Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Cəmiyyət / Naxçıvan xalçaçılığına həsr olunmuş fundamental əsər…

Naxçıvan xalçaçılığına həsr olunmuş fundamental əsər…

Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, akademik İsa Həbibbəylinin və “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin sədri, tarix üzrə fəlsəfə doktoru, professor Vidadi Muradovun həmmüəllifliyi ilə “Naxçıvan xalçaçılığı: ənənə və müasirlik” adlı kitab işıq üzü görüb. AMEA Rəyasət Heyətinin qərarı ilə çap olunan kitabın elmi redaktoru Milli Azərbaycan Tarixi Muzeyinin direktoru, akademik Nailə Vəlixanlıdır. Kitab “Azərbaycan xalçaları bütün qrupları ilə” adlı elmi-fundamental layihə çərçivəsində Azərbaycan, ingilis və rus dillərində çap edilib. Yeni nəşrdə Naxçıvan diyarının tarixi inkişafı, boyaqçılıq və xalçaçılıq ənənələri, xalçaçıları və xalçaları haqqında məlumat verilib, fotoşəkillər təqdim olunub. Kitab hazırlanarkən 2013-2017-ci illərdə Naxçıvan Muxtar Respublikasının Şərur, Babək, Ordubad, Culfa, Kəngərli və Şahbuz rayonlarında aparılmış etnoqrafik tədqiqatlar zamanı əldə olunmuş materiallardan, o cümlədən Naxçıvan Dövlət Xalça Muzeyinin fondunda saxlanılan xalça və xalça məmulatlarının fotoşəkillərindən istifadə edilib.
Kitabın birinci bölməsi “İlkin sivilizasiyadan müasir intibaha” adlanır. Bu bölmədə Naxçıvan diyarı Şərqin ən qədim və çox zəngin inzibati-mədəni mərkəzlərindən biri kimi təqdim olunub. Son dövrlərdə aparılan tədqiqatlardan, Dünya tufanı hadisəsindən də bəhs olunan bu bölmədə Nuh Peyğəmbərin əfsanəvi gəmisinin Naxçıvan ərazisindəki “Gəmiqaya” adlanan dağlıq ərazidə torpağa enməsindən söhbət açılıb. Müəlliflər Gəmiqaya haqqında geniş məlumat verərək bildiriblər ki, burada qədim insanların əkinçilik və maldarlıq kimi təsərrüfat sahələrini əks etdirən qayaüstü rəsmlərin çoxluğu ibtidai insanların ilkin məşğuliyyətləri ilə əlaqədar təsəvvürləri aydınlaşdırmağa kömək edir. Son zamanlarda Gəmiqayada yallı rəqsini əks etdirən təsvirlərin qeydə alınması Naxçıvan ərazisində yaşayan əhalinin qədim tarixə malik mədəniyyətindən xəbər verir. Bu bölmədə Naxçıvan şəhərinin yaranmasının Nuh Peyğəmbərin adı ilə bağlı olduğu, Naxçıvanın ilkin şəhər mədəniyyəti barədə də faktlara söykənən qiymətli məlumatlar vardır.
“Naxçıvanın siyasi və sosial-iqtisadi inkişaf tarixi” adlı bölmədə müəlliflər bu qədim diyarın Azərbaycanın dövlətçilik tarixindəki yerindən ətraflı bəhs ediblər. Qədim dövrlərdən başlayaraq Naxçıvanın sosial-iqtisadi həyatının təhlil olunduğu bölmədə muxtar respublikanın son dövrlər qazandığı uğurlar barədə də geniş məlumat verilib.
Kitabın üçüncü bölməsi “Boyaqçılıq” adlanır. Müəlliflər yazır: “Naxçıvanda geniş yayılmış sənət sahələrindən biri də boyaqçılıq idi. Minilliklər ərzində bölgədə bir tərəfdən parça toxuculuğunun, xalçaçılığın və gön-dəri məmulatı istehsalının inkişafı, digər tərəfdən isə boyaq bitkiləri və maddələrinin zənginliyi bu sənətin inkişafı üçün əlverişli şərait yaradırdı. Azərbaycanda çox qədim tarixə malik olan boyaqçılıq sənəti Naxçıvan diyarında da əsrlər boyu nəsildən-nəslə keçərək təkmilləşmiş, 18-19-cu əsrin əvvəllərində özünün yüksək inkişaf səviyyəsinə çatmışdı”. Bölmədə Naxçıvanda boyaqçılıq sənətinin inkişafı barədə məlumat verən mənbələrdən, bölgədə yaradılmış boyaqxanalardan ətraflı bəhs olunub.
Kitabın “Xalçaçılıq” bölməsi zəngin məlumatlarla diqqəti cəlb edir. Qeyd olunub ki, “Kültəpə” adlı qədim yaşayış yerində aparılan arxeoloji qazıntılar nəticəsində Neolit və Eneolit dövrlərinə aid iy və cəhrənin, Tunc dövrünə aid sadə toxuculuq dəzgahının tapılması Naxçıvan diyarında yaşayan əhalinin toxuculuqla hələ ibtidai icma quruluşunun son dövrlərində məşğul olmasını sübut edir. Erkən orta əsrlər dövründən müstəqil fəaliyyət sahəsinə çevrilən xalçaçılıq sonrakı dövrlərdə qadınların əsas məşğuliyyət sahələrindən birinə çevrilib. Heç də təsadüfi deyil ki, 10-13-cü əsrlərə aid mənbələr Azərbaycanın bir çox bölgələri ilə yanaşı, Naxçıvanı da əsas xalçaçılıq mərkəzi kimi xarakterizə edir.
Bu bölmədə Naxçıvanda xalçaçılığın inkişaf tarixi barədə zəngin tarixi faktlarla, Naxçıvanın xalça növləri ilə tanış oluruq.
Yeni nəşrin “Xalçaçılar” bölməsində Naxçıvanın müxtəlif bölgələrində yaşamış və yaşayan xalçaçılar haqqında məlumatlar vardır. Xalçaçıların fotoşəkillərinin də verildiyi bu kitab onlar haqqında zəngin məlumat mənbəyidir.
Kitabın “Xalça və xalça məmulatları” adlı bölməsində oxucular muxtar respublikanın ayrı-ayrı bölgələrində toxunan xalçalar haqqında məlumatlarla və onların fotoşəkilləri ilə tanış ola bilərlər.
Bu kitab Naxçıvan xalçaçılığına həsr olunmuş fundamental əsərdir. Kitab Azərbaycan tarixi məsələləri, xalçaçılıq sənəti ilə məşğul olan mütəxəssislər, tələbələr, xalça həvəskarları, həmçinin geniş oxucu kütləsi üçün nəzərdə tutulub.
Qeyd edək ki, kitab ərəb dilində də ayrıca nəşr kimi çap olunub.(cahanpress)

Həmçinin oxuyun

İrana gedən azərbaycanlıların sayı 42% artıb – Rəsmi

Bu ilin ilk 3 ayı ərzində İrana 40,6 min Azərbaycan vətəndaşı səfər edib.Yeniavaz.com-un açıqlanan rəsmi …