
Sonda qeyd edim ki, milli-mənəvi dəyərlərimizin, eləcə də xalqımızın qədim mərasimlərinin, bayramlarının, adət-ənənələrinin mühafizə edilməsi, qorunub saxlanılması və gələcək nəsillərə ötürülməsi vacibdir. Çünki milli adət-ənənələr və qədim mərasimlər hər bir xalqın milli mənəviyyatının zənginliyindən, həmin xalqın tarixinin qədimliyindən xəbər verir.

AMEA Folklor İnstitutu, “Folklor və yazılı ədəbiyyat şöbəsi”nin böyük elmi işçisi, Filologiya üzrə fəlsəfə doktoru Əpoş İslam oğlu Vəliyev.

AZİNFORUM.AZ

Həmçinin oxuyun

Çovdarovların “Vosmoy bazarı”na dair iddiası təmin olunmadı

Ali Məhkəmədə ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) sabiq generalı Akif Çovdarovun cinayət işi üzrə …

Bir cavab yazın