Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Cəmiyyət / Naxçıvanda əhaliyə göstərilən səyyari xidmət daşınmaz əmlakın qeydiyyatını sadələşdirib

Naxçıvanda əhaliyə göstərilən səyyari xidmət daşınmaz əmlakın qeydiyyatını sadələşdirib

Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsi tərəfindən muxtar respublikanın müxtəlif bölgələrində əhaliyə səyyari xidmət göstərilir. Səyyari xidmət zamanı vətəndaşlara daşınmaz əmlak üzərində əvvəllər yaranmış hüquqlarla bağlı verilmiş mülkiyyət sənədlərinin – torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamələrin, dövlət aktlarının, qeydiyyat vəsiqələrinin daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla əvəz edilməsi və digər xidmətlər göstərilir.

Vətəndaşların ərizələri yaşadıqları ərazidə qəbul olunaraq məlumat bazası ilə dəqiqləşdirilir. Qəbul edilmiş sənədlər komitənin rayon qurumları tərəfindən elektron sistemə daxil edilir, texniki sənədlər hazırlanır. Mülkiyyət obyektləri daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınır, çıxarışlar hazırlanır və qısa müddət ərzində yerlərdə vətəndaşlara çatdırılır.

Komitədən “Şərq qapısı” qəzetinə verilən məlumata görə, 2015-ci ildə səyyari xidmət vasitəsilə muxtar respublikanın 85 yaşayış məntəqəsindən 1502 müraciət qəbul edilib. Cari ildə də bu istiqamətdə işlər uğurla davam etdirilir. Noyabrın 10-da komitənin səyyari briqadası Şərur rayonunun Çərçiboğan kəndində olub və burada əhaliyə xidmət göstərib.

Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsinin əməkdaşı Ruslan Rüstəmov bildirib ki, xidmət göstəriləcək ünvanlarda 5 gün əvvəl elanların vurulması təmin edilir və sakinlər arasında maarifləndirmə işləri aparılır.

Səyyari xidmət Çərçiboğan kəndinin mərkəzində təşkil olunub.

Ahıl və sağlamlıq imkanları məhdud olan vətəndaşların müraciətlərinə yaşadığı ünvanda, elə yerindəcə baxılıb, həmin şəxsə məxsus torpaq sahəsinin şəhadətnaməsi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışla əvəzlənib.

Günün sonuna qədər 28 nəfər kənd sakininə səyyari xidmət göstərilib.

Əhaliyə səyyari xidmətlərin göstərilməsi muxtar respublikada daşınmaz əmlak bazarının aktivləşməsinə, daşınmaz əmlakın iqtisadi proseslərə cəlb olunmasına böyük təkan verir. Bundan başqa, səyyari xidmətin təşkili yerlərdə vətəndaşların müraciətlərini operativ şəkildə cavablandırmağa, vaxta qənaət etməyə, sənədləşmə işlərinin yerində və qısa zamanda həll edilməsinə imkan yaradıb.

Qeyd edək ki, analoji tədbir dünən Naxçıvan şəhərinin Qaraxanbəyli kəndində də keçirilib. Gün ərzində 12 nəfər kənd sakini səyyari xidmətdən yararlanıb.

Həmçinin oxuyun

“Videomu paylaşıblar, məni biabır etmək istəyirlər?” – Cahangir Əsgərov DANIŞDI

“Mən artıq təqaüdə çıxmışam. Hazırda pensiya alıram”. Bunu “Unikal”a açıqlamasında “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) …

Bir cavab yazın